İlham Əliyev bununla bağlı fərman imzalayıb
Azərbaycanda rəqabət və istehlakçıların hüquqlarının qorunması sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə yeni elektron sistem yaradılır.
Prezident İlham Əliyev Elektron Rəqabət İnformasiya Sisteminin (ERİS) yaradılması barədə fərman imzalayıb.
ERİS rəqabət və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində istehlakçıların və bazar subyektlərinin müraciətlərinin (vəsatətlərinin) qəbulunu, emalını, onlara əlavə edilməli olan sənədlərin və ya məlumatların real vaxt rejimində digər dövlət orqanlarından (qurumlarından) sorğu əsasında əldə olunmasını, həmin müraciətlərə (vəsatətlərə) dair qərarların və məlumatların elektron qaydada təqdim edilməsini, habelə qeyd olunan sahələrdə məlumatların istifadəçilər üçün əlçatanlığını təmin edəcək.
ERİS-in sahibi funksiyalarını İqtisadiyyat Nazirliyi, operatoru funksiyalarını İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti reallaşdıracaq.
Elektron Rəqabət İnformasiya Sisteminin yaradılması və saxlanılması ilə bağlı xərclər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin büdcədənkənar gəlirləri hesabına olacaq.
Nazirlər Kabineti ERİS haqqında əsasnamənin layihəsini hazırlayıb altı ay müddətində Prezidentə təqdim etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir. İqtisadiyyat Nazirliyi isə həmin müddət ərzində ERİS-in formalaşdırılmasını təmin etməlidir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ERİS-i mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli və onun təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirməli, ERİS-in informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə sahibi və operatoru ilə birlikdə zəruri tədbirlər görməlidir.