O, istefa ərizəsini sabah parlamentə təqdim edəcəyini deyib
Özünü Azərbaycanın tərkibindəki tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) prezidenti adlandıran Arayik Arutyunyan sentyabrın 1-də istefa verəcək.
Bu barədə Arayik Arutyunyanın yaydığı bəyanatda bildirilir.
O, istefa ərizəsini sabah parlamentə təqdim edəcəyini deyib:
“Sabah mən Artsax xalqına və parlamentinə respublika prezidenti vəzifəsindən istefa məktubumu təqdim edəcəyəm”.
“Bu, son qərardır, mən bunu iki gün əvvəl – son həftələrdə daxili və xarici aktorlar, həmçinin geniş ictimaiyyətlə əlaqələrimi nəzərə alaraq vermişəm. Bu yalnız məndə olan məlumatların təhlili əsasında balanslaşdırılmış qərarımdır”, – Arutyunyanın bəyanatında deyilir.
Arutyunyan Qarabağı tərk etməyəcəyini, ailəsi ilə birgə burada yaşamağa davam edəcəyini bildirib.
Arayik Arutyunyan 2020-ci il may ayının 21-dən “DQR”-ə rəhbərlik edirdi.