Medianın yayımladığı ən son araşdırmalar
Son günlər hökumət Azərbaycanda fəaliyyət göstərən “AbzasMedia”-ya təzyiq göstərir.
Əvvəlcə medianın direktoru Ülvi Həsənlidən xəbər almaq mümkün olmadı. Sonra məlum oldu ki, onu polis saxlayıb, Bakı Şəhər Baş Polis İdarəsindədir. Noyabrın 20-i gün ərzində evində, ofisində axtarış aparıldı. Ofisdən 40 min avro “tapıldı”. Bundan sonra Ülvi Həsənli barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürüldü.
Eyni gün ictimai fəal Məhəmməd Kekalov da evindən mülki geyimli polis əməkdaşları tərəfindən aparılıb.
Ən son noyabrın 21-də medianın baş redaktoru Sevinc Vaqifqızı Azərbaycana dönərkən hava limanında saxlanıldı. Onun da evində axtarış aparıldı, hazırda dindirilməsi davam edir.
“AbzasMedia” niyə hədəfə alınıb?
“AbzasMedia” daha çox Prezident ailəsinin və Prezidentin tabeçiliyində olan məmurların biznesi, eləcə də Qarabağda gedən tikinti, burada çalışan şirkətlərlə bağlı araşdırmalar dərc edir.
Gəlin, bu media qurumunun son zamanlar yayımladığı araşdırmalara baxaq:
Ən son araşdırması Xarici işlər naziri Ceyhun Bayramovun ailə sərvəti ilə bağlıdır.
Araşdırmada nazirə məxsus şirkətlərdən bəhs edilir. Bildirilir ki, Ceyhun Bayramov 2013-cü ildə dövlət qulluğuna gələndə özəl hüquqi şirkətdə direktor vəzifəsində çalışıb. Əslində vəzifəsinin icrasına başlayanda biznesi ilə sağollaşmalı idi, lakin bunu həmən etməyib.
Şirkətin adı “OMNİ”dir. Böyük maliyyə dövriyyəsi olan hüquq şirkətinin 2021-ci ildə 12 işçisi olub. Müştəriləri arasında dövlət təşkilatları da var.
Ceyhun Bayramovun səhm sahibi olduğu illərdə şirkətin 2013-cü ildə 452 min manat, 2014-cü ildə isə 263 min manat xalis mənfəəti olub. Şirkətin bölüşdürülməmiş mənfəətinin məbləği 2014-cü ildə 2,4 milyon manatı keçib.
Ceyhun Bayramov sonradan bu şirkətin direktorluğundan istefa versə də, 2017-ci il mayın 10-dək səhmdar cəmiyyətindəki səhmlərini saxlayıb. Bundan bir il sonra, 2018-ci ilin mayın 10-da keçirilən yığıncaqda 5 nəfərdən ibarət səhmdarların arasında 30 faizlik səhm sahibi kimi artıq Ceyhun Bayramovun deyil, onun həyat yoldaşı Aygün Hüseyn qızı Bayramovanın adı yazılıb.
Araşdırmada oğlu Rəhim Bayramlı və onun icraçı direktoru olduğu “İntegrity Qrup” şirkətinin də adı keçir.
Azad edilən su ehtiyatlarını yenidən “işğal edənlər”
İşğaldan azad edilən ərazilərdə su anbarlarının, su çəkilişlərinin həyata keçirilməsindən bəhs edən bu araşdırmada bildirilir ki, layihələri yerli və türk şirkətləri həyata keçirib. Bəzi şirkətlər tenderdə layihə udanda, onların milyonlarla vergi borcu olub. Qanunvericiliyə görə, vergi borcu olan şirkət tenderdə iştirak edə bilməz. Bu şirkət “Nort Vest Konstrakşn” MMC-dir.
Araşdırmada deyilir ki, şirkətin Latviyadakı törəməsi – “North West Baltic” şirkətinin təsisçiləri sırasında İqtisadiyyat Nazirliyinin Latviyadakı “Azərbaycan Ticarət Evi”nin həmtəsisçisi və direktoru olan Rüfət Quliyevin adına rast gəlinib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəsinə yaxın olan “CENGİZ” İnşaat Sənaye və Ticarət şirkəti də Həkəriçay ilə Zabuxçayın birləşdiyi yerdə tikilən su anbarının layihə-smeta sənədlərinin hazırlanması və tikinti işlərinin icrası üçün 128 milyon 210 min manat alıb.
Ağdamda yerləşən “Xaçınçay” su anbarının təmiri və bərpası isə “Körpü – Bina – Tikinti” MMC -yə həvalə edilib. Tikintiyə10 milyon manata yaxın vəsait ayrılıb. Suqovuşan su anbarının təmiri, bərpası da bu şirkətə tapşırılıb – 12,2 milyon manatlıq tender.
2001-ci ildə yaradılan “Körpü-Bina-Tikinti”nin qanuni təmsilçisi Xaliq Göyüşovun adı “MTN işi” kimi tanınan qalmaqallı cinayət işində Eldar Mahmudovun yaxın adamı olaraq keçib.
Qarabağda bu sahədə çalışan başqa bir şirkət “Hydrotrans Engineering Mühəndislik Mərkəzi”-nin hüquqi ünvanı ilə Baş nazirin keçmiş müavini Abid Şərifova bağlı olan AVRO-ASİYA İnşaat Korporasiyası “EVRASCON” ASC-nin qeydiyyat yeri eynidir. Şirkət ölkənin ən nəhəng dövlət sifarişlərinin icrası ilə tanınır.
“Köndələnçay” su anbarlarının bəndlərində təmir-bərpa işlərini “RAMCO” şirkəti həyata keçirir. Bu işlərin icrası üçün şirkətə 11,5 milyon manata yaxın vəsait ayrılıb.
“Ramco” QSC 2010-cu ildə yaradılıb və qanuni təmsilçisi Rövşən Abdullayevdir.
Rövşən Abdullayev və onun ailə üzvlərinin adına xeyli başqa şirkət də var. Şirkətlərin bir qismi Vergilər Nazirliyində 2020-ci ilə qədər şöbə müdiri işləmiş Azər Əsədova bağlıdır. Azər Əsədov eyni zamanda, Vergilər nazirinin keçmiş müşaviri, İqtisad Universitetinin Biznes Mərkəzinin direktoru Asəf Əsədovun oğludur.
Hər kilometri təqribən 3 milyon manata başa gələn dəmir yolunu kimlər tikir?
Başqa bir araşdırmada deyilir ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisinə 312 milyon 700 min manat vəsait ayrılıb. Di gəl ki, həmin sərəncamlarla bağlı heç bir rəsmi mənbədə məlumat yoxdur.
Layihəni Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Türkiyənin “Kalyon” şirkəti icra edir.
“Kalyon” şirkəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yaxınlığı ilə tanınır. Şirkətin Azərbaycandakı nümayəndəliyi 2021-ci ilin martın 4-də dövlət reyestrində qeydiyyatdan keçib və cəmi bir ay sonra tendersiz Qarabağda milyonluq investisiya layihələrinə qoşulub.
Ərdoğan və Kalyoncu ailələri arasında isti münasibətlər var. O dərəcədə ki, Ərdoğan holdinqin sahibi Cemal Kalyoncunun oğlu Mehmet Kalyoncunun nikah şahidi olub.
Prezidentin ailə üzvlərinə məxsus şirkət Ağdamda ev tikir
Başqa bir araşdırmada Ağdamda aparılan tikintidən danışılır. Məsələn, şəhər 1 nömrəli orta məktəbin tikintisinin sifarişçisi Elm və Təhsil Nazirliyidir. Nazirlik “Uni Ko” QSC ilə müqaviləni satınalma müsabiqəsi keçirmədən bağlayıb.
Sayca ikinci və üçüncü tenderlərdə qalib elan olunan şirkətlərin – “Archico” MMC və “PBA” Qapalı Səhmdar Cəmiyyətinin təklifləri arasında cəmi 60 manat qiymət fərqi olub.
Yekunda 197 min manat məbləğində müqavilə 2021-ci ilin dekabr ayında “PBA” QSC ilə imzalanıb. “PBA” QSC-nin direktoru Mircəfər Cəfərov həm də “Uni Ko” QSC-nin direktorunun müavinidir. “Uni Ko” QSC internet saytında “PBA” QSC-ni özünün törəmə müəssisəsi kimi təqdim edir. Yəni məktəbin layihəsini hazırlayan və onu tikən şirkətlər əslində bir çətirin altındadır.
Ağdamda inşa edilən 6 yaşayış binasından ibarət kompleksi də “PMD Group” MMC tikir. Şirkət “Paşa Holding”in struktur bölməsinə daxildir. “Paşa Holding” isə Prezident İlham Əliyevin ailə üzvlərinə məxsusdur.
Qrup Ağdamda yaşayış evləri kompleksindən başqa həm də iki mehmanxananın: 110 nömrəlik “Park Forest Hotel Agdam” və 130 yerlik “City Hotel Agdam”ın tikintisinə başlayıb.