Gəncənin Gülüstan qəsəbəsində yerləşən Kəlbəcər sakinəri sosial durumlarından narazıdırlar. Sakinlərin sözlərinə görə, bura köçdükləri vaxtdan onlarla maraqlanan yoxdur.
Kəlbəcər sakini Adilə Xəlilova bildirir ki, yaşadıqları yer beton üzərində olduğu üçün xəstəliyə düçar olub.
“Belə yaşayışı neynirəm? Kəlbəcərdə bundan gözəl yaşayırdım . Hər şəraitim var idi. Beton üzərində yatmaqdan xəstəlik tapmışam. Burada bizə kim baxır? Deyən var, haradan nə tələbiniz var? Bizim heç bir şəraitimiz yoxdur. Nə kanalizasiyamız var, nə suyumuz, nə qazımız. Öz gücümüzə ancaq belə yaşamışıq. İndi də artıq bezmişik. Kanalizasiyaya görə mənə borc yazılıb. Mənim kanalizasiyam yoxdur. Mən ona görə necə pul ödəyim? Özüm pul verib quyu qazdırmışam, kanalizasiya çəkdirmişəm. Mənə gündə bir cərimə gəlir suya, işığa, qaza görə”,-Adilə Xəlilova bildirib.
Xəlilova əlavə edir ki, onlara verilən 30 manat çörəkpulu ilə yaşamaq qeyri-mümkündür.
“Hökumət mənə 30 manat çörəkpulu verir. Onunla mən nə cür yaşamalıyam? Hara şikayətə gedirik, baxmırlar. Getdim kanalizasiya idarəsinə, mənə deyirlər ki, 400 manat gətir qoy, çəkim. Mənim 400 manatim nə gəzir? Dövlət sənə pul ayırır. Bunu kim yeyir?”,- Kəlbəcər sakini əlavə edib.
Digər Kəlbəcər sakini Olqa Mamedova qeyd edir ki, yeni mənzillər paylananda siyahıda 500-dən çox ailə olduğu üçün onlara ev çatmayıb.
“1993-cü ildən burada qalırıq. Elə gələndən bu binada yaşayırıq. Bu, heç bina da deyil, necə deyirlər, qəzalı binadır. Biz bura girəndə heç nə yox idi, nə kanalizasiyası, nə suyu, nə qazı, heç nəyi. Bax, belə boş divarlara gəlib yerləşmişdik. Çox adam gəldi burada yerləşdi. Burada 60-100 nəfərlik ailə var idi. Sonra ev veriləcəyini eşidib gəlib doldular bura. Gəlib siyahı alanda çıxdı 500 nəfərə. Ona görə də bizə çatmadı ev. Amma onlar səhv ediblər. Gəlib siyahıya alanda baxmalı idilər kim birinci gəlib, kim sonradan. Ev qalsaydı, sonradan gələnlərə verərdilər. Betonun üzərində yaşayırıq. Soyuq, qiyamət… Qışda soyuqdan qırılırıq. İşığı çatdıra bilmirik. Bax belə. Qazımız yox. Kəlbəcərə aparsalar, gedərəm. Mənim cavanlığım, uşaqlığım orada keçib”,- məcburu köçkün vurğulayıb.
Digər məcburi köçkün Gülüstan İbrahimova söyləyib ki, onlara ancaq 2026-cı ildə rayona gedə biləcəklərini deyiblər.
Sözügedən məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən bildirildi ki, Gəncə şəhər nümayəndəliyinin əməkdaşları tərəfindən mütəmadi olaraq onlarla görüş keçirilir, vəziyyətləri ilə maraqlanılır.
“Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahələri yoxdur. Onlar üçün mənzillər yalnız işğaldan azad edilmiş ərazilərdə tikilir. Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı ilk növbədə ən ağır vəziyyətdə yaşayanlar yeni yaşayış sahələri ilə təmin olunurlar. Adıçəkilən ünvanda müvəqqəti məskunlaşmış ailələr də birinci mərhələdə doğma yurdlarına köçürüləcək ailələrin siyahısına daxil ediləcək”,- qurumdan bildirilib.