Tələbələr AZAL-ın güzəştli tariflərindən narazıdır

Foto: AZAL

“Endirimsiz biletlə güzəştli bilet arasında çox az fərq var”

Azərbaycan Hava Yolları (AZAL) ötən ilin sentyabrından Türkiyədə ali təhsil alan Azərbaycan vətəndaşları üçün xüsusi güzəştli tariflər təklif edir. Endirimlər aviaşirkətin Bakıdan Türkiyə şəhərlərinə və əks istiqamətə yerinə yetirilən reyslərə şamil olunur. Tələbələr deyirlər ki, biletlər ötən il nisbətən ucuz qiymətlə təklif olunsa da, bir neçə ay sonra qiymət arasındaki fərq demək olar ki, minimuma endirilib.

Türkiyənin Ankara şəhərində təhsil alan Nuray İsmayılzadə bildirib ki, sentyabr ayı üçün bilet ala bilməyib. Təxminən iyulun sonundan biletlər kəskin bahalaşmağa başlayıb. Avqustun birinci yarısından sonra, xüsusilə aztəminatlı ailələr üçün qiymətlər əlçatmaz olub.

AZAL-ın “Economy” tarifi mənim Ankarada tutduğum evin bir aylıq kirayəsi qədərdir. Guya tələbə endirimi veriblər, endirimlə təxminən 230 manat biletə pul ödəmişəm. Endirimsiz biletlə güzəştli bilet arasında çox az fərq var”,– tələbə bildirib.

İstanbulda təhsil alan Əvəz Məmmədli isə deyib ki, tələbə endirimləri formal xarakter daşıyır. Dərs ilinin başa çatması və ya başlaması ərəfəsində qiymətlər artırılır. Halbuki tələbəyə ildə iki dəfə təklif olunan güzəştli tarif stabil saxlanıla bilər.

Bakı-İstanbul reysindən sentyabrın 29-da güzəştli gediş qiyməti 299 manat 62 qəpikdir. Digər sərnişinlər üçün isə bilet 341 manatdan başlayır. Qiymət yalnız oktyabrın 3-dən başlayaraq nisbətən enir.

“Tələbələrin geri qayıtdığı ərəfədə bu cür qiymətlər ucuz sayıla bilməz. Elə vaxt olub ki, güzəştli qiymətlərlə 90 dollara bilet ala bilmişik. Doğrudur, Gürcüstan və ya digər ölkələrin tarifləri ilə müqayisədə 90 dollar da bahadır. Ümumiyyətlə, AZAL-ın endirimlə təklif etdiyi bütün reyslərə biletlər elə sürətlə bitir ki, alana qədər yoxa çıxır”,- İzmirdə təhsil alan Nigar Abbasova deyib.

Türkiyədə tələbələrin daha çox təhsil aldığı şəhərlərdən biri İzmirdir. Bu şəhərə güzəştli biletin qiyməti sentyabrın 29-u üçün 282 manat 66 qəpik təşkil edir. Oktyabrın ilk günləri üçün bilet yoxdur. Digər kateqoriyadan olan sərnişinlər isə sentyabrın 29-u 318 manat 47 qəpik ödəməklə İzmirə gedə bilərlər. Sentyabrın 30-da tələbələr üçün güzəştli bilet olmasa da, digər sərnişinlər birtərəfli gediş üçün Bakı-İzmir reysinə 868 manat 98 qəpik ödəməklə bilet əldə edə bilərlər.

AZAL-ın tələbələr üçün təklif etdiyi endirimlərdən yararlanmaq üçün Türkiyədə yaşayış icazəsini təqdim etmək lazımdır. Gediş tarixindən ən gec 14 gün əvvəl müraciət edilməlidir.
Meydan TV-nin tələbələr üçün təklif olunan endirimlərlə bağlı suallarına AZAL-dan cavab verilməyib. Şirkətdən bildiriblər ki, bununla bağlı açıqlama vermək istəmirlər.

Ana səhifəSosialTələbələr AZAL-ın güzəştli tariflərindən narazıdır