Azərbaycan Ermənistandan gələn yükləri Qarabağa buraxmır

Mənbə: sosial şəbəkə

Erməni tərəf Azərbaycanın təklif etdiyi alternativ yoldan istifadə etmək istəmir

İyulun 26-da Ermənistanın Qarabağın erməni icmasına göndərdiyi 400 ton humanitar yardım olan 19 yük maşını Laçın yolundan buraxılmır. Rəsmi Bakı Yerevana erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürsə də, erməni tərəf qəbul etmir.

İyulun 27-də Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov akkreditə olunmuş diplomatik korpus üçün keçirdiyi brifinqdə Laçın yolunun Azərbaycanın suveren ərazisinin tərkib hissəsi olduğunu vurğulayıb. Araz Əzimov Azərbaycanın öz ərazisində, öz vətəndaşlarının istifadəsi üçün sərhəd-keçid məntəqəsi təsis etdiyini bildirib:

“Bunu həzm edə bilməyən Ermənistan tərəfindən isə Azərbaycan sərhədçisinə atəş açılıb, dövlət bayrağına qarşı təxribat törədilib”.

O, Laçın yolundan sui-istifadə hallarının davam etdirildiyini vurğulayaraq, ərazidən istifadəyə məhdudiyyət törədən tərəfin Ermənistan olduğu qeyd edib:

Azərbaycan tibbi məqsədlər ilə əlaqədar yoldan erməni sakinlərin istifadəsi üçün şərait yaradıb, daha çox məhsulların tədarükü üçün isə onların Azərbaycan cəmiyyətinə reinteqrasiyasına töhfə verə biləcək Ağdam-Xankəndi yolu təklif olunub. Ermənistan isə bir tərəfdən yerli erməni əhalinin bu imkanlardan istifadəsinin qarşısını alır, digər tərəfdən isə “humanitar yardım” adı ilə nümayişkaranə şəkildə Azərbaycanın daxili işlərinə müdaxilə şoular ilə beynəxalq ictimaiyyəti yanlış yönləndirir”.

Araz Əzimov. Foto: XİN

Əgər Ermənistan həqiqətən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə, Ağdam-Xankəndi yolundan yüklərin daşınmasına etiraz etməməli və reinteqrasiya prosesinə maneçilik törətməməlidir”,-deyə Əzimov əlavə edib.

Beynəlxalq ictimaiyyətin məsuliyyətinin vacibliyini qeyd edən nazir müavini deyib ki, onlar Ermənistanın manipulyasiyalarına aldanıb bəyanatlar verməzdən öncə sözügedən bəyanatların nəyə xidmət edəcəyinin düşünülməlidir:

“Habelə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə zidd addımlardan, o cümlədən yanlış terminologiyadan çəkinilməlidirlər”.

Bu gün “Armenpress”ə açıqlama verən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüssel görüşündə “Dağlıq Qarabağ”a yüklərin daşınmasının təmin edilməsinə dair razılıq əldə olunduğunu vurğulayıb. O, həmçinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla Ermənistan, Rusiya və Azərbaycanın Laçın dəhlizi ilə bağlı razılığa gəldiklərini qeyd edib.

Biz prinsipial mövqeyimizi bir daha təsdiqləyirik ki, Laçın dəhlizinin qanunsuz bağlanması aradan qaldırılmalı, 9 noyabr tarixli Üçtərəfli Bəyanatla yaradılmış rejim bərpa edilməlidir. Yüklərin Dağlıq Qarabağa çatdırılmasının başqa yolları ilə bağlı məsələlər müzakirə edilə bilməz”,-deyə Mirzoyan bildirib.

a
Mənbə: Reuters

Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlar öz ictimai bəyanatlarında Laçın dəhlizinin blokadasının götürülməsinin alternativinin olmadığını və başqa yollara müxtəlif istinadların blokadanın götürülməsinə alternativ sayıla bilməyəcəyini vurğulayırlar:

Bu baxımdan, Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 22 fevral və 6 iyul tarixli hüquqi qüvvəyə malikdir”.

İyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel (Charles Michel), Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə Qarabağın erməni əhalisinin, eləcə də Laçın dəhlizi ətrafındakı vəziyyəti müzakirə etdiklərini demişdi:

Vəziyyətin normallaşmasına kömək etmək üçün mümkün konkret addımlar da müzakirə olunub. Mən Laçın yolunun açılmasının vacibliyini vurğuladım. Azərbaycanın Ağdam üzərindən humanitar yardım göndərməyə hazır olduğunu da qeyd etdim. Mən hər iki variantı vacib hesab edirəm və əhalinin ehtiyaclarının ödənilməsini təmin etmək üçün hər iki tərəfdən humanitar yardımları təşviq edirəm. BQXK tərəfindən tibbi təxliyənin bərpasını da alqışladım”.

İ.Əliyev. Ş.Mişel və N.Paşinyan. Mənbə: president.az

Aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurduğunu bəyan edib.

Mayın 4-də “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”na dəyişiklik edilib.

Bu barədə qərarı isə Baş nazir Əli Əsədov imzalayıb.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətAzərbaycan Ermənistandan gələn yükləri Qarabağa buraxmır