Meşəli sakinləri başqa kəndə köçmək istəmir

“Bizi öz kəndimizə, Meşəliyə buraxmırlar”

Xocalının Meşəli kəndinin sakinləri etiraz edirlər.

Səbəb isə onların Xocalının digər kəndi Seyidbəyliyə köçürülməsidir.

Hazırda Goranboyun Ağcakənd qəsəbəsində məskunlaşan Meşəli kənd camaatı Prezident İlham Əliyevə müraciət edərək doğma kəndlərinə qayıtmaq istədiklərini bildiriblər.

Otuz üç ildir ki, öz torpağımızın işğaldan azad edilməsini gözləyirdik. İndi isə bizi suyu olmayan, ilanmələməz bir yerə köçürürlər. Daşbulaq kəndində post qoyublar, bizi öz kəndimizə, Meşəliyə buraxmırlar. Kənd camaatı gedir, qabaqlarını kəsib saxlayırlar. Səbəb nədir? Bəlkə kəndimiz hələ də işğaldadır, biz bilmirik? Biz öz kəndimizi görmək istəyirik. İşğaldan azad olub, yenidən başlayıb, kəndi işğal edirlər. Hamısını istirahət mərkəzləri ediblər. Meşəlidən başqa yerə gedən deyilik. Qan tökülüb, torpaq alınıb, biz öz kəndimizi istəyirik”, – Meşəli camaatı deyib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti Meydan TV-nin məsələ ilə əlaqədar ünvanladığı sorğuya cavab verməyib.

1991-ci il dekabrın 31-də Xocalının Meşəli kəndində erməni hərbi birləşmələri tərəfindən qətliam törədildiyi, hadisələr zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358 nəfərin isə yaşadığı yerdən didərgin düşdüyü bildirilir.

2023-cü ildə hadisədə təqsirli bilinən Xocalının Badara kəndində doğulub yaşamış Vaqif Xaçaturyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan mərum edilib. Ancaq o, özünü təqsirli bilmir, hadisənin iştirakçısı olmadığını deyir.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu Ermənistan tərəfindən işğal edilib.

Xocalı şəhəri də 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilib.

Sağ qalan əhalisi isə sonradan Bakı da daxil ölkənin müxtəlif yaşayış məntəqələrində məskunlaşıb.

2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə Azərbaycan Ermənistanın işğal etdiyi rayonların əksəriyyətinə nəzarəti bərpa edib, lakin Xocalı şəhəri qarşı tərəfdə qalıb.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə əlaqədar hələ də danışıqlar aparılır.

Ana səhifəBölgəMeşəli sakinləri başqa kəndə köçmək istəmir