“Neftlə zəngin ölkələr BMT-nin iqlim sazişi üzrə irəliləyişi yavaşlatmağa səy göstərir”

Neft və ekologiya. Foto: DimaBerlin/shutterstock

“The Financial Times” COP29-la bağlı məqalə dərc edib

Avropa İttifaqına üzv ölkələr COP29 iqlim konfransının keçiriləcəyi Azərbaycana mədən yanacağından istifadəyə son verməyi prioritet sayması üçün təzyiq göstərir.

Bu barədə Britaniyada çıxan “The Financial Times” nəşri yazıb. Məqalədə qeyd olunur ki, neftlə zəngin ölkələr BMT-nin mühüm iqlim sazişində irəliləyişi yavaşlatmaq üçün birgə səy göstərirlər.

Beş Qərb ölkəsi təmsilçiləri qəzetə deyib ki, onlar Azərbaycana bu yöndə təzyiq göstərirlər, neft ölkələri və müttəfiqlərinin dirənişini qırmaq istəyirlər.

Ötən ilin dekabrında Dubayda keçirilən COP28 tədbirində 200-ə yaxın ölkə 2050-ci ilə qədər enerji sistemlərindən qalıq yanacaqlarını ləğv etmək və 2030-cu ilə qədər bərpa olunan enerji tutumunu üç dəfə, enerji səmərəliliyini ikiqat artırmaq barədə razılığa gəlib.

Məqalədə yazılıb ki, hazırda Səudiyyə Ərəbistanı, Rusiya və Boliviya da daxil olmaqla, bir neçə ölkə irəliləyişə mane olmağa çalışır. “İqtisadi cəhətdən böyük ölçüdə neft və qaz ixracına arxalanan Azərbaycan neft və qazdan uzaqlaşmaq istəmir”, – məqalədə qeyd olunub.

Böyük bir Qərb ölkəsindən olan bir müzakirəçi, qalıq yanacaq müqaviləsi ilə bağlı müzakirələrdə “bəzi ölkələrin açıq müqavimətinin” olduğunu söyləyib:

Biz Azərbaycana çox aydın şəkildə bildirməliyik ki, COP28-in qərarı da daxil olmaqla, təsirlərin yumşaldılması tədbirlərinin həyata keçirilməsi prosesi haqqında danışmasaq, bu COP uğurlu olmayacaq”.

Aİ rəsmisi bildirib ki, blok COP28 sazişində irəliləyişin olmaması ilə bağlı narahatlığını da Bakıya çatdırıb:

“Biz Azərbaycana təsdiq etdik ki, Dubay Konsensusu üzərində işləməyə davam edə bilməyimiz çox vacibdir və biz bunun söhbətin bir hissəsi olmasını təmin edəcəyik”.

Başqa bir Qərb ölkəsindən olan müzakirəçi əlavə edib:

“Hazırkı mərhələdə işlər son dərəcə qaranlıq görünür və G77-də [inkişaf etməkdə olan ölkələr qrupu] böyük emitentlərin təsirlərin yumşaldılması üzrə hər hansı əhəmiyyətli irəliləyişin qarşısını almaq üçün çətin maliyyə danışıqlarından istifadə edəcəkləri riski var”.

Məqalədə vurğulanır ki, noyabrda keçiriləcək COP29 konfransında ölkələr yeni qlobal iqlim maliyyəsi hədəfi üzərində razılığa gəlməlidirlər. Ölkələr bu məbləğin nə qədər olması, kimin ödəyəcəyi və strukturunun nə olması barədə müzakirələr aparır. Həftəsonu Afrika hökumətləri iqlimin maliyyələşdirilməsinə ildə 1 trilyon funt sterlinqdən çox vəsait ayırmağa çağırıblar. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, neft və təbii qaz Azərbaycanın ixrac gəlirlərinin təxminən 90 faizini təşkil edir və büdcəsinin təxminən 60 faizini maliyyələşdirir.

Məqalədə deyilir ki, bu ayın əvvəlində Bakının iqlim məsələləri üzrə aparıcı müzakirəçisi Yalçın Rəfiyev Azərbaycanda keçirilən görüşdə ölkələrin son danışıqları ilə bağlı yeddi səhifəlik nitq söyləyib, lakin qalıq yanacaq və ya bərpa olunan enerjidən birbaşa bəhs etməyib. Rəfiyev, qalıq yanacaqların yandırılmasını azaltmaqdan fərqli olaraq, mitiqasiyanın (atmosferə istixana qazlarının tullantılarının azaldılması) azaldılmasının vacibliyini vurğulayıb.

COP-da müşahidəçi qrupu olan “350.org”-un siyasət və kampaniyalar üzrə direktor müavini Andreas Siber bildirib ki, çıxışda qalıq yanacaqlar və ya bərpa olunan enerji haqqında hər hansı xüsusi qeydin olmaması “Azərbaycan rəhbərliyinin heyrətamiz məlumatsızlığını və üzrsüzlüyünü nümayiş etdirir”.

Ana səhifəSosial“Neftlə zəngin ölkələr BMT-nin iqlim sazişi üzrə irəliləyişi yavaşlatmağa səy göstərir”