“MSK-nın vəzifəsi insanları seçkiyə gətirmək olmamalıdır”
Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu gün isə sükut günüdür. Ötən 23 günün seçki təbliğat kampaniyası və ondan əvvəl namizədlərin qeydə alınması, ATƏT-in aralıq Hesabatı, ümumən seçki prosesi ilə bağlı yaranan sualları Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədliyə ünvanladıq.
– Anar bəy, 2024-cü ilin 7 fevral növbədənkənar Prezident seçkisi 2008 və 2018-ci illərdəki seçkilərlə müqayisə olunur və bildirilir ki, həmin seçkilər də durğun keçdi. Deyilənləri bölüşürsünüzmü?
– Əlbəttə. Hər üç seçkini birləşdirən ümumi cəhət siyasi alternativsizlikdir. Yəni bir-birinə qarşı dayanan siyasi qüvvələr arasında siyasi rəqabət mühiti yaşanmır. Hazırkı seçkidə də biz ciddi və gerçək rəqabətin şahidi deyilik. Prezidentliyə namizədlər faktiki olaraq İlham Əliyevlə yarışmırlar. Mən deyərdim ki, onlar daha çox özləri ilə yarışırlar.
– Seçkiyə marağın azlığı hansı səbəbləri özündə ehtiva edir, siz demişkən, seçki institutunun sıradan çıxarılması, müxalifətin illərdir boykotu, yoxsa başqa amillər də var?
– Təbii ki, seçkidə iştirak ən çox vacib şərtləndirən amillərdən biri prosesə çoxlu sayda siyasi qüvvələrin qatılmasıdır. Seçki prosesini seçici üçün maraqlı, cazibədar etmək istəyiriksə, çoxlu sayda iştirakçı olmalıdır. Nə media, nə vətəndaş cəmiyyəti seçkini seçicilər üçün maraqlı edə bilər. Siz jurnalistlər prosesdən reportaj yazırsınız, ortada oyunçular olmasa, yarışdan necə reportaj hazırlaya bilərsiniz? Elə hesab edin ki, seçki futbol yarışıdır, meydanda komandalar və reportaj hazırlayan jurnalistlər, seyrçilər var. Biri var zəif, sönük keçən oyun, biri də var çox cazibədar, maraqlı, dinamik, həyacanverici matç. Nəticə də bəlli deyil, 90 dəqiqədə hansı komandanın qalib gələcəyini bilmirik. Azərbaycanda bu baş vermir, əksinə, tək qapıya oynanan futbol yarışıdır.
– Yəni “Real”la “Barselona”nın oyunu deyil də?
– Qətiyyən. Nəinki “Real”la “Barselona”nın, “Neftçi” ilə “Qarabağ“ın da oyunu deyil. Yəni seçki prosesi o qədər sönükdür. Baxın, “Neftçi” ilə “Qarabağ“ın oyunu olanda stadiona hər kəs getmək istəyir, mətbuat yazır, futbol azarkeşləri arasında müzakirələr olur. Hazırkı seçkilərdə debatları izlədiniz, bizim apardığımız monitorinqə görə namizədlərin tənqidi çıxışları ünvansız olub, konkret ad çəkmirlər. Məsələn, səhiyyə, təhsil, iqtisadiyyatla bağlı tənqidlər edirlər, amma tənqidin konkret meyarı açıqlanmır ki, buna görə kim məsuliyyət daşıyır, dövlət başçısı, Baş nazir, yoxsa parlament…? İki namizəd – Qüdrət Həsənquliyev və Elşad Musayev insan hüquqları və məhkəmlərin fəaliyyətinə toxunublar. Bu isə onların efir vaxtının 4.5 faizidir, 95 faiz başqa mövzularda çıxış ediblər. İşsizlik və sosial təminatla bağlı məsələlər 11 faiz idi, əsasən suverenlik, Qarabağ olub. Debatlar göstərdi ki, gerçək yarış və siyasi rəqabət yoxdur.
– Namizədlər hətta rəqibləri, YAP-ın namizədi İlham Əliyevi təriflədilər də…
– Bəli, bu, 2008 və 2018-ci ildə də baş vermişdi. Yəni bir neçə namizəd istisna olmaqla əvvəlki seçkilərdə namizədlər hazırkı Prezident İlham Əliyevi təbliğ edirdilər. Amma bu seçkidə bir az fərqli oldu, hər namizəd hakim partiyanın namizədi ilə bağlı təqdiredici fikirlər səsləndirdi. Adama elə gəlir ki, namizədlər maksimum Əliyevin yüksək səslə qalib gəlməsinə çalışırlar.
– Belə olanda, sual yaranır, müxalifətin seçkiləri passiv boykot etməsi doğrudurmu? Məsələn, belə düşünənlər də var ki, müxalifət baş verə biləcək saxtakarlıqları sənədləşdirmək üçün ən azı üzvlərini müşahidəçi kimi prosesə qatmalı idi…
– Əvvəla, onlar qatılsaydılar, daha çox saxtakarlıq hallarını aşkarlayardılar, – bu fikirlə razı deyiləm.
– Niyə?
– Çünki müxalifət seçkiyə qatılsaydı, namizəd ola bilmələri sual altındadır. Bu seçkinin səciyyəvi cəhəti ondan ibarətdir ki, hakimiyyət alternativ seçki rəqabətini görmək istəmirdi. Ona görə də 7 fevral növbədənkənar Prezident seçkisində iddialı, cəmiyyətdə çox ciddi reytinqə malik adamlar yoxdur.
– Dediyinizdən belə çıxır ki, hakimiyyət AXCP və Müsavatın seçkiyə qatılmasını istəməyib?
– Ehtimal edirəm ki, hakimiyyət hər iki partiyanın namizədinin iştirakına imkan verməyib.
– Bu, təhlilinizin, yoxsa informasiyanın nəticəsidir?
– Müşahidələrim belə deyir, informasiyam yoxdur. Sabahkı seçkinin mahiyyəti odur ki, hakimiyyət siyasi dözümsüzlük nümayiş etdirir, heç bir tənqidə açıq deyil. Adi bir namizəd tənqidi fikir söyləsəydi, hakimiyyət tərəfindən qəbul olunmaz sayılardı. Bu baxımdan nəinki AXCP və Müsavat, hətta nisbətən loyal kimi tanınan, hakimiyyətin öz dəyərləndirməsində radikal qiymətləndirilməyən REAL və Ümid partiyalarının təmsilçiləri belə seçkiyə qatılmadı. Bunun arxasında hakimiyyətin öz marağı var. İkincisi, AXCP və Müsavat seçkiyə qatılmaq qərarı versəydilər belə, MSK-nın onların topladığı imzaları qeydə alacağına şübhə edirəm. Çünki hakimiyyətin birbaşa nəzarətində olan MSK maksimum çalışır ki, siyasi alternativlik olmasın. İlham Əliyevə, YAP-a opponent ola biləcək siyasi qüvvə yaranmasın.
– Əgər namizədlər də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu deyirsə, bu narahatlığın səbəbi nə ola bilər?
– Ölkənin tək problemi Qarabağ məsələsi deyil ki. Qarabağ savaşı 2020-ci ildə başa çatandan sonra şahidi olduq ki, ölkənin sosial-iqtisadi həyatında çox ciddi dəyişikliklər baş verməyib. Əksinə, sosial problemlərdən şikayətlənirlər. İnsanların sosial həyatında xeyli sayda gərginliklərin yaşandığı bildirilir. O cümlədən, infrastruktur, təhsil, səhiyyə ilə bağlı problemlər qalmaqdadır. Bunları gündəmə daşıya biləcək məkan çox dardır. Namizədlər üçün ayrılan efir vaxtı sanki bir dirijor tərəfindən idarə olunur, mövzular öncədən razılaşdırılıb, namizədlər bəlli mövzularda danışırlar, kənar, hakimiyyət üçün arzuolunmaz mövzulara giriş yoxdur. Bu ssenari o zaman pozula bilərdi ki, tutalım, müstəqil, siyasi iddiası olan namizəd seçkiyə qatılardı. Məsələn, X namizəd hansısa partiyanı təmsil edir və düşünür ki, seçki yarışı onun üçün fürsətdir. Və başlayır arzuolunmaz mövzulara girişib və o barədə çoxsaylı tənqidlər səsləndirir. Bu məsələlər istənilmədyindən mövzular daha çox Qarabağ, həmin ərazilərdə yenidənqurma işləri oldu. Azərbaycan vətəndaşlarının çoxlu qayğıları var, biri məcburi köçkünlərin mülkiyyət problemləridir, 700 mindən çox insan 30 il əvvəl işğala məruz qalaraq dədə-baba yurdlarından köçkün düşüb, olmazın ağrılar yaşadılar. Günün birində Azərbaycan xalqı iradəsini ortaya qoydu, ölkə-dövlət-xalq birliyinin vəhdətinin şahidi oldu, nəticədə torpaqlar azad olundu. Asan olmadı, çoxlu sayda insanlarımız canlarını fəda etdi, indi də çoxlu sayda qazilərimiz var. Problemlər Qarabağla bitmir. Seçki yarışı o zaman həqiqi mənada siyasi yarışa çevrilir ki, ölkənin bütün problemləri gündəmə daşınıb müzakirə olunsun.
– ATƏT-in aralıq hesabatının əvvəlkilərdən yumşaq olduğu deyilir. Budəfəki hesabat əvvəlkilərdən də fərqlənirdi, məsələn, yazırlar ki, DTİHB SMM-in bir sıra həmsöhbətləri, yaxud bəzi vətəndaş cəmiyyəti təşkilatları, o cümlədən əvvəllər seçki müşahidəsi ilə məşğul olanlar dedilər… Siz necə, deyilənləri bölüşürsünüzmü?
– Bəli. Nəinki bu, başqa ölkələrin də hesabatlarını tutuşduranda dil və üslub arasında bir az fərqlər var. Amma biz bir məqamı nəzərə almalıyıq, ATƏT kimi institutun Azərbaycana yanaşması bir az fərqlidir. Çünki Azərbaycanda getdikcə siyasi qorxu mühiti artmaqdadır. Bu, son 5-6, bəlkə 10 ildə açıq görünür. Əsasən 2013-cü il həbslərindən sonra vətəndaş cəmiyyətində, siyasi partiyalarda və mediada bir qorxu mühiti yaranıb. İnsanlar ATƏT-in müşahidəçiləri ilə söhbətlərində rahat şəkildə fikirlərini ifadə edə bilmirlər. 2020-ci ilin parlament seçkiləri vaxtı namizədlərin təmsilçilərinə, vətəndaş cəmiyyətlərinin nümayəndələrinə, jurnalistlərə ATƏT-in müşahidəçiləri ilə görüşdən sonra təzyiqlər başlamışdı. Məncə, bu cür ifadələrin hesabatlara düşməsinin arxasında həm də Azərbaycandakı siyasi qorxu mühiti dayanır. Hazırkı siyasi mənzərə nəinki 2015, heç 2018-ci ilin siyasi mənzərəsi də deyil. Seçkiöncəsi həbslərin dinamikasına baxın, bir redaksiyanın 6 əməkdaşı həbs edildi, xeyli sayda ictimai fəal həbsdədir, Həmkarlar İttifaqı Konfederasiyasından 3 nəfər həbsdədir. İlin əvvəlində Bəxtiyar Hacıyevin, Nazim Bəydəmirlinin həbsi… Mən Qubad İbadoğlunun siyasi fəaliyyətini, siyasi çıxışlarını bir neçə dəfə izləmişəm, az-çox da siyasi prosesləri təhlil etmək təcrübəm var, gəldiyim qənaət bu idi ki, o potensial namizəd kimi ortaya çıxacaqdı. Düşünürəm ki, Qubad bəyin həbsi məhz növbədənkənar seçki öncəsi başlanan repressiyalarla bağlıdır. Çünki Qubad bəy siyasi iddiasını ortaya qoymuşdu və siyasi hərəkatın rəhbəri idi, bəlkə də 7 fevral növbədənkənar Prezident seçkisində namizəd olacaqdı. Yəni budəfəki proses 2018-ci ildəkindən fərqlidir. Hazırda hüquq müdafiəçilərinin açıqladığı məlumata görə 250-dən çox siyasi məhbus var. Böyük rəqəmdir.
– Hətta əvvəlki seçkilərdə bu qədər siyasi məhbus olmamışdı…
– Mən 2005-ci ilin seçkiöncəsi çoxlu siyasi məhbsuların olduğunun şahidi olmuşdum. Ancaq onlar azad edildilər, hətta 2003-cü il seçkisindən sonra həbs olunanlar da…
– Və onlar parlament seçkilərinə də qatıldılar.
– Bəli. 2005-ci ilin seçkisi demokratik mühit baxımından indikindən xeyli əlverişliydi.
– Gələk Qərbin, xüsusən ABŞ-ın seçkiyə münasibətinə. Bir neçə gün öncə ABŞ Dövlət Departamentinin rəsmisi Miller brifinqdə “Turan”ın müxbirinin seçkilərlə bağlı sualına belə cavab verdi: “Mənim sadəcə olaraq Azərbaycanda daxili seçkilərlə bağlı heç bir şərhim yoxdur”. Amma Gürcüstanda Baş nazirin istefası və seçkiləri şərh etdi. Bu fərqli yanaşmanı necə qiymətləndirirsiniz?
– Belə bir tendensiyanın olması ilə razıyam. Amma bunun bir səbəbi var, Gürcüstanla Azərbaycanın, o cümlədən, başqa postsovet ölkələri arasında insan hüquqları və demokratiya məsələlərinə Qərbin münasibəti fərqlidir. Çünki Gürcüstandan və Ermənistandan daha çox gözləntiləri var. Amma Azərbaycandan və başqa ölkələrdən gözləntiləri yoxdur. Bunun çox sadə səbəbi var, birinci, həmin ölkələrin siyasi rəhbərliyi Qərb və beynəlxalq təşkilatlarla münasibətlərində insan hüquqları və demokratik proseslərdə yardım istəyib və dəstəklərini ifadə ediblər. Yəni siyasi iradələrini ortaya qoyublar və aralarında bu məsələlərlə bağlı razılaşma var. Amma Azərbaycan və başqa ölkələrlə bağlı belə razılaşma yoxdur. Rəsmi Bakı Qərblə münasibətlərində insan hüquq və azadlıqlarının, demokratiya, qanunun aliliyi, yaxşı idarəçiliyin arxa plana keçirilməsini istəyir, yəni bu mövzular onların münasibətlərində meyar olmasın.
– Bəlkə Qərbin özü də buna şərait yaradıb? Məsələn, 1998-ci il seçkilərində Azərbaycanda seçki təbliğat-təşviqat kampaniyası dövrü 2 ay idi, bu gün 23 gündür. Sualımı ona gətirirəm ki, ABŞ başda olmaqla Qərbin hakimiyyətlə münasibətlərində birinci enerji, ikinci təhlükəsizlik, sonra insan hüquqları və demokratiya gəlir. Yəni indiki vəziyyəti sadaladıqlarım yaratmayıbmı?
– Təbii ki, iddia edə bilmərik ki, ABŞ və digər dövlətlərin Azərbaycanda, ümumiyyətlə, başqa bu kimi ölkələrdə missiyası demokratiyanı qorumaq olmalıdır. Bu qədər sadəlövh olmağa gərək yoxdur. Onlar demokratiyanı, insan hüquq və azadlıqlarını Azərbaycan vətəndaşlarından daha artıq istəyəsi deyillər. Həmin ölkələr də nə daha asan başa gəlir və onların geosiyasi maraqlarına cavab verirsə, ondan yapışırlar. Tutalım, Bakı Qərbə dostluq və qardaşlıqla bağlı enerji siyasətini təklif edir, deyir ki, bu məsələlərdə əməkdaşlığa imkanı var, başqa sahələrdə yox. Qərb də ya razılaşır, ya da razılaşmır. Amma fakt budur ki, illərboyu razılaşıblar. Rəsmi Bakı Qərblə geosiyasi maraqları baxımından balanslı siyasət yürüdüb, nə Rusiyaya, nə də Qərbə bir o qədər yaxınlaşıb. Düzdür, bəzi hallarda Qərbə yaxınlaşma olub. Amma ümumən Azərbaycan hakimiyyətinin siyasəti balanslı olub. Milli təhlükəsizlik məsələlərində Azərbaycanın hava məkanları NATO qoşunlarının üzünə açılıb, bir sıra hərbi məsələlərdə əməkdaşlıq olub. Ancaq insan hüquqları və demokratiya məsələlərində bu əməkdaşlığı qəbul etməyib.
– Halbuki, Bakının Avropa Şurası qarşısında öhdəlikləri var…
– Məsələ ondadır ki, Avropa Şurası kimi bir qurumun arxasında dayanan, təsisçisi olan ölkələr, bura ABŞ daxil deyil, Böyük Britaniya, Almaniya və Fransanın şuranın legitimliyini qorumaqla bağlı addımlarına ehtiyac var. Bu baxımdan AŞPA-nın məlum qərarı bir qədər gecikib. 2013-cü ildə deputat Ştrasser siyasi məhbuslar üzrə məruzəçiydi, onu Azərbaycana buraxmadılar. Lakin AŞPA nəinki Ştrasserin hazırladığı məruzəni qəbul etmədi, hətta onun Azərbaycana buraxılmamasına münasibət bildirmədi. 10 il sonra AŞPA həmməruzəçilərin Azərbaycana buraxılmamasından qəzəblənərək nümayəndə heyətinin etimadnaməsini tanımır. Düşünürəm ki, AŞPA 10 il gecikib. Biz razılaşmalıydıq ki, dünyanın heç də Azərbaycana münasibəti düşməncəsinə deyil. Bir sıra məsələlərdə mövqeyimizi bölüşənlər də var, yaxud əksinə deyənlər də. Dünyada hamı Qarabağ məsələsində Azərbaycanın əleyhinə deyil. Elə olsaydı, BMT-də, AŞPA, Avropa Parlamentində Azərbaycanın xeyrinə qətnamələr qəbul olunmazdı. Yəni biz işləyəndə dünyanı inandıra bilirik ki, Azərbaycanın ərazi bütövlüyü dünyanın problemidir və bu məsələdə münasibət bildirilməlidir. Ancaq insan hüquqları ilə bağlı problemlərlə Qarabağ məsələsini sinxron yaratmaq da doğru deyil. Çünki insan hüquqları elə 90-cı illərdən problemdir də. Doğrudanmı, Azərbaycan tarixində elə bir dönəm olub ki, azad seçkilər keçirilib, məhkəmələr müstəqil olub, medianın və siyasi partiyaların fəaliyyəti üçün maneçiliklər yaradılmayıb? Əgər bunlar olmayıbsa, biz niyə AŞPA-nın qərarını top-tüfənglə qarşılamalıyıq?
– Yekun olaraq, son bir neçə həftədə MSK durmadan vətəndaşlara mesaj göndərir ki, seçkidə fəal olun. Axı qanunvericilikdə kvota yoxdu, lap 10 nəfər də getsə Prezidenti seçə bilər. Ümumiyyətlə, gedən seçicinin faizini hesablayıb bölürlər, yoxsa səsvermə hüququ olan əhalinin getməməsi önəm daşımır?
– Əvvəla, MSK-nın vətəndaşlara SMS göndərməsi qurumun qanunla müəyyən olunan öhdəliklərinə daxil deyil. MSK-nın vəzifəsi insanları seçkiyə gətirmək olmamalıdır. MSK seçkini təşkil edən qurumdur və komissiyanın işi texniki səciyyə daşıyır. Komissiyaya tapşırırlar ki, namizədləri qeydiyyatdan keçir, jurnalistləri akkreditasiyaya al, seçici siyahılarını tərtib et və seçki günü də qutuları hazırla ki, insanlar gəlib səs versin. Amma Azərbaycanda MSK-nı monstr bir quruma çeviriblər. Sadəcə, məhkəmələrin müstəqil olmadığı ölkədə indi MSK çox matah və mötəbər institut orqan kimi ortaya çıxıb. Amma əslində normal demokratik ölkələrdə məhkəmə əsas söz sahibidir. Norveçdəki seçkilərlə bağlı adi bir misal: bu ölkənin seçki qanunu 3-4 səhifədən ibarətdir. Amma eşitmisinizmi Norveçdə qeyri-demokratik seçki keçirilsin?
– Xeyr.
– Norveçdə seçki komissiyalarının təşkilində bütün insanlar, partiyalar, qeyri-hökumət təşkilatları rahat şəkildə iştirak edirlər. Mən Azərbaycanda heç vaxt MSK-nın iclasını müşahidə edə bilməmişəm, amma Norveçə bir səfərimlə MSK-nın iclasını rahat şəkildə müşahidə etdim. Çünki Azərbaycanda MSK-nın iclasını müşahidə etmək üçün xüsusi qaydada qeydiyyatdan keçməlisən. Əlahiddə müşahidəçi statusu almaqdan ötrü mütləq MSK-nın püşkatmasından keçməlisən. SMS-lərə gələk, bunlar pulsuz deyil, yəqin ki, “Bakcell” və “Azercell”ə vəsait ödənilir.
– Sual yaranır, tender keçirilibmi?
– Bilmirəm, bunun özü də maraqlı mövzudur. İkincisi, insanlar seçkiyə gəlsə də, gəlməsə də, sadə səsçoxluğu ilə Prezident seçiləcək. SMS-lərin arxasında o dayanır ki, seçici fəallığı ilə bağlı ciddi narahatlıq var. Bunun da başlıca problemi heç də ictimai fəallığın aşağı olması deyil, açıqlanan rəqəmlərdə problem var. Azərbaycanda 6 milyondan artıq seçicinin olduğunu düşünmürəm.
– Azdır, yəni təqribən nə qədərdir?
– Rəqəm demək çətindir. Mütləq monitorinq keçirilməlidir, amma bu da çox çətindir. Deyirlər ki, 2020-ci ildən 2023-cü ilə qədər seçicilərin sayında 1 milyon artım olub. Bunu necə açıqlaya bilərlər, nəyin hesabına artım olub? Səsvermə yaşı çatan insanların sayıdır, yoxsa ölkəyə miqrant axını var?
– Yox, daha çox məlum müharibədən sonra Ukraynadan və Rusiyadan gələnlərin olduğunu deyirlər…
– Rəqəmlər açıqlasınlar, biz də Ukraynaya və Rusiyaya baxaq, görək, tərk edənlərin sayı nə qədərdir. Yəni bunları rəqəmlərlə isbatlamaq lazımdır. Bir daha təkrar edirəm, mən Azərbaycanda faktiki 6 milyon seçicinin yaşadığına şübhə edirəm. MSK bununla bağlı inamsızlığı aradan qaldırmaq üçün heç bir addım atmır. Üçüncüsü, sadəcə, seçici fəallığını artırmaq istəyirlər, onların kimə səs verməsini yox, amma unudurlar ki, prosesin özünü maraqlı etmək lazımdır. Sanki teatr tamaşası hazırlayıblar və dövlət idarələrinə bilet paylayıblar ki, gəlin tamaşaya baxın. Çünki tamaşa maraqsız olduğundan insanlar pul verib gəlib baxmayacaqlar. Bu da yetmirmiş kimi dövlət idarələrinə zəng edib deyirlər ki, işçilərinizi gətirin. Yəni pulsuz biletə də gəlmirlər.
– Bir gün əvvəl Meydan TV-nin Şamaxıdan yaydığı reportajdakı kimi, seçicilər Razi Nurullayevin görüşünə gəliblər, amma bilmirlər ki, kimdir…
– Digər namizədlərlə bağlı da oxşar hal yaşanıb, görüşdən çıxan tələbələrdən soruşublar ki, namizəd kimdir, tanımadıqlarını deyiblər.