Avropa Parlamenti Aİ ölkələrini Ukraynaya qoyulan hərbi məhdudiyyətləri ləğv etməyə çağırıb

Avropa Parlamenti. Foto: shutterstock\Hadrian

Deputatlar deyirlər ki, məhdudiyyətlər qaldırılmasa, Kiyev özünümüdafiə hüququndan yararlana bilməz

Avropa Parlamenti Avropa İttifaqının (Aİ) üzv dövlətlərini Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə məhdudiyyətləri aradan qaldırmağı tələb ediblər.

Bu barədə Avropa Parlamentinin sentyabrın 19-da qəbul etdiyi qətnamədə deyilir.

425 deputatın lehinə, 131 nəfərin əleyhinə, 63 nəfərin isə bitərəf qalması ilə qəbul edilən qətnamədə qeyd olunur ki, Ukrayna mövcud məhdudiyyətləri aradan qaldırmadan özünümüdafiə hüququnu tam reallaşdıra bilməz.

Avropa deputatları Ukraynaya kifayət qədər sursat tədarükü və onların istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının vacibliyini vurğulayıblar.

Onlar Aİ ölkələrindən Ukraynaya ikitərəfli hərbi yardımın həcminin azalmasından təəssüfləniblər:

Avropa Parlamentinin üzvləri üzv dövlətləri 2023-cü ilin mart ayına qədər Ukraynaya bir milyon döyüş sursatı tədarük etmək öhdəliyini yerinə yetirməyə və “Taurus” raketləri də daxil olmaqla, silah, hava hücumundan müdafiə sistemləri və döyüş sursatlarının tədarükünü sürətləndirməyə çağırışı bir daha təkrarlayırıq”.

Qətnamə müəllifləri Aİ-yə üzv dövlətləri Belarus və Rusiyanı silah və hərbi texnika ilə təmin edən ölkələrə qarşı sanksiyaları gücləndirməyi və genişləndirməyə çağırır.

Avropa Parlamentinin deputatları İranın bu yaxınlarda Rusiyaya ballistik raketlər təhvil verməsini pisləyib və Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləyən rola görə Tehran və Şimali Koreyaya qarşı sanksiyaların artırılmasını istəyiblər.

Sənəddə Çini təmsil edən daha çox iş adamının adının Avropa İttifaqının sanksiya siyahısına daxil edilməsi, eləcə də ittifaqa üzv olmayan ölkələrin Rusiya ilə əməkdaşlıq edən şirkətlərinə qarşı sərt tədbirlərin görülməsi də yer alıb.

Ukraynaya mümkün olan ən geniş beynəlxalq dəstəyə nail olmaq və müharibənin sülh yolu ilə həllini müəyyən etmək üçün fəal işləməyə çağıran Avropa Parlamentinin deputatları qeyd edirlər ki, istənilən həll yolu müstəqillik, suverenlik və ərazi bütövlüyünə tam hörmət əsasında olmalıdır:

“Bu sırada Rusiyanın hərbi cinayətlərinə görə cavabdehliyi və Moskvadan təzminat, digər ödənişlər istənilən həllin vacib aspektləridir. Ona görə də avropalı deputatlar Ukraynaya böyük itkilərə görə kompensasiya etmək səylərinin bir hissəsi olaraq Aİ tərəfindən dondurulmuş Rusiyanın dövlət aktivlərinin müsadirəsi üçün sərt hüquqi rejim yaratmasını istəyirlər”.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq üzv dövlətlər arasında Ukraynanın Rusiya ərazisinə uzun mənzilli zərbələr endirməsi ilə bağlı müzakirələri şərh edərkən vurğulamışdı ki, hər bir müttəfiq ayrı-ayrılıqda müvafiq qərar qəbul etməlidir. Eyni zamanda, o, Putinin bu cür zərbələrə icazə verilməsinin Rusiyanı NATO ilə “müharibə vəziyyətinə salacaq qırmızı xətt” olacağı barədə xəbərdarlığına şübhə ilə yanaşırdı.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa əmindir ki, Rusiya lideri Vladimir Putinin təhdidlərinə baxmayaraq, müttəfiqlər Kiyevə dəstəyini gücləndirməlidirlər.

Müharibənin xronikası

2022-ci ildə Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Ana səhifəDünyaAvropa Parlamenti Aİ ölkələrini Ukraynaya qoyulan hərbi məhdudiyyətləri ləğv etməyə çağırıb