Rüzgar Mövsüm
“Elə əmrlər var ki, verilə bilər, amma yerinə yetirilə bilməz. Çünki bu əmrlərin yerinə yetirilməsi cinayətdir”.
Qabriel Qarsia Markes: “Patriarxın payızı”
2011-ci ilin yayında bir tanışım mənə yol yoldaşlığı təklif etdi. Hərbi xidmətdən yeni qayıtmış qohumu avtomobil almaq istəyirdi. Razılaşdım, üç nəfər Gürcüstana yola düşdük.
Tanışımla eyni şirkətdə işləyirdik. Onu yaxşı tanıyır, xasiyyətinə bələd idim. Gənc qohumunu isə ilk dəfə görürdüm. Odur ki, hal-əhval tutandan sonra həyatdakı maraqlarını, gələcək planlarını xəbər aldım. Avtomobil həvəskarı bu gənc 20 yaşındaydı. İçki və siqaretlə arası yox idi. Beş ildən çoxdur ki, idmanla məşğul olur, gələcəkdə bu yolda böyük nailiyyətlər əldə etməyi düşünürdü. Ədəbiyyatla da təzə-təzə maraqlanmağa başlamış və artıq bir-neçə hekayə, roman oxumuşdu. Az sonra həmişəki kimi sevimli yazıçım Remarkdan söhbət açdım. O da mənə “Səfillər” romanından necə təsirləndiyindən, Viktor Hüqonu dünyanın ən yaxşı yazıçısı hesab etdiyindən və tezliklə Markesin kitabını oxuyacağından danışdı.
Onu dinlədikcə fərəhlənir, vətənimdə belə gənclərin olmasına sevinirdim. Getdikcə mövzu ədəbiyyatdan Gürcüstanda satılan avtomobillərə, gürcü yeməklərinə, çaxırına, qadınlarına, sonra əsgərlik xatirələrinə, ardından da təhsilə və işə qədər dəyişdi. Polis olmaq istəyirmiş. Polis olmaq üçün hansı göstəricilərin və nə qədər rüşvətin lazım olduğundan, insanlara kömək etməyi çox sevdiyindən, bu sahədə uğurlu karyera qurmaq istəyindən və polis formasının ona necə yaraşacağından danışmağa başladı. Dedi ki, şəhərdə gəzən polislərin formaları işə uyğun deyil. Çəkmələri cinayətkarın arxasınca qaçmağa, lazım gəldikdə hasara dırmaşmağa və ya haradansa tullanmağa yaramır. Şalvar-köynəyin də keyfiyyəti yoxdur, tez cırılan və tez islanandır. Formanı idman və ya səyahət geyimləri kimi daha keyfiyyətli, dözümlü və rahat istehsal etmək olar.
O danışdıqca, mən fikrə gedirdim və gözümün önünə ölkədəki etiraz aksiyaları gəlirdi. Bəlkə də gənc düz deyirdi. Polislərimiz üçün nəzərdə tutulmuş forma keyfiyyətsiz idi və cinayətkarların arxasınca qaçmağa, dırmaşmağa və tullanmağa yaramırdı. Amma o polislər bu gəncin dediyi çəkmələrlə heç nədən çəkinmədən küçəyə öz haqlarını tələb elməyə çıxmış vətəndaşların baş-gözünü təpikləyib yara bilir, sözü gedən şalvarları geyib, vətəndaşları vəhşi kimi dəyənəkləyirdilər. Əyinlərində keyfiyyətsiz köynəklərlə qocaları, qadınları saçlarından tutub döyə-döyə asfalt üzərində sürüyə bilirdilər. Bu keyfiyyətsiz forma polislərə vətəndaşları başıaşağı asaraq döyməyə, başlarını suya soxmağa, bədənlərinin müxtəlif yerlərini elektrik cərəyanına verməyə, onları döyüb-döyüb öldürdükdən sonra bunun adını sırtıq-sırtıq intihar qoymağa da mane olmurdu. Mən ona peşə seçimində tələsməməyi, bir az gözləməyi, əsgərlikdən yeni gəldiyinə görə ölkədə nələrin baş verdiyini daha yaxşı araşdırmağı məsləhət gördüm. İzah etməyə çalışdım ki, ölkənin idarəçilik sistemi sənin kimi işıqlı gənclərin polis olması üçün uyğun deyil. Sistem dəyişməlidir. O isə dedi ki, bu, sadəcə işdir və işində peşəkar olmaq lazımdır. Mən yekəqarın rüşvətxor rəislərə yox, hüquqa xidmət etmək üçün polis olmaq istəyirəm. Həm polislərin hörməti, stabil maaşları olur. Forma da yaraşır, gələcəkdə də yəqin çox keyfiyyətli olacaq. Hətta bir tanışı ona ucuz başa gələcək yaxşı polis forması tikdirməyə də kömək edəcək.
Mövzunu bağladıq. Yadıma qonşumuz Şövkət xala düşdü. Orta məktəbdə müəllimə idi. Oğlu polis işləyirdi və evdə qonaqlar olanda belə çəkinmədən məhbusları necə döydüklərindən, necə işgəncə verdiklərindən danışırdı. Bir dəfə necə olmuşdusa uşaqlardan cəsarətli biri Şövkət xaladan soruşmuşdu ki, oğlunuz niyə qəddar işlərlə məşğuldur. Bəs sizə pis təsir eləmir, bu? O da cavab vermişdi ki, ay balam, nə etsin e, işidir də. Birtəhər dolanmalıdır, yoxsa yox? Axı, onun da balası var… Qısası, ana övladını özlüyündə elə müdafiə etmişdi ki, sanki onun törətdiyi alçaqlıqlar sadəcə onun işi idi, vəssalam.
Bizim Gürcüstan səfərimiz avtomobil alışı istisna olmaqla, uğurlu oldu. Təəssüf ki, gənc ürəyi istəyən maşını tapmadı. Bizə yaxşı gəzmək, xoş vaxt keçirmək və dincəlmək qaldı. Ondan sonra həmin gənci arabir görsəm də, iş barədə hansı qərar verdiyini bir dəfə də olsun soruşmadım.
İllər, həyatımdakı dəyişikliklər nəinki yaxşı tanışlarımı, hətta bir neçə dost dediyim insanları da məndən, sözün hər mənasında, uzaq salmışdı. Hərdən o gənci xatırlayaraq özümdən soruşurdum ki, görəsən, həmin alicənab, nəzakətli oğlan polis olandan sonra çoxmu dəyişib? Düşünmürdüm ki, onunla haçansa yenə ünsiyyətimiz olacaq. Amma keçən il yağışlı və rütubətli bir gündə “Facebook”da ondan mesaj gəldi…
Hal-əhval tutduq. Ailə qurmayıb, idmana davam edir, işləyir. Amma polis deyil. Kiçik bizneslə məşğuldur. Düzü, bir az çaşdım. Onun mütləq polis olacağını düşünürdüm. Yazıb, bu arzusundan niyə vaz keçdiyini soruşdum. Zəngləşdik. Bir az oradan-buradan danışdıqdan sonra o, məni yaxşı mənada təəccübləndirdi. Dedi ki, mən düşünürdüm, polis formasını işdən almaq və ya dərzidə tikdirməklə rahat əldə etmək olar. Amma yanılmışam. Gördüklərim və eşitdiklərimdən sonra oturub fikirləşdim və anladım ki, əksər Azərbaycan polisinin etdikləri cinayət tərkibli əməllərdir. Sən demə, o forma adama çox baha başa gəlir. Vicdanınla vidalaşacaq qədər baha… Onu əldə etmək üçün vicdanını satmalısan. Daha doğrusu, “Barter üsulu” kimi. Vicdanını verirsən, əvəzində polis forması alırsan. Hüquqa, insan haqlarına deyil, elə yekəqarın rüşvətxor rəislərə, kresloya, ölkəni idarə edən sistem və hakimiyyətə qulluq edirsən. Əvvəllər bunu anlamırdım. İndi isə dərk edirəm. Bunun üçün də istəmirəm. Açıq şəkildə üsyan edə bilməsəm də, bu sistemə, rejim və hakimiyyətə yalançı, saxtakar, vicdansız və alçaq olmamaqla üsyan edirəm. Başa düşdüm ki, keyfiyyətli polis forması insanın şəxsi keyfiyyətlərini zənginləşdirməkdə acizdir. Nə qədər “hörmət” və stabil maaşım olsa da, bunların əvəzinə mütləq yalan danışmalıyam, kiməsə şər atmalıyam, kimdənsə rüşvət istəməliyəm, kimisə döyməliyəm, əzab verməliyəm. Nə qədər ki, ölkədə belə hakimiyyət və rejim var, keyfiyyətli polis forması geyinsəm də, öz insani keyfiyyətlərimdən imtina etməli olacağam. Bunu isə bacarmaram. Bizim polis formasını isə, təkcə keyfiyyət baxımından yox, ümumiyyətlə dəyişmək, polislərin xalqa etdiyi haqsızlıqlara görə bir zamanlar Nasist Almaniyasının SS (Mühafizə dəstəsi) forması kimi qadağan etmək lazımdır. Çünki xalqın bu formayla bağlı çox qorxulu xatirələri var.
Mən nədənsə yenə Şövkət xalanı xatırladım. Məktəbdə uşaqlara dürüstlükdən, xeyirxahlıqdan, vətəni sevməkdən danışır, amma öz övladının başqalarına haqsızlıq və zülm etməsinə “Bu, onun işidir”-, deyə göz yumur. Oğlunun vətənə xəyanət edən, vətənin gənclik və gələcəyini məhv edən hakimiyyət və rejimə canla-başla xidmət etməsinə qarşı çıxmır, bunun düzgün olmadığını demir. Bunları onun ailə və övlad sahibi olması ilə ört-basdır etməyə çalışır, oğlunun alçaqlığına bəraət qazandırır. Halbuki, ölkədə öz övladına bir çörək belə ala bilməyən, lakin buna rəğmən, heç vaxt da işə və pula görə kiməsə şər atmayan, işgəncə verməyən, alçaqlıq etməyən, vicdanını təmiz saxlamağı bacarmış valideynlər də var.
Bir az da başqa şeylərdən danışıb sağollaşdıq. Söhbətimizdən sonra özümü elə yaxşı hiss edirdim ki, sanki yağış və rütubət yerini ilıq günəşli bir yay axşamına vermişdi. Düşündüm ki, işıqlı bir azərbaycanlı gənc sözün əsl mənasında mənəviyyatını qorumağı bacarıb. Vicdanını təmiz saxlamaqla, sözün əsl mənasında bataqlıqdan xilas olub. İnsani keyfiyyətlərini “hörmətə”, maaşa, keyfiyyətli polis formasına dəyişməyib.
“Axı, mənim də balam var” deyib, başqalarının balalarını bədbəxt etməyə razı olmayıb.