Rejissor festival filmi olduğu üçün hələ ki süjet xəttini açıqlaya bilməyəcəyini deyir
Rejissor Elvin Adıgözəlin “Bağışla məni bu gecə” (“Forgive me tonight”) qısametrajlı bədii ekran işi Türkiyədə ilk dəfə keçirilən Sivas Beynəlxalq Film Festivalının (SIVIFF) “Ən yaxşı film”i seçilib.
Bu barədə məlumatı Meydan TV-yə Elvin Adıgözəl verib.
Mükafat filmin aktrisası İlqarə Tosovaya təqdim olunub.
Filmdə əsas rollarda Ziya Ağa, Aydan Həsənova, Kamran Ağabalayev İlqarə Tosova çəkiliblər.
Filmin ssenari müəllifi və rejissoru Elvin Adıgözəl, prodüseri Mariya İbrahimovadır.
Ailə-məişət zəminində olan filmdə ət kombinatında işləyən Fuadın (Ziya Ağa) aliment pulu verməmək üçün həyat yoldaşı ilə barışmaq istəməsindən bəhs olunur.
Filmin detallarına gəlincə, rejissor Meydan TV-yə deyib ki, festival filmidir, hələ ki süjet xəttini açıqlaya bilməz.
“Bağışla məni bu gecə” filmi 2023-cü ilin avqustunda Rumıniyada keçirilən “Anonimul International Independent Film Festival”ında və həmin ilin sentyabrında Türkiyədə Beynəlxalq Adana Altın Koza Festivalında nümayiş olunub.
Sivas Beynəlxalq Film Festivalı (SIVIFF) ilk dəfə olaraq mayın 27-dən 31-dək keçirilib.