4 mindən çox insanın öldüyü bildirilir
Liviyanın şərqində dağıdıcı “Daniel” siklonunun səbəb olduğu sel nəticəsində mindən çox insanın həyatını itirdiyi bildirilir.
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi Tamer Ramazan “Reuters”ə deyib ki, daşqınlar nəticəsində itkin düşənlərin sayı on mindən çoxdur.
Bir çox yaşayış binaları, xəstəxanalar və infrastruktur su altında qalıb.
Mülki aviasiya naziri və administrasiyadakı fövqəladə hallar komitəsinin üzvü Hişem Əbu Çkivat deyib ki, ən çox ziyan Derna şəhərinə dəyib.
Təkcə bu şəhərdə tapılan cəsədlərin sayı 1000-dən çoxdur.
“Şəhərin 25%-i yox olub desəm, şişirtmərəm, xeyli sayda binalar uçub”, – komitə üzvü söyləyib.
Sentyabrın 10-da “Daniel” siklonu Liviyanın şimal-şərqini vurub və Aralıq dənizi sahillərindəki şəhərlərə fırtınalı külək, tufan ilə leysan gətirib.
Bir çox yaşayış binaları, xəstəxanalar və infrastruktur su altında qalıb.
İki bəndin dağıldığı və fəlakətli vəziyyətin yarandığı Derna şəhəri daha çox zərər çəkib.
Liviyanın şərqindəki hökumətin Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkənin şimal-şərq bölgələrini vuran yağış və daşqınlar nəticəsində ölənlərin sayı 3 minə çatıb.
Liviya siyasi cəhətdən Şərq və Qərb arasında bölünüb və hökumət xidmətləri 2011-ci ildə baş verən və illərlə qarşıdurmalara səbəb olan qiyamdan sonra iflasa uğrayıb.
Tripolidəki beynəlxalq səviyyədə tanınan hökumət şərq bölgələrinə nəzarət etmir, lakin sentyabrın 12-də qərbi Misrata şəhərindən Dernaya yardım göndərilib.
Digər ölkələr, o cümlədən ABŞ da yardım edəcəklərini bildiriblər.
Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe ölkədə sel fəlakətində həyatını itirənlər üçün 3 günlük matəm elan edildiyini açıqlayıb.