“Orada da döyüblər uşağı. Uşağı təpiкləyiblər, şillələyiblər, yerə yıxıblar, nalayiq söyüşlər, ağzına gələni deyiblər”.
İyulun 21-də Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan üzvü Mayıl kərimovun 16 yaşlı oğlu İmaməli kərimovun saxlanıldığı bildirilir. Bu barədə Meydan TV-yə anası Xuraman Kərimova məlumat verib.
Ananın sözlərinə görə oğlu Maştağadakı məscidlərin birində əzadarlıq edərkən saxlanılıb:
“Polis əməкdaşı buna yaxınlaşıb soruşub: “Atanın yanına getməк istəyirsən?”. Uşaq da bunu normal qəbul edib кi, yəni atamın yanına gedirəm. Biri uşağın boynunu qucaqlayıb aparanda, o biri də arxadan gəlib bunu təpiкləyib, salıblar maşına. Aparıblar 14-cü Polis Bölməsinə”.
İmaməli Kərimovun sözlərinə görə, onu Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə aparıblar, bölmədə ona zorakılıq göstərilib:
“Məni döydülər, orada da döydülər. Mənə badalaq verdilər, yıxıldım yerə. Məni tutdular yaxamdan, tutdular, qaldırdılar… Söyüş söydülər mənə. Ağzıma gətirə bilmirəm o söyüşləri. Nalayiq söyüşlər dedilər. Mən də dinməz oturdum”.
DİN-in mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenant Elşad Hacıyev deyilənləri təkzib edib. Onun sözlərinə görə, iddialar həqiqəti əks etdirmir, şəxsi mülahizələrdir.
Onun sözlərinə görə, yetkinlik yaşına çatmayan şəxslər məscidə buraxılmadıqları üçün dini şüarlar səsləndiriblər, əlaqədar şəxslər tərəfindən müəyyən olmayan yerdə ibadət etmələrinin qarşısı alınıb.
Azərbaycanda dini inanclıların kütləvi həbsi yanvar ayından – Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra başlamışdı. O zaman Daxili İşlər Nazirliyi 45-dən artıq “İran casusu”nun saxlandığını açıqlasa da, bu əməliyyatın detalları haqda ətraflı heç bir məlumat verilmədi. Saxlanılanların yaxınları, vəkillərinin sözlərindən məlum oldu ki, onlar narkotik ittihamıyla həbs edilib.
Bu il, fevralın 1-də Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşlarının xüsusi əməliyyat keçirdiyini bəyan edib. Məlumatda deyilirdi ki, xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb. Lakin saxlanılan şəxslərin kimliyi, həmçinin onların hansı maddələrlə ittiham olunması barədə ictimaiyyətə məlumat verilmədi.
Müsəlman Birliyi Hərəkatının üzvü Mayıl kərimov da həmin ərəfədə, fevralın 2-də narkotik ittihamı ilə həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Kərimov özünü təqsirli bilmir və həbsini siyasi hesab edir.
“Gah deyirlər İran casusudur, gah deyirlər narкobarondur. Nə bilim min dənə şey deyirlər. Hal-hazırda da heç nə. Heçnədən yoldaşımı şərləyiblər”, – Xuraman Kərimova deyir.