Ani Badalyan qarşılıqlı razılaşma ilə buna qərar verildiyini deyib
Ermənistan Xarici İşlər Nazirliyi regional kommunikasiyalara dair maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarıldığı ilə bağlı rəsmi Bakının bəyanatını təsdiqləyib. Bu barədə avqustun 7-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ani Badalyan danışıb.
Bir neçə gün əvvəl Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirmişdi ki, qarşılıqlı razılığa əsasən, bu bəndi (kommunikasiyaların blokdan çıxarılması) sülh sazişindən çıxarmaq və müzakirəni sonrakı mərhələyə keçirmək qərarına gəliblər. Ani Badalyan deyib ki, bu razılaşma sayəsində kommunikasiyaların açılması Ermənistanın suverenlik, yurisdiksiya, qarşılıqlılıq və bərabərliyə əsaslanan “Dünyanın kəsişməsi” proqramında öz əksini tapmış sülh və iqtisadi inkişafa dair baxışının mühüm hissəsi olmaqda davam edir.
İyulun 25-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan yerli mediaya bildirmişdi ki, ölkəsinin sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir:
“Ermənistan artıq səsləndirilən və təqdim olunan fundamental müddəalara uyğun olaraq, sazişi mümkün qədər tez imzalamağa hazırdır”.
Ermənistan iyun ayında Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı 10-cu təkliflər paketini alıb.
İyulun 20-də Azərbaycanın Prezidenti İlham Əliyev bildirmişdi ki, sülh sazişinin mətninin 80-90 faizi razılaşdırılıb:
“Ermənistan həmin o müddəanı və terminologiyanı (Qarabağla bağlı – red.) oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verir”.
Amma İ.Əliyev iki məsələnin hələ açıq qaldığını əlavə etmişdi:
“Onlardan biri odur ki, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir. İkincisi, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk Qrupu ləğv edilsin. Çünki bu qrup artıq uzun müddətdir fəaliyyətsizdir”.
2020-ci ildə Qarabağda aparılan 44 günlük müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsində nəzarəti bərpa edib. 2023-cü ildə isə apardığı hərbi əməliyyatlarla ərazini tam nəzarətə götürüb. Ondan sonra Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqları fonunda bəzi ərazilərdə sərhədlərin delimitasiyası prosesi həyata keçirilib. Hazırda bu sahədə danışıqlar davam edir. Bu danışıqlarda isə həm ABŞ, Avropa İttifaqı, həm də Rusiya vasitəçilik edir. Ancaq tərəflər arasında hələ də sülh müqaviləsi imzalanmayıb.