Əli Kərimli: “Onun özü hesab edir ki, hakimiyyətlə əməkdaşlıq etmək təhqirdir”

AXCP sədrinə qarşı yeni şikayət verildi, böhtanla yanaşı, təhqirə görə də cəzalandırılması tələb olunur

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddia üzrə məhkəmənin hazırlıq iclası avqustun 19-da davam etdirilib. Nərimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyilə keçirilən iclasda vəkil Elvin Əliyev orderini təqdim edərək bildirib ki, Aydın Əliyevi məhkəmədə nümayəndəsi kimi təmsil edəcək.

Məhkəmədə nümayəndə kimi iştirak üçün şəxsin etibarnaməsi olmalıdır. Lakin onlar bildirib ki, bu gün – avqustun 19-da müqavilə bağladıqlarına görə etibarnamə verməyə vaxt olmayıb. Etibarnamə olmadığına görə Elvin Əliyev məhkəmə prosesinə iştirakçı kimi buraxılmayıb. Bununla belə, o, vəkillər üçün ayrılmış masanın arxasında əyləşib, Aydın Əliyevin hüquqları, şikayətilə bağlı çıxış edib.

Əli Kərimli və vəkili Fəxrəddin Mehdiyev proses iştirakçısı olmadığı halda, Elvin Əliyevin çıxışına imkan verilməsinə etiraz edib.

Daha sonra Aydın Əliyev məhkəməyə sənəd təqdim edərək bildirib ki, bu, şikayətinə əlavədir. O, avqustun 13-də keçirilən ötən məhkəmə iclasında da şikayətə əlavə təqdim etmişdi. Yəni bu, ikinci əlavədir.

Hakim Babək Pənahov şikayətə əlavəni elan edərək bildirib ki, Aydın Əliyev məhkəməyə təqdim etdiyi ilkin iddiada Əli Kərimlinin Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə cəzalandırılmasını tələb edirdi. Bu şikayətdə isə həm də Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsini əlavə edib.

AXCP sədrinin vəkili əlavənin qəbuluna etiraz edərək bildirib ki, cinayət-prosessual qanunvericilikdə xüsusi ittiham qaydasında qaldırılmış şikayətə əlavə verilməsi nəzərdə tutulmayıb. Lakin ötən iclasda da Aydın Əliyev şikayətə əlavə vermişdi və qəbul edildi: “Qətiyyən qəbul edilməməlidir. Çünki qanunda nəzərdə tutulmayan bir sənəd məhkəməyə təqdim olunur və məhkəmə də ona baxırsa, bu, məhkəmə praktikası üçün ləkədir”.

Vəkil Fəxrəddin Mehdiyev xüsusi ittiham qaydasında qaldırılan şikayətlərin icraata qəbulu ilə bağlı Ali Məhkəmənin Plenumunun qərarını da məhkəmənin diqqətinə çatdırıb.

Aydın Əliyevin vəkili Elvin Əliyev çıxş edərək, buna etirazını bildirib. Ona çıxış imkanının yaradılması isə Əli Kərimlinin etirazına səbəb olub: “Bu adam hansı statusla burada çıxış edir? Proses iştirakçısı olmadığı halda, hamımızdan da çox danışır. Bu adam çıxış edirsə, o zaman məhkəmə zalında oturanların hər biri çıxış edə bilər”.

Əli Kərimlinin məhkəməsinin önü. Foto: Meydan TV

Aydın Əliyev və vəkili hakimdən vaxt istəyiblər. Onlar bildirib ki, müdafiə hüququnun müdafiəsi baxımından onlara vaxt verilməlidir.

Əli Kərimlinin vəkili isə etiraz edərək bildirib ki, müdafiə hüququ konstitusion hüquqdur. Lakin hüquqlardan sui-istifadə də qadağandır: “İddia ərizəsinin məhkəməyə verilməsindən nə qədər vaxt keçib. Bir həftə əvvəl də hazırlıq iclası olmuşdu. Niyə bu günə saxlayıb müqavilə bağlamağı? Hazırlıq iclası niyə uzadılmalıdır?”.

AXCP sədri də etiraz edərək deyib ki, onunla bağlı məhkəmə işi siyasi prosesdir. Bu səbəbdən də məhkəmədə qanunların pozulmasına göz yumulur: “Hansı qanuna, hansı maddəyə əsasən şikayətə əlavələr verilir və qəbul olunur? Hakim olaraq, qərar elan elədiniz ki, bu şəxs prosesə buraxılmır. Amma bayaqdan çıxış edir. Şikayətin mahiyyətinə gəlincə, qanun deyir ki, yalan olduğunu bilə-bilə yayılan, şərəf və ləyaqəti aşağılayan məlumata görə məsuliyyət daşıyırsan. Mən hansı yalan məlumatı yaymışam? Hansı formada şərəf və ləyaqətini aşağılamışam? Özü də şikayətində yazdığı kimi, demişəm ki, AXCP-nin siyasi xəttinə zidd davranışlarına, hakimiyyətlə əməkdaşlığına görə partiyanın Rəyasət Heyətinin 19 iyun 2019-cu il tarixli qərarı ilə uzaqlaşdırılıb. Aydın Əliyev İctimai Nəzarət Koalisiyası adlı bir quruma üzv olub. Bu qurumun yaydığı məlumat və fotolardan da görünür. O təşkilatın mərkəzi ofisində Heydər Əliyev Muzeyi, İlham Əliyev guşəsi var.  “Hakimiyyətlə əməkdaşlıq edir” deməyim onun şərəf və ləyaqətini aşağılayır? Bu cür yanaşmanın özü minlərlə adamı təhqir eləməkdir. Çünki bu hakimiyyətlə əməkdaşlıq edən minlərlə adam var. Deməli, bunun özü hesab edir ki, hakimiyyətlə əməkdaşlıq etmək təhqirdir”.

Əli Kərimliyə qarşı şikayətdə Aydın Əliyevin böhtan kimi qiymətləndirdiyi fikirlərdən biri də onun məhkəmə qərarı ilə zorla partiyaya qaytarılmasıdır. Əli Kərimli bunun da həqiqət olduğunu deyir:

Partiyada insanlar həmfikirləri, əqidə yoldaşları ilə birlikdə olmaq istəyir. Bu gün partiyada bir nəfər də Aydın Əliyevi orada görmək istəmir. Amma məhkəmə qərar verir ki, bərpa olunmalıdır. Məhkəmə icraçılarının bizə göndərdiyi xəbərdarlıq məktubları var. Birində yazır ki, “bərpa eləməsəniz, məhkəmə qərarının icra olunmamasına görə inzibati və cinayət məsuliyyəti daşıyırsınız”. Başqa bir məktubda yazır ki, “qərar icra olunmasa, əmlakınız siyahıya alınacaq”. Bu, zorla bərpa olunmaq deyilsə, bəs nədir? Müxalifət liderini cəzalandırma üçün hüququ, qanunları ayaqlar altına atıblar. Mən də bilirəm ki, hansı sifariş gəlsə, siz də onu icra edəcəksiniz. Bu qədər absurd olmaz”.

Aydın Əliyevin vəkilinə etibarnamə verməsi və digər problemləri həll etməsi üçün məhkəmə prosesi avqustun 26-na qədər təxirə salınıb.

AXCP bu məhkəmə prosesinin hakimiyyətin sifarişilə başladıldığını bəyan edib.

Hazırda hakimiyyət AXCP-ni qanundan kənar qoymaq, onun sədri Əli Kərimlini siyasi fəaliyyətdən məhrum etmək üçün bir neçə istiqamətdə iş aparır. Bu işlərdə isə vaxtilə partiyanın fəal üzvü və Nəzarət-Təftiş Komissiyasının sədri olmuş, sonralar hakimiyyətyönlü ictimai fəaliyyətə başladığı üçün partiyadan xaric edilmiş Aydın Əliyevdən istifadə edir”, – partiyanın bəyanatında bildirilir.

Ana səhifəSiyasətƏli Kərimli: “Onun özü hesab edir ki, hakimiyyətlə əməkdaşlıq etmək təhqirdir”