Polis xəsarət alan şəxsin xəstəxanaya yerləşdirildiyini deyir
Sentyarın 24-də gecə saat 3-4 radələrində Daxili İşlər Nazirliyinin (DİN) paytaxtda əməliyyat keçirdiyi bildirilir.
Bu barədə nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb qaçan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər saxlanılıblar:
“Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin olduğu dövlət qeydiyyat nişanı 77-XS-413 “Toyota Prius” markalı avtomobilə polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Polisin qanuni tələblərinə məhəl qoymaraq hərəkətini davam etdirən avtomobil Nəsimi rayonu ərazisində maneəyə dəyərək dayanıb, nəqliyyat vasitəsində olan şübhəli şəxslər polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd ediblər”.
“Polis əməkdaşları xidməti tabel silahı ilə xəbərdarlıq atəşi açılmaqla, əvvəllər məhkum olunmuş – 1991-ci il təvəllüdlü Bəxtiyar İsmayılovu, 1980-ci il təvəllüdlü Əjdər Əjdərovu saxlayıblar. Ayağından xəsarət alan Ə.Əjdərov xəstəxanaya yerləşdirilib”, – deyə DİN əlavə edib.
İddia olunur ki, avtomaşında satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan heroin, psixotrop maddə olan metamfetamin, güclü təsiredici dərman preparatları aşkarlanıb.
DİN Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıldığını bildirib.
Meydan TV saxlanılanların yaxınları ilə əlaqə saxlaya bilməyib.