Azərbaycan mətbuatı 148 yaşını necə keçirib?

Media. Foto: Ülviyyə Əli.

Həbslər, polis basqısı, yeni qəbul edilən qanunun tətbiqi, media reyestrinin tələblərinin işə düşməsi, bloklamalar…

Ötən il media məkanı daha çox müstəqil media təmsilçilərinin həbsi, “Media haqqında” Qanunundan irəli gələn media reyestrinin tələblərinin işə düşməsi ilə yadda qalıb.
Doğrudur, Azərbaycan hakimiyyəti, rəsmiləri tez-tez çıxışlarında ölkədə media azadlığının təmin olunduğunu, jurnalistlərə hər hansı basqı olmadığını desələr də, bir sıra müstəqil və müxalif media saytlarının ölkədə bloklanması, həbslər əksini deyir.

Ümumiyyətlə, 2023-cü il Azərbaycan mediasının, jurnalistlərinin həyatında hansı hadisələrlə yadda qalıb? Nələr yaşanıb?
Baş verənlərin hamısını Meydan TV-nin illik hesabatından öyrənə bilərsiniz:

Sevinc Vaqifqızı ilə bağlı şikayətə xitam verilib

Bu il Bakı Apelyasiya Məhkəməsi məktəb direktorunun müavininin jurnalist Sevinc Abbasova (Vaqifqızı) barəsində verdiyi şikayətə xitam verib.

Sevinc Vaqifqızı növbədənkənar prezident seçkisi zamanı 251 saylı məktəbdə çəkdiyi video-materiala görə həmin məktəbin direktor müavini Elmira Alandarova və (daha sonra işdən azad olunub) ailəsi tərəfindən məhkəməyə verilmişdi.

Sevinc Vaqifqızı. Foto: Meydan TV

Məhkəmə çəkişməsi 5 il idi davam edirdi. Qarşı tərəf əvvəlcə video materialın Meydan TV-nin, “Azadlıq” qəzetinin səhifəsindən silinməsi, sonra isə Sevinc Vaqifqızının ölkədən çıxışına qadağa qoyulması, həbs edilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdi. Bu tələblərlə verilən şikayət təmin edilmədi.

Jurnalistin xanımı etiraz edib

Yanvarın 24-də “Xural” saytının həbsdə olan rəhbəri Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı Baş Prokurorluğun İstintaq İdarəsinin binası qarşısında etiraz aksiyası keçirib. O, jurnalistin həbsdə olduğu müddətdə ailəsi ilə görüşə və zənglərinə məhdudiyyətə etiraz etdiyini bildirib:

Əvəz Zeynallı dövləti cinayət törətməyib və ailəsi ilə görüşüb əlaqə saxlamaq onun doğal hüququdur”.

Əvəz Zeynallı. Foto: Meydan TV

M.Zeynallı bütün sivil variantlara əl atdığını qeyd edib:

Prezidentə müraciət etdim, ondan sonra Əvəz Zeynallı, mən ombudsmana müraciət etdik, dedilər ki, mümkün qədər kömək edəcəyik. Düşünürdüm ki, prezidentə müraciətdən sonra bu qadağalar aradan qalxacaq, çünki Əvəz Zeynallının həbsi qanunsuzdur və ailəsi ilə görüşünün qarşısının alınması təzyiq üsullardan biridir”.

Hazırda həbsdə olan jurnalist Cəmil Məmmədli üçün il rahat keçməyib. Xaçmazda yaşayan və təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilən Cəmil Məmmədli yanvarın 18-də saxlanılıb, sonra isə axşam saatlarında polis nəzarətinə verilib.

Bir neçə ay sonra isə təkrar həbs olunub (Bu barədə aylar üzrə məlumatlarda qeyd olunub – red.) Jurnalist Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən, yaxud ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsilə ittiham olunur. Haqqında cinayət işinin istintaqı Xaçmaz Rayon Polis Şöbəsində aparılıb.

“Yaradılacaq reyestr, mahiyyətcə lisenziya, icazə rolunu oynayacaq, bu da Azərbaycan Konstitusiyasına ziddir”

““Media haqqında” Qanunun qəbulu, Media Reyestrinin yaradılması ilə bağlı müddəaların tətbiqi ifadə, media azadlığına ziddir”.

24 dekabr aksiyası, Foto: Meydan TV

Azərbaycanın müstəqil jurnalistləri və media mütəxəssisləri “Media haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi nəticəsində ortaya çıxan problemlərlərlə bağlı mövqe sənədi imzalayıb. Əsas etiraz isə vahid media reyestrinin yaradılmasınadır.

Onlar reyestrin məqsədinin sırf media azadlığını buxovlamaq olduğunu düşünürlər.

“Azərbaycan üçün kədərli yubiley”

“Sərhədsiz Reportyorlar” Təşkilatı (RSF) yeni “Media Haqqında” Qanunun qəbulunun ildönümünü “Azərbaycan üçün kədərli yubiley” adlandırıb.

Sərhədsiz Reportyorlar Təşkilatı, Foto: By Casimiro PT/Shutterstock

Bu barədəki “Twitter” postunda bildirilib ki, media sektoruna nəzarəti gücləndirən və jurnalistlərə qarşı pozuntuları legitimləşdirən yeni qanunun qəbulundan bir il ötür.
RSF Azərbaycan hökumətindən qanuna yenidən baxılmasını tələb edib.

Söyüdlü hadisələrini işıqlandırdıqları üçün

Gədəbəyin Söyüdlü kəndində çəkiliş edən “Abzas Media”-nın əməkdaşı Nərgiz Absalamova, “Amerikanın Səsi”-nin jurnalisti Nigar Mübariz və bloger Elsevər Muradzadə polis zorakılığı ilə üzləşib.

Bildirmələrinə görə, polislər onları zorakılıqla saxlayıb, Nərgizin qolunu burub. O, buna etiraz etdiyindən ağzını bərk-bərk sıxıblar. Səbəb isə onların Söyüdlü sakinlərinin şikayətlərini işıqlandırması olub.

Foto: Elməddin Şamilzadənin şəxsi arxivindən

Sonra reportyor Elməddin Şamilzadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsinə çağırılıb. Səbəb Söyüdlü sakinlərinin problemini işıqlandırması olub. Bundan sonra isə o, polis tərəfindən saxlanılıb. Tezliklə sərbəst buraxılan reportyor polis zorakılığı ilə üzləşdiyini bildirib.

Jurnalistin işinə müdaxilə

İyunun 16-da Milli Məclisin önündə etiraz aksiyasını işıqlandıran Toplum TV-nin əməkdaşı Fatimə Mövlamlı polisin onun işinə mane olduğunu bildirib. Deyib ki, polis ona çəkilişin qarşısını almaq üçün xəsarət yetirib.

Aksiyanı işıqlandıran zaman polis avtomobili ayağımın üstündən keçdi. Onlar bunu qəsdən etdilər, sırf çəkilişimə mane olmaq üçün”.

Fatimə Mövlamlı 31 mart mitinqində
Foto: Fatima Mövlamlının şəxsi arxivindən

Fotobloger Vəli Şükürzadə də il ərzində 30 günlük həbsə məhkum edilib. Ona qarşı xuliqanlıq və polisə müqavimət ittihamları verilib. Özü isə bunun yalan olduğunu, sırf peşə fəaliyyətinə görə həbs edildiyini bildirib.

Reportyor Nurlan Qəhrəmanlı da sentyabrın 21-də İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsi ilə cəzalandırılıb.

Nurlan Libre
Foto: Meydan TV

Eyni gündə Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İşlər İdarəsində “Facebook” hesabındakı paylaşımlarına görə onun haqqında protokol hazırlanıb. Ardınca da o, Yasamal rayon Məhkəməsində hakim önünə çıxarılıb.

Jurnalist deyir ki, istər saxlanılıb evindən aparılanda, istərsə sonradan zorakılığa məruz qalıb. Bu barədə o, sentyabrın 26-da Bakı Apelyasiya Məhkəməsində danışıb. Həmin məhkəmədə onun haqqındakı 30 sutkalıq inzibati həbs qərarından verilmiş şikayətə baxılıb.

Ofisindən çıxarılan kanal

RLC (Red Line Channel) kanalı fəaliyyətini müvəqqəti dayandırmalı olub. Səbəb kanalın yerləşdiyi ofisdən çıxarılmasıdır.

Mənbə: RLC Video Screenshot

Bu barədə Meydan TV-yə danışan kanalın baş redaktoru Samirə Qasımlı deyib ki, RLC ölkədə tək-tük öz sözünü deyə bilən media kanalı idi:

“Azərbaycandakı mövcud idarəetmənin qırmızı xətlərinə toxunurdu, sistemin mahiyyətini açmağa yönəlik fəaliyyət göstərirdi. Odur ki, işləməsinə mane olmağa çalışırlar”.

Azadlıq Radiosunun Bakı xidmətindən narazı jurnalistlər

İl ərzində sosial şəbəkənin Azərbaycan seqmentində, eləcə də yerli və beynəlxalq mediada “Azadlıq” Radiosunun keçmiş əməkdaşlarının narazılıqları müzakirə oldu.

Narazılıqlarını sosial şəbəkələr vasitəsilə ictimailəşdirən radionun keçmiş əməkdaşları isə işçilərin bu qurumun Azərbaycan bölümünün rəhbərliyində təmsil olunan şəxslər tərəfindən bulinqə məruz qaldıqlarını bildiriblər.

Mənbə: Reuters

Onlar bir neçə iddia səsləndiriblər. Həm Praqa, həm Bakı bürosunun əməkdaşları işdə sıxışdırıldıqlarını, haqsız yerə tənqid olunduqlarını və son nəticədə qanunsuz şəkildə, öncədən heç bir xəbərdarlıq edilmədən işdən uzaqlaşdırıldıqlarını deyiblər.

Əməkdaşların şikayətləri ilə bağlı beynəlxalq jurnalist təşkilatları, eləcə də Azərbaycanın vətəndaş cəmiyyəti radionun Azərbaycan bürosunda araşdırma tələbi ilə çıxış ediblər.
RF/RL baş ofisi uzun müddət sonra açıqlama verərək, araşdırma aparıldığını, deyilənlərin təsdiqini tapmadığını bəyan edib.

Həbslər

Avqustun 24-də Sumqayıt Şəhər Ağır Cinayətlər Məhkəməsi jurnalist Cəmil Məmmədli haqda həbs qərarı çıxarıb. Jurnalist məhkəmə zalındaca həbs edilib.

Vəkili Fariz Namazlı bildirib ki, Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4, 182.2.1, 182.2.2 və 221.2.2 maddələri (hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, dələduzluq) ilə ittiham olunur.
Cəmil Məmmədli isə ittihamı qəbul etmir.

Cəmil Məmmədli. Mənbə: Media Hüququ İnstitutu

İl ərzində “Hürriyyət” qəzetinin baş redaktoru və eyni adlı internet televiziyasının rəhbəri Vüqar Məmmədov da həbs olunub. Onun haqqında İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, yaxud qarşısının alınmaması) maddəsilə 1 aylıq həbs qərarı verilib.
Onun rəhbərlik etdiyi media orqanında çıxış edərək, müəyyən fikirlər səsləndirən keçmiş hərbçi, polkovnik Elnur Məmmədov da onunla birlikdə eyni şəkildə cəzalandırılıb.

Avropa Məhkəməsi qərarı

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) martın 2-də Azərbaycandan göndərilən ərizələr üzrə dörd yekun qərar və qərardadını elan edib. Həmin işlərdən biri hazırda mühacirətdə olan jurnalist Əfqan Muxtarlının şikayəti ilə bağlıdır.

O, polisdə saxlanması və inzibati qaydada cərimə (50 manat) edilməsindən şikayət verib.
AİHM bu işdə ona münasibətdə azadlıq və toxunulmazlıq, habelə ədalətli məhkəmə araşdırması hüququnun pozulduğuna qərar verib.

Qərara əsasən, hökumət Əfqan Muxtarlıya mənəvi zərər əvəzi 3 min, xərc və məsrəf əvəzi ümumilikdə 1000 avro təzminat ödəməlidir.

Jurnalist Əfqan Muxtarlı
Foto: Meydan.TV

AİHM Azərbaycandan göndərilmiş bir neçə şikayət üzrə də qərarlarını elan edib.
Məhkəmə “Xural” qəzetinin həbsdə olan baş redaktoru “Əvəz Zeynallı Azərbaycana qarşı” işində ərizəçinin ifadə azadlığı hüququna müdaxilə olunduğu qərarına gəlib.
Məhkəmə işi 2010-cu ildə “Xural” qəzetinin iki məqaləyə görə mülki qaydada cərimə edilməsinin ifadə azadlığı hüququna zidd olması iddiası ilə bağlı idi.

Mübahisəli “İlham Əliyev “Xural”ın prezidenti deyil?!” və “Mətbu qəssab” məqalələrində bir sıra məsələlərlə yanaşı, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun hazırda mənimsəmə ittihamı ilə həbsdə olan icraçı direktoru Vüqar Səfərli də tənqid olunmuşdu.
Vüqar Səfərli şərəf və ləyaqətinin aşağılanması əsası ilə məqalələrdən məhkəməyə şikayət etmiş, məhkəmələr “Xural” qəzetini 5 min manat cərimələmişdilər.
Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc əvəzi 6 min avro ödəməlidir.

Qənimət Zahid
Foto: Qənimət Zahidin şəxsi arxivndən

Digər qərar isə “Azadlıq” qəzetinin baş redaktoru “Qənimət Zahid Azərbaycana qarşı” işi ilə bağlıdır. Məhkəmə ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1) pozulduğuna qərar verib.

Bu məhkəmə işi ərizəçinin 2007-ci ildə xuliqanlıq ittihamı ilə azadlıqdan məhrum edilməsi ilə bağlıdır. Yerli məhkəmələr ərizəçini təqsirli bilib, barəsində 4 il müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarıblar. Bundan sonra, 2010-cu ildə Qənimət Zahidov Azərbaycan prezidenti tərəfindən əfv edilib. Avropa Məhkəməsi bu işdə ərizəçinin ədalətli məhkəmə araşdırması hüququnun (maddə 6.1) pozulduğuna qərar verdi. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər və xərc əvəzi 6 min avro ödəməlidir”.

“Stop”lara görə təzminatlar

“Şahvələd Namazov Azərbaycana qarşı” – məhkəmə işi jurnalist olan ərizəçinin ölkədən çıxışına rəsmi qurumlar tərəfindən qadağa qoyulması ilə bağlıdır.
Ərizəçi həmçinin AİHM qarşısında Konvensiyanın 10 və 18-ci maddələrinin pozuntusundan da şikayət edib.
O, AİHM-ə şikayətində bildirib ki, hərəkət etmək azadlığına qoyulan məhdudiyyət qanunauyğun və Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi baxımından zəruri olmayıb.

Yazar Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu. Foto: Meydan TV

Bu işdə hökumət AİHM-ə təktərəfli bəyannamə təqdim edib. Ərizəçinin effektiv müdafiə vasitələrinə malik olmaq və hərəkət azadlığı hüququna müdaxilənin baş verdiyini etiraf edib, ərizəçiyə ümumilikdə 6 min avro təzminatın ödənilməsini və işin baxılacaq ərizələrin siyahısından çıxarılmasını təklif edib.

Azərbaycan daha 16 min 500 avronu isə müstəqil jurnalistlərin ölkədən çıxışına qoyulan qanunsuz qadağa ilə bağlı ödəyəcək.

“Aynur Qənbərova Azərbaycana qarşı” qərarla hökumət üç şikayətçiyə mənəvi zərərə görə 5 min, hüquqi məsrəflərə görə 500 avro ödəməlidir.

Şikayətçilər müstəqil jurnalistlər Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı və Aytac Əhmədovadır.

Avropa Məhkəməsi, Foto: By Maykova Galina/Shutterstock

Onlar AİHM qarşısında ədalətli məhkəmə araşdırması, hərəkət azadlığı, ifadə azadlığı və effektiv hüquqi müdafiə imkanlarına sahib olmaq hüquqlarına müdaxilə edildiyini iddia ediblər.

AİHM qərarda Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi və Konvensiyanın 13-cü maddəsi ilə bağlı şikayətləri məqbul hesab edib.

Məhkəmə Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi və Konvensiyanın 13-cü maddəsinin pozuntusunu tanıyıb.
Qərara alıb ki, cavabdeh dövlət Konvensiyanın 34-cü maddəsi üzrə öz öhdəliklərini yerinə yetirməyib.

Bloklamalar

Daha sonra Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzova Baş Prokurorluğun müraciəti əsasında “Hürriyyət” qəzetinin “Youtube”dakı eyni adlı kanalına girişin məhdudlaşdırılması barədə qərar çıxarıb.

Baş Prokurorluq isə Müdafiə Nazirliyinin xahişilə “Hurriyyet TV” kanalını bağlatdırmaq üçün iddiaçı qismində çıxış etməyə razılıq verib.

2023-cü il ərzində media reyestrindən qeydiyyatdan keçmək üçün müraciət etməyən sayt dia.az-ı Medianın İnkişafı Agentliyi (MEDİA) məhkəməyə verib.
Bu barədə açıqlama verən sayt rəhbəri Məhəmməd Zamanov (Ərsoy) deyib ki, internet resursu artıq sayt yox, bloq kimi fəaliyyət göstərir.

Foto: arxiv

Məhkəməyə gəlincə, Ərsoy deyir ki, Medianın İnkişafı Agentliyi “dia.az” bloquna qarşı “Media subyektinin və onun redaksiyasının fəaliyyətinə xitam verilməsi” iddiası ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib:

Mənə məhkəmədən məktub gəlib. Orada bildirilir ki, noyabrın 14-də məhkəmədir. Tələb reyestr üçün müraciət etmədiyimiz üçün mənim jurnalist, saytın da media qurumu kimi fəaliyyətinə icazə verilməməsidir”.
Daha sonra məhkəmə qərarı ilə sayta giriş məhdudlaşdırılıb.

Kiber hücumlar

Xaricdən fəaliyyət göstərən azərbaycandilli media orqanı “Mikroskop Media”nın haker hücumuna məruz qalıb.

Bu barədə Meydan TV-yə danışan saytın həmtəsisçisi və baş redaktoru Fatimə Kərimova deyib ki, kibercinayətə görə Azərbaycan hökumətindən şübhələnir:

Haker qrupları. Foto: Raland/shutterstock

“İlin əvvəlindən etibarən Qarabağda baş verənlərlə bağlı dərc etdiyimiz materiallar və tənqidi mövqeyimizə görə başqa növ hücumlara, təhqir və təhdidə məruz qalmışıq. Eləcə də hökumətyönlü sayt və televiziyalar “Mikroskop Media” ilə bağlı reportajlar paylaşıb, bizi “vətən xainliyi”ndə ittiham ediblər”.

“AbzasMedia” işi

“AbzasMedia”nın direktoru Ülvi Həsənli noyabrın 20-də saxlanıb. Ona qarşı qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb.

Bir gün sonra “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı da saxlanılıb, ona qarşı da eyni ittiham irəli sürülüb.

Арестованные директор и шеф-редактор Abzas Media. Иллюстрация Мейдан ТВ

Həmçinin media qurumun direktor müavini, ictimai fəal Məhəmməd Kekalova qarşı da eyni ittihamla cinayət işi açılıb. Hər üçü 4 aya yaxın azadlıqdan məhrum edilib.
İşlə bağlı şahid qismində istintaqa çağırılan jurnalist Nərgiz Absalamova da eyni maddə ilə ittiham edilərək, həbs edilib.

Jurnalistlər ittihamları əsassız sayır, sırf “AbzasMedia”nın korrupsiya araşdırmalarına görə həbs edildiklərini bildirirlər.

Noyabrın 21-də Xətai Rayon Məhkəməsinin qarşısında jurnalist İslam Şıxəlinin saxlanılıb.
İslam Şıxəli həmkarı Sevinc Vaqifqızının məhkəmə prosesindən reportaj hazırlamaq istəyərkən polislər adamları itələyərək onlara yolu bağlamaqda irad tutub.
Bu məqamda İslam Şıxəlinin polislərin özlərinin yolu bağladıqları reaksiyası onun saxlanması ilə nəticələnib. Daha sonra journalist sərbəs buraxılıb.

“Kanal 13”-ə qarşı təzyiq

Dekabrda “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov barəsində CM-in 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti…) maddəsi ilə cinayət işi açılıb. Əziz Orucov barəsində həbs qətimkan tədbiri seçilib.

Rüfət Muradlı. Foto: Facebook

“Kanal 13″ün aparıcısı Rüfət Muradlı isə dekabrın 2-də kiçik xuliqanlıq və polisin əmrinə tabe olmamaq ittihamları ilə saxlanılıb, 30 sutkalıq həbsə məhkum edilib. “Kanal 13″ün baş redaktoru Anar Orucov jurnalistin ittihamı rədd etdiyini deyir.
Orucov bu ittihamları “Kanal 13” və digər müstəqil mediaya davam edən təzyiqin tərkib hissəsi adlandırıb.

Dekabrın 12-də “Kanal 11” internet televiziyasının rəhbəri Teymur Kərimov barəsində Nərimanov Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Onun barəsində hədə-qorxu ilə tələbetmə maddəsi ilə cinayət işi başlanıb və hazırda istintaq hərəkətləri aparılır.

Araşdırmaçı jurnalist də “AbzasMedia” işinə görə saxlanılıb

Dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıb. Bu barədə onun ailə üzvləri məlumat veriblər. Bildiriblər ki, bu gün, dekabrın 13-də Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları evində axtarış da aparıblar. Daha sonra isə Hafiz Babalı BŞBPİ-nə aparılıb.

Hafiz Babalı. Foto: Meydan TV

Dekabrın 14-də isə Xətai rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. O da “AbzasMedia”nın digər əməkdaşları kimi qaçaqmalçılıqda ittiham edilir.

Hafiz Babalı noyabrın 28-də BŞBPİ-də ifadəyə çağırılmışdı. “AbzasMedia” işi ilə bağlı şahid qismində dindirilmişdi. Özünün də deməsinə görə, o, “AbzasMedia”da dərc olunan çoxsaylı arasdırmaların müəllifidir və bunu heç vaxt gizlətməyib.

Azərbaycan mediasına “beynəlxalq baxış”

“Freedom House” insan haqları təşkilatı bildirir ki, artıq 13 ildir qlobal internet azadlığının vəziyyəti pisləşir, ifadə azadlığına hücumlar adiləşir.

Qurumun yaydığı “İnternet Azadlığı 2023” adlı hesabat altı regionda 70 ölkəni əhatələyir, internet üç qrupa bölünür – “azad”, “qismən azad” və “qeyri-azad”.

Freedom House
Foto: Meydan TV

Azərbaycan bu il də interneti azad olmayan ölkələrin yanında yer alıb. Məhdudlaşdırmalar sırasında sosial media platformalarının, siyasi, sosial və dini kontentli vebsaytların bloklanması, hökumətyönlü şərhçilərin onlayn platformalarda diskussiyaları manipulyasiya etməsi göstərilir.

“Sərhədsiz Reportyorlar Təşkilatı” (RSF) 21-ci Dünya Mətbuat Azadlığı İndeksini yayıb. Mayın 3-də Dünya Mətbuat Azadlığı Günündə açıqlanmış indeks mətbuat azadlığı sahəsində siyasi, sosial və texnoloji çalxalanmalardan doğan radikal dəyişikliklərə işıq salır.

Azərbaycan indeksdə 180 ölkə arasında 151-ci yerdə qərarlaşıb. Birinci yerdə Norveç, 180-ci yerdə Şimali Koreya yerləşib.
Azərbaycan isə indeksdə Pakistan və Əfqanıstan arasında qərarlaşıb.

Ana səhifəSiyasətAzərbaycan mətbuatı 148 yaşını necə keçirib?