Səyyad Quliyev: “Dövlət mənə heç bir yardım göstərmədi, özüm müalicə olundum”
Ermənistanla Azərbaycan arasında 2020-ci ildə baş verən 44 günlük İkinci Qarabağ müharibəsindən sonra müharibə iştirakçıları intihara əl atmağa başlayıb.
2020-23-cü ilin qeyri-rəsmi statistikasına görə, Azərbaycanda 50 nəfərdən çox müharibə iştirakçısı intihara cəhd edib. Onlardan 43 nəfərin öldüyü deyilsə də, biz 24 qazinin adını dəqiqləşdirdik.
Onların əksəriyyəti müharibədən sonra ordudan təxris olunan şəxslərdir.
İntiharların səbəbləri kimi qazilərin sosial vəziyyətinin pis olması, dövlət orqanlarının laqeyd münasibəti, əlillik dərəcəsini ala bilməmələri göstərilir.
İntiharların səbəblərdən biri də müharibə iştirakçılarının psixoloji vəziyyətləridir.
Rəsmi məlumata görə, müharibədən sonrakı 2 il yarım ərzində Fövqəladə Hallar Nazirliyi 7 mindən çox şəhid ailəsi və qaziyə psixoloji yardım göstərib.
İkinci Qarabağ müharibəsinin veteranı Səyyad Quliyev Meydan TV-yə deyir ki, müharibədən qayıdanda sonra səhhətində, o cümlədən psixoloji problemlər yaranıb.
Onun sözlərinə görə, bütün müayinə və müalicəsini öz hesabına edib, dövlət heç bir yardım göstərməyib:
“Müharibənin bitməsindən 3 ilə yaxın vaxt keçdi, psixoloji və başqa problemlərlə dövlət maraqlanmalı idi, amma maraqlanmadılar. Yalnız bu yaxında, mən artıq düzələndən sonra zəng vurdular, psixoloji dəstək lazımdırsa, yönəldə biləcəklərini deyiblər, imtina etdim”.
O hesab edir ki, qazilərə və müharibə iştirakçılarına həm mənəvi, həm maddi cəhətdən dəstək vermək dövlətin borcudur:
“Qazilərə ayda 80 manat təqaüd verilir. Bu, bizi qane etmir. Əksəriyyətinə əlillik dərəcəsi verilməyib. Eynilə tibbi cəhətdən də dəstək olmalıdır”.
Gənc Qazilər İctimai Birliyinin sədri, ekspert Hacı Vəliyev isə deyir ki, 44 günlük müharibə bitəndən sonra özü də ciddi psixoloji problemlərlə qarşılaşıb və onun psixoloji yardıma ehtiyacı var.
Qazi qeyd edib ki, Səhiyyə Nazirliyinə və Müdafiə Nazirliyinə bununla bağlı müraciət etsə də, onu psixoloqla təmin etməyiblər:
“Məni başqa adamlar Elmi-Psixoloji Tədqiqat İnstitutuna yönəltdilər, orada məni pulsuz müayinə və müalicə etdilər”.
H.Vəliyevin sözlərinə görə, psixoloji yardım alan qazilərin sayı çox azdır:
“Alanlar da hansısa ciddi və ardıcıl müalicə almır, onlarla, demək olar ki, 1 və ya 2 dəfə, sadəcə, söhbət edirlər”.
İntihar edən qazilərlə bağlı məsələyə gəlincə, Vəliyev qeyd edib ki, müharibədən qayıdanların sosial problemlər həllini tapmayanda, onlar özlərinə qarşı laqeyd münasibət görəndə, müharibə aldıqları psixoloji problemlər şiddətlənir və müharibə iştirakçıları intihara əl atırlar:
“Sosial rifah yaxşılaşmalıdır, qayğı olmalıdır və psixoloji dəstək göstərilməlidir. Son vaxtlar intiharların sayı çoxalıb deyə qazilərə zəng vurub psixoloji vəziyyətlə maraqlanıb dəstək təklif edirlər. Amma bu, indi edilməməli idi, vaxtında, insanlar müharibədən təzə qayıdanda olmalı idi”.
Psixoloq Azad İsazadə bildirib ki, post-travmatik sindrom insanlarda stress vəziyyətdən sonra keçirdiyi travma nəticəsində yarana bilər:
“Müharibə vaxtı hərbçi çox böyük psixoloji təzyiqialtında olur və o, sırf döyüş psixi travması keçirə bilir. Vaxtında üstünə düşməsələr, həmin travma sonradan post-travmatik sindroma keçə bilər”.
Mütəxəssis deyir ki, güllə yarası almayan, amma post-travmatik sindromu yaşayan müharibə iştirakçıları var və bunu sakitcə evdə yaşayırlar deyə onları tapmaq, kömək etmək daha çətindir.
O qeyd edib ki, dövlət tərəfindən Bakıda və regionlarda xeyli reabilitasiya mərkəzləri açılıb və qazilər orada spesifik yardım alır:
“Hər belə mərkəzdə iki psixoloq çalışır və hər psixoloji reabilitasiyaya ehtiyacı olan qaziyə psixoloji yardım göstərilir”.
Ekspertin fikrincə, müharibədən keçən insanlara birinci növbədə qayğı və diqqət lazımdır:
“Onlar diqqətsizliyə, kobud sözə həddindən artıq həssasdırlar. Bəzən bir qazini 1 saat ərzində təkcə dinləmək lazımdır ki, o rahatlaşsın və daha dərin dərdlərini danışsın. Problem ondadır ki, onları dinləmirlər. Müharibədən dərhal sonra diqqət həddindən artıq çox idi, amma indi həyat davam edir və onları yavaş-yavaş yaddan çıxarmağa başlayıblar. Onlar isə əvvəlki diqqəti istəyirlər”.
Mütəxəssis hesab edir ki, müharibə iştirakçıları ilə işləyən şəxsləri xüsusi təlimlərə cəlb etmək lazımdır.
Neçə qazi intihar edib?
Azərbaycanda indiyə qədər diqqətsizlik və biganəlikdən bezən 50-dən artıq müharibə iştirakçısının intihara əl atdığı deyilir. Onlardan 43 nəfəri ölüb. Onlardan yalnız 24-ü haqqında mediada məlumatlar yayılıb, digər hissəsi ilə bağlı isə yalnız sosial şəbəkələrdə məlumatlar paylaşılıb.
İntihar edən qazilərin bir qismi ilə bağlı yayılan məlumatları illər üzrə aşağıdakı kimi quruplaşdırmaq olar:
2021-ci ildə…
– 2021-ci il yanvarın 6-da Azərbacanda müharibə veteranlarının birinin intihara cəhd etməsi ilə bağlı ilk hadisə baş verib. Müharibə zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə ağır yaralanan və Silahlı Qüvvələrin Klinik Baş Hospitalının Psixiatriya bölməsində müalicə alan Musayev Vüsal Eldar oğlu müalicə aldığı otağda intihar edib. Kiçik çavuş Vüsal Musayev İlham Əliyevin sərəncamları ilə “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdi.
– Yanvarın 8-də Xızı sakini, 1998-ci il təvəllüdlü Mənsurov Yunis Seymur oğlu Abşeronun Sulutəpə qəsəbəsində yaşadığı evdə intihar edib. Müharibədə könüllü iştirak edən Yunis Mənsurov hadisədən 10 gün əvvəl, dekabrın 30-da ordudan təxris olunub. Əsgər Yunis Mənsurov “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
– Fevralın 21-də Yardımlının Urakəran kənd sakini Quliyev Fərid Rafiq oğlu meşədə intihar edib. Əsgər Rafiq Quliyev “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
– Fevralın 22-də Daşkəsənin Pirverdilər kənd sakini, 1990-cı il təvəllüdlü Həsənov Fərman Fərdah oğlu yaşadığı evdə intihar edib. Əsgər Fərman Həsənov “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
– Aprelin 26-da İmişli sakini 1995-ci il təvəllüdlü Qəhrəmanlı İmdad intihar edib. İmdad Qəhrəmanlı sanitar olub və müharibə zamanı döyüş meydanından cəsədlərin çıxarılmasını həyata keçirib.
– Mayın 5-də Nəbizadə Rüfət Ağayar oğlu intihar edib. Kontuziyadan əziyyət çəkən leytenant Rüfət Ağayev Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müharibədə iştirak edib. O, İlham Əliyevin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdi.
– Mayın 30-da Ağdamda 25 yaşlı Dadaşov Şəmil Elman oğlunun intihar elədiyi bildirilir. Əsgər Şəmil Dadaşov “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Qubadlı azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
– İyunun 21-də Şirvan şəhər sakini 1988-ci il təvəllüdlü Cəlilov Emin Eldəniz oğlu yaşadığı evdə intihar edib. Kiçik çavuş Emin Cəlilov “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdi.
– İyulun 4-də Cəlilabad sakini 1998-ci il təvəllüdlü Abaslı Bəhmən Bəhlul oğlu intihar edib. Əsgər Bəhmən Abaslı “Cəbrayılın azad olunmasına görə” və “Qubadlı azad olunmasına görə” medalları ilə təltif edilib.
– 2021-ci il oktyabrın 15-də “N” sayılı hərbi hissənin feldşeri, gizir Məmmədov Namin Ruslan oğlu intihar edib. Gülhanə Hərbi Tibb Akademiyasına kurs keçən Namin Məmmədov İkinci Qarabağ müharibəsi ağır döyüşlərin olduğu Tərtər-Ağdərə istiqamətində vəzifə borcunu yerinə yetirib. Namin Məmmədov İlham Əliyevin sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdi.
– Noyabrın 20-də Ağdaşın Ləki kənd sakini İsgəndərov Ülvi İrşad oğlu yaşadığı evdə intihar edib.
2022-ci ildə…
– 2022-ci il aprelin 5-də Gədəbəyin Çanaqçı kənd sakini 2000-ci il təvəllüdlü Balakişiyev İsmət Namiq oğlu gecə saatlarında yaşadığı evdə intihar edib. Əsgər İsmət Balakişiyev Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müharibədə iştirak edib. O, “Cəbrayılın azad olunmasına görə”, “Xocavədin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
– Aprelin 22-də Qusarın Əniq kənd sakini 1999-cu il təvəllüdlü Qəhrəmanov Feyruz Qəhrəman oğlu yaşadığı evdə intihar edib. O, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
– 2022-ci il mayın 22-də Cəbrayıl rayonu Sarıcallı kənd sakini 1995-ci il təvəllüdlü Məmmədov Əlisahib Malik oğlu məskunlaşdığı Biləsuvar rayonu 1 saylı Cəbrayıl qəsəbəsndə yaşadığı evdə intihar edib. Əsgər Əlisahib Məmmədov “Xocavədin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
– Mayın 28-də Xaçmaz sakini Vəliyev Kənan Mənsur oğlunun intihar elədiyi bildirilir.
– İyunun 1-də Qusarın Yasaboba kənd sakini 2000-ci il təvəllüdlü Səfərquliyev Gümrah Fuad oğlu Xaçmaz rayonu ərazisində meşəlik sahədə intihar edib.
– İyunun 1-də daha bir müharibə veteranı – Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Bayramov Adil Müşfiq oğlu yaşadığı mənzildə intihar edib.
– İyunun 16-da Sabirabadın Cavadkənd sakini 1986-ci il təvəllüdlü Manafov Maşallah Gülağa oğlu yaşadığı evin həyətində intihar edib.
– İyulun 4-də Şəmkir sakini 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu Şəmkir Rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıraraq intihar edib. O, “Döyüşdə fərqlənməyə görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
– Sentyabrın 2-də Xətai sakini Ruslan Artayev yaşadığı mənzildə intihar edib.
– Sentyabrın 15-də Xəzər rayonu sakini Elnur Rüstəmov özünü yandıraraq intihar edib.
– Sentyabrın 26-da Firudinli Firudin Ceyhun oğlu intihar edib. Əsgər Firudin Firudinli “Cəbrayılın azad olunmasına görə”, “Xocavədin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
2023-cü il…
– Mayın 11-də Xəzər rayon sakini Hüseynzadə Elçin Xaliq oğlu yaşadığı evdə intihar edib. Sosial şəbəkələrdə yayılan məlumata görə, qazinin intiharına səbəb əlillik təyinatı ala bilməməsi olub. Həmçinin intihar edən zaman qazinin cibindən məktubun tapıldığı deyilir. Əsgər Elçin Hüseynzadə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdi.
***
2020-ci ilin 27 sentyabrından noyabrın 10-a qədər davam edən 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin 2908 hərbi qulluqçusu həlak olub.
12 nəfər əsir düşsə də, sonradan Azərbaycana qaytarılıb.
6 nəfər isə itkin düşüb.
Rəsmi məlumata əsasən, 11.110 hərbi qulluqçu yaralanıb.
Hər iki tərəfdən isə 5 minə yaxın şəxsin öldüyü, 5 mindən çox hərbçinin isə yaralandığı bildirilir.