Ədliyyə Nazirliyi Azərbaycandakı müxalifət partiyalarının qeydiyyatla bağlı göndərdiyi siyahılara bir-bir mənfi cavab verib. REAL, Müsavat və AXCP partiyaları reyestrdən keçməmək təhlükəsi ilə üz-üzə qalıb.
Bununla yanaşı sədri ölkə başçısı İlham Əliyev olan hakim Yeni Azərbaycan Partiyası qeydiyyatdan uğurla keçib.
“Siyasi partiyalar haqqında” yeni qanuna görə, partiyalar reyetrdən keçmək üçün 5 min üzvünün məlumatlarını Ədliyyə Nazirliyinə göndərməlidir. 2 min üzvü qeydə alınan REAL Partiyasının sədri İlqar Məmmədov nazirliyin telefon zənglərilə üzvlərin təsdiq edilməsi prosesini qanunsuz sayır.
Müsavat Partiyasının aparat rəhbəri Gülağa Aslanlı bildirir ki, Azərbaycanda insanlar hökumətin təzyiqindən çəkindiyi üçün Ədliyyə Nazirliyinin əməkdaşlarına partiya mənsubiyyətlərini açıqlamaya bilərlər.
Gülağa Aslanlı həmçinin regionda yaşayan partiya üzvlərini də nəzərə alaraq məlumatların açıq şəkildə Ədliyyə Nazirliyinə təqdim olunmasının praktikada mümkünsüzlüyündən danışır.
Azərbaycan Xalq Cəbhəsi Partiyası qeydiyyat məsələsi ilə bağlı bəyanat yayıb. Bəyanat deyilir:
“Ədliyyə Nazirliyi AXCP-nin təqdim etdiyi siyahı ilə bağlı partiyaya verdiyi cavabda heç bir əsas, sübut, ünvan göstərmədən, mücərrəd şəkildə minlərlə AXCP üzvünün məlumatlarında guya qeyri-dəqiqliyin olduğunu bildirir. AXCP öz üzvlərinin Ədliyyə Nazirliyinə təqdim etdiyi reyestr məlumatlarının səhihliyinə əmindir və nazirliyin cavabını həqiqətədən uzaq, siyasi mülahizələrlə hazırlanmış cavab sayır”.
Hüquqşünas Sübhan Həsənli partiyalardan şəffaflıq tələb edən Ədliyyə Nazirliyinin prosesi necə apardığının cəmiyyətə məlum olmadığını deyir. O deyir ki, Venesiya Komissiyasının rəyində bu cür mexanizmlərin qurulmasında cəmiyyətin bütün tərəflərinin iştirakının vacib olduğunu bildirib.
Siyasi Partiyalar varlıqlarını qanuni yolla saxlamaq üçün sonacan mübarizə aparacaqlarını deyirlər. Partiyalar 30 gün ərzində siyahını yeniləyib təkrar siyahı ilə Ədliyyə Nazirliyinə müraciət etməlidirlər.