Gürcüstanda “Xarici agentlər haqqında” qanuna etiraz edən fəala hökm oxunub

Georgiy Şanidze. Foto: Şəxsi “Facebook” hesabı

“Düşünürəm ki, mən ölkəm üçün lazım olanı etdim”

Tbilisi Şəhər Məhkəməsi “xarici agentlərə qarşı” qanuna etiraz edən Georgiy Şanidzeni 4 il müddətinə azadlıqdan məhrum edib.

Şanidze mayın 9-da mitinq zamanı Gürcüstan parlamentinin yaxınlığındakı müşahidə kamerasını zədələməkdə ittiham edilərək həbs edilib. Daha sonra ona əlavə ittiham irəli sürülüb.

“OC Media” yazır ki, Şanidze müşahidə kamerasını zədələdiyinə görə ilyarım, tərkibində narkotik maddələr olan bitki yetişdirdiyinə görə isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Lakin cəzalar birləşdirilərək, ümumi dörd il verilib.

Hökm elan olunmazdan əvvəl Şanidze məhkəmədə özünü cinayətkar hesab etmədiyini və işinin siyasi xarakterli olduğunu deyib:

“Düşünürəm ki, mən ölkəm üçün lazım olanı etdim və buna görə ittiham olunduğum bu “cinayəti” törətdim, prokurorun dediyi kimi kameraya zərər vermək istədiyim üçün deyil”.

Hakim “Gürcü Arzusu” Partiyası ictimaiyyətin qəzəbinə görə uğursuzluğa düçar olan qanun layihəsini aprelin 3-də yenidən gündəmə gətirdi və bundan sonra Gürcüstanda təkrar etirazlar başladı.

Yüz minlərlə insanın iştirak etdiyi aksiyalarda hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qaz, bibər qazı, fiziki gücdən istifadə etdi, həbslər oldu. Etirazlarda saxlanılan onlarla insandan bəziləri hələ də istintaq təcridxanasındadır.

Ölkə daxilində və xaricdə geniş tənqidlərə baxmayaraq, “Gürcü Arzusu” mayın 14-də ABŞ və Avropa İttifaqının sanksiyalarına səbəb olan “Xarici agentlər haqqında” qanunu qəbul etdi.
Yerli mediaya görə, 35 yaşlı Şanidze Rusiyanın genişmiqyaslı işğalından sonra səkkiz ay Ukraynada döyüşüb, Ukrayna silahlı qüvvələrinə pilotsuz təyyarə operatoru kimi kömək edib.

Şanidze Gürcüstana qayıdıb və bir il əvvəl reklam sahəsində işləməyə başlayıb.

Xarici agentlərlə bağlı qanuna etiraz edənləri əvvəllər həm cərimə, həm də həbs cəzası gözləyirdi.

22 yaşlı Lazar Qriqoriadis 2024-cü ilin aprelində 9 il müddətinə azadlıqdan məhrum edilib. O, 2023-cü ildə Gürcüstanın xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən etiraz aksiyaları zamanı yandırma və polis məmuruna hücum etməkdə təqsirli bilinib. Prezident Salome Zurabişvili daha sonra Qriqoriadisi əfv edib və o, aprelin 24-də həbsdən azad olunub.

2024-cü il etirazlarının bir çox iştirakçısı da cərimə olunub.

Gürcüstanın “Xarici agentlər haqqında” qanunu maliyyəsinin ən azı 20%-ni Gürcüstandan kənardan alan istənilən vətəndaş cəmiyyəti və ya media təşkilatını “xarici gücün maraqlarını təşviq edən təşkilatlar” kimi müəyyən edir. Belə təşkilatlar hər altı aydan bir Ədliyyə Departamenti tərəfindən “monitorinq”ə məruz qalır, bura onların daxili kommunikasiyaları və sənədləri, habelə məxfi mənbələri təhvil verməyə məcbur etmək daxil ola bilər. Tələblərə əməl etməyən təşkilatlar və şəxslər ağır cərimələrə məruz qalacaq.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərGürcüstanda “Xarici agentlər haqqında” qanuna etiraz edən fəala hökm oxunub