Biləsuvarda yaşayan Radə Təhməzovanın həyatı iki oğlunun da eyni vaxtda həbs olunması ilə alt-üst olub. Oğlanları Kazım Mehrəliyev və Ruslan Mehrəliyev satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama maddəsi ilə 6 il 6 ay azadlıqdan məhrum olunublar.
İnanclı şəxslər olduğu üçün onların hamı kimi narkotiklə şərləndiyini deyir. 10 gün boyunca övladlarının həbsiylə bağlı ona heç bir məlumat verilməyib. Sonra oğlu Kazımın toka verildiyi, işgəncə gördüyü xəbərləri ilə sarsılıb. Evlərini şəraitini yaxşılaşdırmaq, ehtiyaclarını qarşılamaq üçün qardaşlar Bakıda tikintidə fəhlə kimi çalışırdı.
Anası deyir ki, ötən il 30 mart tarixində Kazım Mehrəliyev iş başında olarkən polislər “kart sifariş vermisiz” adı ilə ona zəng edərək aşağı çağırıb və bu yolla həbs ediblər. Digər oğlunu da bir gün sonra işdən çıxarkən tutublar. Hüquq-mühafizə orqanlarında və məhkəmədə ədalət tapmayan Radə Təhməzova ölkə başçısı İlham Əliyevdən övladları üçün bəraət istəyir.
Övladları üçün təkbaşına mübarizə aparan Radə Təhməzova ağlamağı özünə qadağan edib. Ayda bir dəfə verilən görüşdə uşaqları onu güclü görməlidir. Sexdə gecə növbəsində işləyərək həyatını qazanmağa çalışır və övladlarının bir gün bəraət alıb sərbəst buraxılacaqlarına inanır.