Zərdüşt Əlizadə
Cəmiyyətimizin cinsi belədir, şam ağacında alma yetişməz
Ekklesiast deyib ki, dünyada heç vaxt heç yerdə heç nə yeni olmur, nəyi ki, desələr yenidir, diqqətlə baxıb görərik ki, bu, keçmiş zamanlarda olub.
Odur ki, indi Azərbaycanda tüğyan edən siyasi təqiblərə və həbslərə baxıb onları misilsiz sayan insanlara xatırlatmaq istərdim ki, bu təqib və həbslər əsla yeni deyil, sovet vaxtı müxtəlif vaxtlarda baş vermiş təqib və həbslərin sadəcə bu və ya digər tərzdə təkrarıdır.
Azərbaycan cəmiyyətinin, maşallah, göz dəyməsin, oxumaqla arası yoxdur. Bizim insan saz çalıb aşıq mahnısı oxuyar, tar çalıb muğam oxuyar, atılıb düşüb rəqs edər, di gəl ki, kitab oxumaz. Yəni, nadir istisnaları nəzərə almamaq olar. İndiki zəmanədə kitab oxuyan nadir insan Sabir zəmanəsində “qəzet almış Hacı Əhməd”ə bənzəyir. Odur ki, əhalimizin mütləq əksəriyyəti sovet dövrünün təqib və cəza dalğalarının təhər-tövrünü yaxşı bilmir.
Bilsəydi, can rahatlığı qazanardı. Bilsəydi, növbəti ziyalının və ya ictimai fəalın şərlənib həbs edilməsini çox sakitcə Stalin dövrünün və ya Xruşşov dövrünün və ya Brejnev dövrünün həbsləri ilə müqayisə edərdi. Hətta bu məsələdə fərqli düşünən həmkarı ilə mərc bağlayıb həyatını daha maraqlı edə bilərdi.
Azərbaycan gerçəkliyi belə mərclər üçün əla imkanlar yaradır. Bolşevik inqilabından dərhal sonrakı illərdə geniş tətbiq edilmiş istintaqsız və məhkəməsiz qətllər bizdə varmı? Əlbəttə var. XX əsrin 20-ci və 30-cu illərində qaragüruhun qoyun sürüsü kimi səfərbər edilib hakimiyyətin rəqiblərinin “xalq düşməni” ayaması ilə damğalanması ənənəsi bizdə varmı? Əlbəttə var. Yaşamasını hakimiyyətin arzuedilməz hesab etdiyi insanların məhbəsə atılıb orada ölüm həddinə çatdırılması şakəri bizdə varmı? Əlbəttə var. Özünü mərd insan sayan vətəndaşların məhbəslərdə döyülüb sındırılması, alçaldılması təcrübəsi bizdə varmı? Əlbəttə var.
Bütün bunlar artıqlaması ilə bizdə var. Bunların olması üçün, hakimiyyətin bu sifarişlərini yerinə yetirməyə hazır olan insanlar da var. O qədər var ki, bu şərəfsiz tapşırıqları icra etmək naminə müəyyən qurumlarda və bütövlükdə cəmiyyətdə əməlli-başlı yarış gedir. Necə ki, siyasət səhnəsində hakimiyyətə yaltaqlanan insanların sayı durmadan çoxalır, güc qurumlarında da rəislərə yarınan məmurların sayı durmadan artır.
Kimsə təsəvvür edə bilərmi ki, məsələn, güc qurumlarında hansısa rəis hansısa məmura hansısa vətəndaşı şərləmək, həbs edib döymək əmrini versə, paqon altında yaşayan məmur rəisə “mən bunu etməyəcəyəm, çünki bu, qanuna ziddir” cavabı verə bilər? Qeyri-elmi fanrastik romanlarda belə qəziyyə, bəlkə də, mümkündür, fəqət məhz qeyri-elmi və məhz fantastik romanlarda…
Sözümün canı bu adiləşmiş təqib və cəza siyasəti barəsində deyil. Sözümün canı bu siyasəti görüb onunla razılaşmayan, lakin dövlətin cəza maşını qarşısında öz gücsüzlüyünü dərk edən vicdanlı vətəndaşlardır. Onlar nə edə bilərlər?
Əstəğfiru-l-lah, mən heç kəsi üsyana səsləmirəm. Bilirəm ki, səsləsəm də, səsimə səs verən olmayacaq. Cəmiyyətimizin cinsi belədir, şam ağacında alma yetişməz.
Yenə sovet dövrünün cəza illərinin təcrübəsindən faydalanaraq onlar sakitcə bu vəhşi cəza tədbirlərini icra edən müstəntiqlərin, hakimlərin və saxta şahidlərin adlarını qeyd etməlidirlər. Belə təcrübə artıq var, quruluşun həbs düşərgələrindən keçmiş sabiq məhbuslar öz xatirələrini yazırlar və orada onlara işverən, işkəsən məmurların adlarını yazırlar.
İnsanları şərləyən vicdansızların, işgəncə verən cəlladların adları mütləq qeyd olunmalıdır, indidən faş edilməlidir. Onlar bilməlidirlər ki, indi onlara qanunsuz göstərişləri verən cani məxluqat tarixin zibilliyinə labüd atılanda, onların özləri də, onların nəsilləri də cəmiyyətdə layiq olduqları qiyməti alacaqlar.
Tarixin məhz bu minvalla cərəyan edəcəyinə heç kəsin şübhəsi olmasın. İndiki rəhbərlər şəxsiyyət kimi Stalindən ki, artıq deyillər? Onlar Stalinin dövlət üçün etdiklərinin yüzdə birini etməyiblər, necə ki, Stalin üsul-idarəsinin törətdiyi cinayətlərin də yüzdə birini etməyiblər. Generalissimus Stalin müzəffər ali baş komandan idi və tarixdə ən ağır müharibənu udmuşdu. Sovet cəmiyyəti ona hədsiz sitayiş edirdi. Vaxt gəldi, onun ətrafında dolanan qulbeçələri öz bütünü ifşa və bədnam etdi, dünənə qədər ona mədhiyyə oxuyanlar onun şəninə daraşdı, söydü və gorbagor etdi.
Elə bu vaxt onun zəmanəsində qanun və insaf bilmədən vətəndaşlara zülm etmiş icraçıların əksəriyyətinin adları çəkildi və bəziləri cəzalandırıldı, “orqan”lardan qovuldu və tutuldu.
Cəmiyyətimizin əziyyət çəkdiyi naqisliklərin əsl səbəbi ondadır ki, həmin cinayətləri törətmiş canilərin heç də hamısı cəzalandırılmadı, heç də hamısı ifşa edilmədi, heç də bütün buqələmunlar ictimai qınaq hədəfi olmadı.
Belə olmadı, və cəmiyyətin eyni möhnətə düçar olması üçün münbit şərait yarandı.
Cəmiyyət, lap elə indiki kimi, Saltıkov-Şedrin demişkən, “əclaflığa uyğunlaşıb yaşadı”. Lap elə rus cəmiyyəti kimi, digər sabiq sovet cəmiyyətləri kimi.
Əclaflığa uyğunlaşıb yaşayan cəmiyyətlər eyni fəlakətləri təkrar yaşamağa məhkumdurlar.
Onlar sanki tilsimli dairənin içində durmadan qaçırlar və bir müddət sonra qaçıb-qaçıb nə zamansa olduqları yerə dübarə qaçıb çatırlar.