Yerevanın baxışı: Ermənistan COP29-da iştirak dəvətini qəbul edəcəkmi?

Foto: rafa\shutterstock

“Jamnews”un materialı əsasında

“Bakı Yerevanı destruktiv tərəf kimi göstərməyə və vaxt udmağa çalışır”

Azərbaycan bu ilin noyabrında BMT-nin Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak üçün Ermənistana dəvət göndərib.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu barədə məlumat verib. Onun dediyinə görə, iki ölkə arasında rəsmi diplomatik münasibətlərin olmadığı bir şəraitdə bu dəvət “Azərbaycanın xoşməramlı olmasının və inklüziv yanaşmasının” təzahürüdür.

“Muxtar Babayev (Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti) Ermənistan XİN-nə müvafiq məktub göndərib. Biz rəsmi dəvət göndərmişik”, –Hikmət Hacıyev deyib.

O bəyan edib ki, Ermənistan hökuməti qərar qəbul etməlidir.

Ermənistan XİN-i hələlik COP29-un konfransında iştirak edib-etməyəcəyi barədə bir məlumat verməyib. Qurumun mətbuat katibi Ani Badalyan sadəcə jurnalistlərə qərar qəbul olunduğu təqdirdə məlumat verəcəyini vəd edib.

Şərh

Politoloq Areq Koçinyan hesab edir ki, Ermənistana göndərilən dəvətin ən aşkar məqsədi müəyyən dividendlər almaqdır. O izah edir ki, Azərbaycan belə etməklə beynəlxalq ictimaiyyətin gözündə münaqişənin konstruktiv tərəfi təəssüratını yaradır. Koçinyan Bakının məlum tədbir çərçivəsində hər hansı bir Ermənistan-Azərbaycan sənədinin imzalanmasını təşkil etmək niyyətində olduğunu da istisna etmir.

“Bu hər hansı bir çərçivə müqaviləsi, diplomatik münasibətlərin qurulması haqda müqavilə ola bilər. Şübhəsiz ki, ən yaxşısı sülh müqaviləsi olardı. Bəlkə də, müqavilənin hər hansı bir müəyyən hissəsinə qol çəkəcəklər”.

Azərbaycanın baza prinsiplərinin razılaşdırılması və çərçivə sənədinin əvvəlcədən imzalanması təklifinə münasibət bildirən politoloq bəyan edib ki, Ermənistanın istənilən sənədi imzalaması arzu olunandır. Onun sözlərinə görə, bu, “yoxdan yaxşıdır”.

Areq Koçinyan Ermənistanın Bakıda sənədə qol çəkilməsinə maraq göstərə biləcəyi ehtimalını nəzəri cəhətdən mümkün hesab edir.

Onun fikrincə, belə olan halda iki mühüm məsələ meydana çıxa bilər. Birincisi sənədin məzmunudur. İkinci məsələ Bakıda saxlanılan erməni hərbi əsirlərin Vətənə qaytarılmasıdır.

“Əgər Azərbaycanda hələ də erməni hərbi əsirlər varsa, Ermənistandan olan nümayəndə heyətinin Bakıda keçiriləcək konfransda iştirakını təsəvvür etmək çətindir. Bu problemin həlli Ermənistan nümayəndə heyətinin bir şərtlə iştirakı ola bilər: onlar Bakıdan qayıdarkən özləri ilə erməni hərbi əsirləri gətirsinlər”, – o, məsələyə aydınlıq gətirib.

Əgər Bakıya getmək qərarı verilərsə, analitik Ermənistanın hansı səviyyədə təmsil olunacağını deyil, səfərin məzmununu, onun hansı məqsədləri güdəcəyini vacib hesab edir.

“Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini irəli sürməyə davam edir”, -ekspert xatırladıb. Deyib ki, bu, sülh müqaviləsinin bağlanması üçün ilkin şərtdir. Lakin o da aydındır ki, noyabradək bu məsələ üzrə referendum təşkil etmək real deyil. Politoloq güman edir ki, Bakı Yerevanı destruktiv tərəf kimi göstərməyə və vaxt udmağa çalışır:

“Azərbaycan noyabrda gözlənilən geosiyasi sarsıntılardan, xüsusilə də ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra dünyanın necə dəyişəcəyini anlamağa çalışır”.

Ana səhifəSiyasətYerevanın baxışı: Ermənistan COP29-da iştirak dəvətini qəbul edəcəkmi?