Baş redaktor Ombudsmanı təcili təcridxanaya çağırıb
“AbzasMedia” ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərdən daha birinin – nəşrin baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) haqqında həbs qətimkan tədbirinin müddəti artırılıb.
İyunun 12-də Xətai Rayon Məhkəməsində Sevinc Vaqifqızının istintaq dövründə həbsdə saxlanma müddətinin daha 3 ay uzadılması üçün prokurorun verdiyi təqdimata baxılıb.
Hakim Fuad Axundovun sədrliyilə keçirilən məhkəmə prosesində Sevinc Vaqifqızı özü də iştirak edib. Jurnalist bildirib ki, ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamı saxtadır, “AbzasMedia”da Əliyevlər ailəsi də daxil olmaqla, məmurların korrupsiya əməlləri, sərvətləri barədə yayımlanan araşdırmalara görə həbs olunub:
“Əsl qaçaqmalçılar, ölkənin sərvətlərini xaricə daşıyanlar qalıb, bunları araşdırdığımıza görə bizi qaçaqmalçılıqda ittiham edirlər”.
Sevinc Vaqifqızı saxlandığı Bakı İstintaq Təcridxanasında qadınlara qarşı işgəncə, pis rəftar hallarından da danışıb. Jurnalist bildirib ki, təcridxananın rəis müavini, rejim rəisi və digər səlahiyyətlilərin qadın dustaqlara qarşı qanunsuzluqlarını ictimailəşdirdiyinə görə onun ailə üzvlərilə telefon danışıqlarına qadağa qoyulub.
Telefon danışığı hüququnun qanunsuz məhdudlaşdırıldığını vurğulayan Sevinc Vaqifqızı deyir ki, Bakı İstintaq Təcridxanasında qadınları lüt soyundurub, saçından tutub sürüməklə hədələyirlər.
Jurnalist Ombudsman Səbinə Əliyevanın təcili Kürdəxanıdakı istintaq təcridxanasına gəlməsini və vəziyyətlə maraqlanmasını istəyib.
Məhkəmədə müstəntiq Sevinc Vaqifqızı haqqında həbs qətimkan tədbirinin müddətinin uzadılması üçün verdiyi vəsatəti və prokurorun təqdimatını müdafiə edib. O, vəsatətini əsaslandırarkən deyib ki, “AbzasMedia” işi üzrə bir sıra istintaq hərəkətləri həyata keçirilməlidir. İstintaq davam etdiyi müddətdə isə Sevinc Vaqifqızının azadlıqda qalması prosesin gedişinə mane ola bilər. Müstəntiqin iddiasına görə, azadlıqda qalarsa, prosesin digər iştirakçıları ilə əlaqə yaratmaq, şahidlərə təsir göstərmək ehtimalı var.
Jurnalistin vəkili bu arqumentin əsassız olduğunu bildirib. Vəkil deyib ki, müvəkkili heç bir cinayət törətməyib, indiyədək də qanuni əsas olmadan həbsdə saxlanılır. Hətta onunla bağlı istintaq davam edirsə belə, onun həbsdə saxlanması mütləq deyil. Sevinc Vaqifqızı istintaqdan yayınmaq istəsəydi, ölkəyə qayıtmazdı. “AbzasMedia” ilə bağlı həbslər başlayanda o, xarici ölkədə səfərdə idi.
Hakim Fuad Axundov qısa müşavirədən sonra prokurorun təqdimatını təmin edib və Sevinc Vaqifqızı haqqında istintaq dövrü üçün həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
İyunun 11-də Xətai Rayon Məhkəməsində eyni qərar jurnalist Nərgiz Absalamova haqqında da verilmiş, onun barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılmışdı.
“AbzasMedia” işi üzrə həbsdə olan digər jurnalistlərdən Hafiz Babalı və Elnarə Qasımova haqqında həbs qətimkan tədbirinin müddəti iyunun 10-da uzadılıb.
Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.
Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.
Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.
Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.
“AbzasMedia”dan sonra “Kanal 13” internet kanalı, “Toplum TV” xəbər potralı və eyni adlı internet televiziyası, Milli Məclisin və deputatların fəaliyyətini araşdıran “meclis.info” saytının rəhbərləri və əməkdaşları da qaçaqmalçılıq ittihamıyla həbs olunub. İddia olunur ki, bu media orqanları xarici təşkilatlardan qrantlar alıb, həmin vəsaitləri qaçaqmalçılıq yoluyla ölkəyə gətirib.
Lakin jurnalistlər bu ittihamı rədd edir, qaçaqmalçılıqla bağlı heç bir sübut-dəlil olmadan həbs olunduqlarını bildirirlər. Onlar bəyan edib ki, bu həbslərin məqsədi ölkədəki korrupsiyanı, məmur özbaşınalığını araşdıran, ictimaiyyətə çatdıran media orqanlarını susdurmaqdır.