Cəmil Həsənli: “Qubad İbadoğlunu həbsində işğaldan azad olunmuş rayonların bərpası ilə bağlı apardığı təhlillərin rolu var”

İşğaldan azad olunmuş ərazilər. Foto: AAYDA

Professor fondla bağlı yaranmış suallara aydınlıq gətirib

Azərbaycan Gənclərinin Təhsil Fondunun (AGTF) Londonda qeydiyyatdan keçməsindən bir ay ötdü. Bu müddət ərzində AGTF-in təsisçilərindən olan Qubad İbadoğlu həbs olundu. Fond yarandığı gündən hökumət nümayəndələri və mediası tərəfindən tənqidə məruz qaldı. Eyni zamanda, fondun özü ilə bağlı da açıq qalan suallar var.

Belə ki, iyulun 11-də fond qeydə alınarkən hazırda həbsdə olan Qubad İbadoğlu “Facebook”da paylaşdığı statusda yazmışdı ki, qurumun maliyyə mənbələrinin formalaşmasında ianələrdən istifadə olunacaq. Eyni zamanda, Azərbaycan xalqından, iqtisadiyyatından oğurlanmış, büdcədən talan olunmuş pulların müsadirəsindən də vəsait ayrılması nəzərdə tutulur. O, bununla əlaqədar xüsusilə ABŞ, Aİ və Böyük Britaniyada müvafiq orqanlara müraciətlərin planlaşdırıldığını vurğulamışdı.

Fondun 3 təsisçisindən biri, Milli Şuranın sədri, professor Cəmil Həsənli Meydan TV-nin  bu haqda suallarını cavablandırıb.

  • Fond açıqlamasında yazdıqlarını necə reallaşdırmağı planlaşdırırdı? Belə bir nümunə varmı, kimsə ölkəsindən çıxarılmış pulları istəyib geri alsın?
  • Mən hüquqşünas və ya iqtisadçı deyiləm. Ancaq bildiyim qədər vətəndaşın istəyi ilə həmin vəsaitlərin geri qaytarılması proseduru yoxdur. Yalnız dövlət və hökumət səviyyəsində oğurluq vəsaitlərin geri qaytarılma mexanizmi işlənib hazırlana bilər. Məsələn, Milli Məclis belə bir təşəbbüslə çıxış edə bilər. Məlum olduğu kimi bununla bağlı Özbəkistan nümunəsi var, prezident İslam Kərimov vəfat edəndən sonra Şövkət Mirziyoyevin başçılığı ilə yeni hakimiyyət Kərimov ailəsinə məxsus korrupsiya pullarının geri qaytarılması mexanizmini hazırladı. Onlar dövlət və hökumət səviyyəsində İsveçrə banklarında Kərimov ailəsinə məxsus olan korrupsiya pullarının geri qaytarılması haqqında məsələ qaldırdılar və buna nail oldular. Burada mühüm məqamlardan biri Özbəkistanda hökumətin dəyişdirilməsi idi. Bir qayda olaraq Qərb ölkələri korrupsiya pullarını müsadirə edəndə onu həmin pulları gizli yollarla xaricə çıxarmış hakimiyyətlərə qaytarmağa ehtiyat edirlər və belə hesab edirlər həmin vəsaitlər yenidən korrupsiyaya subyekti ola bilər. Yəni xaricdəki gizli ofşor hesablardakı pulların qaytarılmasına təşəbbüs edilə bilər, amma bu vətəndaş təşəbbüsüylə yox, yalnız hakimiyyətin təşəbbüsü ilə mümkündür. Sadəcə, ayrı-ayrı vətəndaş fikir və rəylərini söyləyib, həmin pulların Azərbaycana qaytarılması yönündə təbliğat apara bilərlər. Amma hər hansı şəxsin və ya şəxslərin təşəbbüsüylə o pulların qaytarılma mexanizmi yoxdur. Ayrı-ayrı vətəndaşlar, bütövlükdə xalq öz hökumətindən xaricə çıxarılmış vəsaitlərin geri qaytarılmasını tələb edə bilər. Yeri gəlmişkən, bu məsələdə İran nümunəsi də var. Məsələn, İslam İnqilabından sonra İranın 100 milyardlarla aktivləri Qərb banklarında dondurulub. İndi bu proses Rusiya ilə bağlı gedir. Rusiya məmurlarının öz ölkələrindən oğurlanmış pullarının Ukraynanın bərpasına yönəldilməsi üçün hüquqi mexanizm hazırlanır. Post-sovet avtoritar rejimləri bundan çox ehtiyatlanırlar.
Foto: sosial şəbəkə
  • Qubad İbadoğlu “biz vətəndaş olaraq məsələ qaldırıb pulların fonda verilməsinə nail olacağıq” deyirdi…
  • Söhbət ondan gedirdi ki, ABŞ-da, Böyük Britaniyada və Avropa Birliyinə daxil olan ölkələrdə mənbəyi şübhəli bilinən pullar məhkəmə qaydasında təsdiqləndikdən sonra müsadirə olunur. Məsələn, İzzət Cavadovanın bank hesablarından 4 milyon funt-sterlinq, Cavanşir Feyziyevin ailə üzvlərinin bank hesablarından 5.6 milyon funt-sterlinq müsadirə olunub, Britaniya büdcəsinə köçürülüb. Azərbaycanın vəzifəli şəxslərinə və oliqrxlarına (və ya onların ailə üzvlərinə) məxsus 147 iş hələ araşdırma mərhələsindədir. Şübhəsiz ki, araşdırma başa çatdıqdan sonra həmin işlərdən də böyük müsadirələr istisna edilmir. Qubad bəyin dediyi o idi ki, həmin pullar Azərbaycan xalqına məxsusdur, Azərbaycandan oğurlanıb, əgər həmin vəsaitləri bu gün geri qaytarmaq mümkün deyilsə, müsadirə prosesində həmin pulların hansısa bir hissəsi Azərbaycan Gənclərinin Təhsil Fonduna yönəldilə bilər. Bu, nəzəri cəhətdən mümkün görünsə də, praktiki baxımdan mümkün deyil. Bu, yalnız məhkəmənin qərarı ilə ola bilər, şəxsin, yaxud hansısa təşkilatın, xeyriyyə fondunun tələbiylə ola bilməz. Şübhəsiz ki, Qərb ölkələrində məhkəmələr müsadirə olunan vəsaitləri daha çox öz ölkələrinin büdcəsinə keçirməyə üstünlük verirlər.
  • Fikrinizcə, Qubad İbadoğlunun həbsinə səbəb nə oldu?
  • Qubad İbadoğlunun həbsində işğaldan azad olunan rayonların bərpası ilə bağlı onun silsilə yazılarının və “BİZ.tv”-dəki çıxışlarının da rolu var. Azərbaycan hakimiyyəti üçün bu, həsas məsələdir. Burada vətənpəvərlik dalğasında korrupsiya əməli ilə məşğul olmaqdan söhbət gedir. Çünki həmin ərazilərdə infrastruktur işləri görülür, abadlıq aparılır, amma bütün bunlarda tenderlər şəffaf keçirilmir. Azərbaycan qanunvericiliyi isə tenderlərin şəffaf keçirilməsini tələb edir və hansı şirkət tenderdə qalib gəlirsə, üstünlük ona verilməlidir. Təəssüf ki, Azərbaycanda buna əməl edilmir. Ona görə Qubad bəy təhlillərində bunların korrupsiya və mənimsəmələrə yol açdığını göstərirdi. Həmin araşdırmalardan sonra bəlli oldu ki, Zəngilanda Ağalı kəndinin tikintisi Prezidentin köməkçisinin qardaşına verilib. Bunu çox çətinliklə öyrənmək mümkün oldu. Şübhəsiz ki, bu, yeganə hal deyil və buna bənzər başqa halların da olması istisna edilmir. Qubad bəy elə həmin kəndin layihəsi və digər bərpa layihələri ilə bağlı xeyli suallar qoymuşdu.
Ana səhifəSiyasətCəmil Həsənli: “Qubad İbadoğlunu həbsində işğaldan azad olunmuş rayonların bərpası ilə bağlı apardığı təhlillərin rolu var”