“Naxçıvanbank”ın lisenziyası ləğv edildi

“Naxçıvanbank”. Foto: “abc.az”

Bunun əvəzində lisenziya bankın bazasında yaradılmış “E-Kredit” MMC bank olmayan kredit təşkilatına (BOKT) verilib

“Naxçıvanbank” ASC-nin lisenziyası ləğv edilib. Qərarı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti verib. AMB-nin iyulun 25-də yaydığı açıqlamada bildirilir ki, “Naxçıvanbank” ASC-nin müraciəti əsasında onun lisenziyası ləğv edilib:

Bunun əvəzində lisenziya bankın bazasında yaradılmış “E-Kredit” MMC bank olmayan kredit təşkilatına (BOKT) verilib. Cari ilin ötən dövrünün maliyyə hesabatlarına əsasən, “Naxçıvanbank” ASC-nin maliyyə göstəriciləri qənaətbəxş olub, likvid aktivləri kreditor öhdəliklərini dəfələrlə üstələyib”.

Mərkəzi Bank bildirir ki, yenidən təşkil prosesi çərçivəsində onun öz əmanətçiləri və digər kreditorları qarşısında öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilərək icrasına başlanıb:

“Bu çərçivədə hesablarında olan vəsaitlərin əldə edilməsi üçün müraciət etməyən fiziki və hüquqi şəxslərin hesabları üzrə qalıqlar (342 min 858.16 manat) Mərkəzi Bankda açılmış xüsusi hesaba köçürülüb”.

Ən son Mərkəzi Bankın qərarı ilə “MuğanBank” ASC-nin lisenziyası ləğv edilmişdi. Ondan əvvəl məcmu kapitalının tələb olunan minimum miqdardan az olması əsas gətirilərək “GünayBank” ASC-nin də lisenziyası ləğv edilmişdi. Mərkəzi Bankın “Maliyyə dayanıqlılığı” hesabatından aydın olur ki, Azərbaycanda ən böyük üç bankın aktivlər üzrə bazar payı 65 faizə çatıb. Həmin üç bankın biri dövlətə (Beynəlxalq Bank), ikisi Prezidentin ailə üzvlərinə (“PaşaBank” və “Kapital Bank”) məxsusdur. Bu bankların depozit portfelindəki bazar payı 70 faiz, kreditlər üzrə isə 48 faizdir. Bankların illik mənfəətinin təxminən dörddə üçü də məhz bu üç banka çatır.

Hazırda Azərbaycanda 23 bank var. Son 10-15 ildə ölkədə 20-dən çox bankın lisenziyası müxtəlif səbəblərdən ləğv edilib. Səbəb kimi öhdəliklərini yerinə yetirə bilməmələri göstərilib. Qapadılan banklardan 10-dan çoxunun bağlanması dünyada neftin qiymətinin kəskin düşməsi və 2015-ci ildə ölkədə baş verən iki devalvasiyadan sonraya təsadüf edib. Həmin banklardakı sığortalanan əmanətlər, əsasən, qaytarılsa da, qorunmayan əmanətlərlə bağlı şikayətlər hələ də qalır.

Ana səhifəİqtisadiyyat“Naxçıvanbank”ın lisenziyası ləğv edildi