Fərid Şəfiyev isə deyir ki, Fransa Azərbaycana qarşı diplomatik müharibə aparır
İsmayıllı şəhəri ilə Fransanın Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşdüyü bildirilir.
Bu barədə dekabrın 28-də İsmayıllı Rayon İcra Hakimiyyətinin yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda vurğulanır ki, 2015-ci ilin may ayında İsmayıllıda Fransanın Evian-Le Ba şəhəri ilə Dostluq və Əməkdaşlıq Xartiyası imzalanıb:
“Həmin dövrdə xartiyanın imzalanmasının məqsədi iki şəhər arasında dostluq əlaqələrini inkişaf etdirmək, mədəniyyət, turizm və iqtisadiyyat sahələrində ikitərəfli əlaqələrə töhfələr verməkdən ibarət olub. Hətta bu istiqamətdə praktiki addımlar atılıb, tərəflər arasında qarşılıqlı səfərlər baş tutub”.
“Əməkdaşlığın davamı kimi 2017-ci ildə Evian şəhərində “Azərbaycan bağı”nın və parkda “Dostluq” bulağının, eləcə də görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin açılış mərasimi keçirilib. Eyni zamanda, İsmayıllı şəhər mərkəzi parkında “Azərbaycan-Fransa dostluq parkı” lövhəsi yerləşdirilib”, – deyə bəyanatda vurğulanır.
İcra Hakimiyyəti bildirir ki, “Qardaşlaşmış şəhərlər” ideyasının fərqli xalqların mədəniyyətinə xidmət etməsi və müxtəlif millətlərdən olan insanlar arasında körpülər yaratması, o cümlədən bu konsepsiyanın siyasətdən kənar olmasına baxmayaraq, Fransa bu məsələni siyasiləşdirib.
Sənəddə qeyd olunur ki, Fransa II Qarabağ müharibəsində Ermənistanı dəstəkləyib:
“2023-cü il dekabrın 18-də Evian şəhər bələdiyyə şurasının iclasında ölkəmizə qarşı əsassız ittihamlar səsləndirilib, Ermənistana dəstək ifadə olunub. Həmçinin şəhər meri “Azərbaycan Bağı” qeyd edilən yazıların hamısının silindiyini elan edib”.
Son iki gündə Bakı-Paris münasibətlərində gərginlik pik həddəndədir.
Dekabrın 26-da Azərbaycan Xarici İşlər Nazirliyi Fransa səfirliyinin 2 əməkdaşını persona-non-grata” (arzuolunmaz şəxs) elan edib.
Dünən isə Fransa Xarici İşlər Nazirliyi adekvat addım atıb.
Keçmiş diplomat və səfir Arif Məmmədov Meydan TV-yə deyib ki, Paris Bakının bir gün əvvəlki addımını cavabsız buraxa bilməzdi və qarşlıqlı addım atılıb.
Arif Məmmədov deyir ki, indiki situasiya diplomatik münasibətlərin ən gərgin həddə çatması kimi qiymətləndirilə bilər:
“Əgər belə davam edərsə, diplomatik münasibətlər tamamilə kəsilə bilər. Hökumətin nəzarətindəki media bunu Fransanın ermənipərəst mövqeyi ilə əlaqələndirməyə çalışır. Amma məndə olan məlumata görə, Bakının son addımları Parisin Əliyevlərin Fransadakı mülkləri ilə bağlı ciddi araşdırmasından irəli gəlir. Eyni zamanda, bununla əlaqədar film çəkilir ki, “çirkli pulların yuyulması”, işgəncələr, “Tərtər işi” öz əksini tapacaq. Həmçinin Fransa hökumətinin mədəniyyət mərkəzi kimi qeydə aldığı Heydər Əliyev Fondu ilə bağlı araşdırma aparacaqları gözlənilir”.
Sabiq səfirin sözlərinə görə, Paris-Bakı münasibətlərində gərginlik davam edəcək:
“Fransa ciddi ölkədir və diplomatik ənənələri var. Emosional yox, sakit diplomatik addımlar atmağa üstünlük verir. Amma nəticələri çox ağır olur. Düşünürəm ki, Fransa ölkə kimi deyil, Avropa İttifaqı səviyyəsində də Azərbaycana qarşı addımlar ata bilər, bura sanksiyalar da, hansısa hesablara həbslərin qoyulması da mümkündür”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev bu gün ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında söyləyib ki, Azərbaycana qarşı mənfi davranış Fransa Prezidentinin və Xarici işlər nazirinin təşəbbüsüdür:
O bildirib ki, sentyabr hadisələrindən sonra Qərb ölkələri, xüsusən Fransa Azərbaycana münasibətdə ikili standartlarla yanaşır:
“Fransa açıq-aşkar Azərbaycana qarşı diplomatik müharibə aparır. Fransa tərəfindən Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında 3 dəfə sənəd irəli sürülüb və uğursuz olub. Son dəfə iyul ayında irəli sürmüşdülər. Bu gərginliyi biz yaratmamışıq, onlar yaradıb. Burada təkcə erməni diasporu məsələsi deyil, başqa məsələlər, Türkiyə ilə münasibətlər də rol oynayır. Məndə olan məlumata görə, bəzi fransız diplomatları bu siyasəti dəstəkləmirlər. Bu, Fransa siyasi rəhbərliyinin seçimidir”.
Ancaq keçmiş diplomat, siyasi fəal Emin Şaiq hadisələrə Qərb-Rusiya münasibətlərinin gərginləşməsi kontekstində yanaşıb.
Onun fikrincə, mövcud rəqabət irəlilədikcə Azərbaycan iqtidarı özünü qorumaq üçün Rusiyaya sığınmağa və anti-Qərb ritorikasına keçməyə məcburdur:
“Belə vəziyyətlərdə Azərbaycan hakimiyyəti üçün söz davasına çıxmağa ən rahat və münasib hədəf Fransa olub. Çünki Fransanın Azərbaycan cəmiyyətində ermənipərəst imici məlumdur, bəli, bunun da öz haqlı tərəfləri var. Amma praktikada belə olur, əgər bir ölkə 2 diplomatı çıxarırsa, onlar da ikisini çıxarır, yəni proporsional qaydada həyata keçirilir”.
“ABŞ dövlət katibinin köməkçisi O’Brayn da gəldi-getdi, amma anti-Qərb təbliğatı dayanmadı. Bu gedişat çox pis görünür, Azərbaycanın Qərblə münasibətləri nə qədər pisləşəcəksə, o qədər Rusiyadan asılılığı artacaq və ölkə avtoritarzim bataqlığına girəcək. Proseslər indiki istiqamətdə getməyə bilərdi, amma rəsmi Bakının xətti belədir. Ukraynadakı hadisələrdə Qərb, yoxsa Rusiya üstünlük təşkil edəcəksə, proses də o yöndə gedəcək. Məsələ ondadır ki, Bakı Moskvaya burada dəstək olur. Çünki bilir ki, Rusiya regiondan çıxsa, demokratikləşmənin önü açılacaq. Sadəcə, bütün bunlara Qarabağ vasitəsilə don geyindirilir”, – deyə o qeyd edib.
Fransa Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb, fevralda isə diplomatik əlaqələr qurulub.
16 mart 1992-ci ildə Fransanın Azərbaycanda, elə həmin il 20 oktyabrda isə Azərbaycanın Fransada səfirliyi açılıb.