Baş nazir Ekologiya və Təbii Sərvətlər Nazirliyini tənqid edib
Söyüdlüdə təbiətə, insanların sağlamlığına yaranmış təhlükəni nəzərə alaraq qızıl istehsalı ilə məşğul olan şirkətin fəaliyyətinin müvəqqəti dayandırıldığı bildirilir.
Qərar iyulun 13-də Baş nazir Əli Əsədovun yanında Gədəbəyin Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ikinci iclasında verilib.
İclasda çıxış edən Baş nazir Prezident İlham Əliyevin 2 gün əvvəl keçirdiyi müşavirədə verdiyi tapşırıqları xatırladıb.
Əli Əsədov deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şirkətin fəaliyyət göstərdiyi ərazidə 2018-ci ildən bəri monitorinq aparmaması ciddi nöqsandır:
“Nazirlik öz səlahiyyətlərinə aid olan dövlət nəzarət funksiyalarını layiqincə yerinə yetirməyib”.
Baş nazir icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan tullantı anbarında müxtəlif illərdə üç dəfə inşaat işlərinin aparılması, tullantı su anbarının tikintisinə dair layihə sənədlərinin ekspertizadan keçirilməməsindən danışıb.
Eyni zamanda, bəndin dayanıqlığının qiymətləndirilməsinin aparılmaması, tullantı anbarının istismar imkanlarının artırılması ilə əlaqədar şirkət qarşısında heç bir tələbin qoyulmaması, tullantı sularını nəql edən boruların sanitar-mühafizə zonasının müəyyənləşdirilməməsi kimi problemlərə toxunub.
O həmçinin məhdudlaşdırıcı hasarların çəkilməməsi, boru xətti boyu və tullantıxana sahəsində məlumatverici və qadağanedici lövhələrin quraşdırılmaması və digər nöqsanların ciddi araşdırılması və aradan qaldırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Fövqəladə Hallar Nazirliyinə tapşırıqlar verib.
İclasda qeyd olunub ki, ərazidə fəaliyyət göstərən müəssisədə ekoloji və geoloji auditin aparılması məqsədilə beynəlxalq şirkət müəyyənləşdirilərək dəvət edilib və onun nümayəndələrinin yaxın günlərdə ölkəmizə səfəri gözlənilir:
“Şirkət ətraf mühiti, təhlükəsizlik və sağlamlıq məsələlərini qiymətləndirəcək”.
Səhiyyə nazirinin müavini Nadir Zeynalov Söyüdlü kəndində və müəssisə ətrafında yerləşən yaşayış məntəqələrində müvafiq müayinələr və monitorinqlərin aparıldığını bildirib.
Baş nazir aparılan monitorinqlərin daha da sərtləşdirilməsi və mütəmadi qaydada keçirilməsi ilə bağlı tapşırıqlarını verib.
Şirkətin fəaliyyətinin bərpa olunub-olunmamasına gəlincə, Ə.Əsədov buna araşdırmalardan sonra baxıla biləcəyini deyib:
“Beynəlxalq şirkət tərəfindən aparılacaq qiymətləndirilmənin nəticələrinə və veriləcək tövsiyələrə uyğun olaraq işini təşkil edəcəyi təqdirdə müəssisənin fəaliyyətinin bərpası məsələsinə baxıla bilər”.
Baş nazir Komissiya üzvlərinin yaxın günlərdə Söyüdlü kəndinə bir daha səfər etmələri ilə bağlı tapşırıq verib.
O, kənd sakinlərinin müraciətlərinin ən ciddi şəkildə araşdırılmasının davam etdirilməsinin zəruriliyini vurğulayıb.
İyulun 11-də ölkə başçısı İlham Əliyev cari ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki çıxışı zamanı isə daha çox Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyini günahlandırıb:
“Hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib”.
“İnsanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar, amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil”, – deyə İlham Əliyev bildirib.
Ancaq bir gün sonra ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Söyüdlü hadisəsi ilə bağlı keçirdiyi brifinqdə ziddiyyətli açıqlamalar verib.
Nazir çıxışının əvvəlində deyib ki, Gədəbəyin Söyüdlü kəndində hər şey norma daxilindədir:
“Gədəbəyin Söyüdlü kəndində çirkləndirici maddələrin çox olması ilə bağlı narahatlıq vardı. İlk gün aparılan hava keyfiyyətinin nəticələrinə görə təhlükəli maddələrin normadan artıq olmadığı məlum olub. Yəni hər şey norma daxilindədir”.
Muxtar Babayev, eyni zamanda, Söyüdlü kəndində vəziyyətin araşdırılması məqsədilə yaradılan Komissiyanın sədridir.
Nazir bildirib ki, kənd sakinləri üçün müayinələrin aparılması təşkil olunub, müayinədən imtina edənlər olsa da, xəstəxana şəraitində yoxlanılanlar da olub.
İlham Əliyevin çıxışına istinad edən nazir bu dəfə də fərqli açıqlama verib.
O deyib ki, prezidentin müşavirədə səsləndirdiyi iradlar haqlıdır və onun verdiyi tapşırıqlar icra olunacaq:
“Prezident ötən gün haqlı iradlar səsləndirib. Xüsusilə nazirliyin bəzi sahələrdəki fəaliyyətsizliyi ilə bağlı fikirlər söyləyib. Bütün tapşırıqlar icra olunacaq. Belə hallarla üzləşməmək üçün çalışacağıq”.
Söyüdlü hadisələri
İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.
10-dan artıq kənd sakini və hadisənin təşkilində şübhəli bilinən şəxs saxlanılıb. Saxlanılanlar arasında narkotik ittihamı verilən də var.
İyunun 22-də Gədəbəyin Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırılıb.
Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərib.
Kəndin sakinləri isə bildirirlər ki, əsl səbəb iyunun 20-21-də etdikləri etiraz aksiyasıdır, onları nəzarətdə saxlamaq istəyirlər.
Söyüdlü kəndinin sakinləri iki gün ard-arda evlərinin yaxınlığında qızıl mədənləri üçün ikinci süni gölün salınmasına etiraz edib.
Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər.
Onların sözlərinə görə, bu su hövzələri onların əkin və örüş sahələrində salınır.
Bu da əkinə, meyvəyə, ağaclara və insanların sağlamlığına zərər vurur.
Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.
Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.
Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.
Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.
Nazirlər Kabineti məsələ ilə bağlı komissiya yaradıldığını deyir.
Komissiya dövlət məmurlarından formalaşıb, tərkibində müstəqil ekspert yoxdur.
Həbslər və təzyiqlər…
Hakimiyyət hadisəyə təxribat donu geyindirir, yerli mediada bununla bağlı eyni məzmunlu materiallar dərc olunur, hadisəni işıqlandıran müstəqil media hədəfə alınır.
Nazim Bəydəmirli baş verənlərə görə şirkəti tənqid etdiyi üçün hökumət mediası tərəfindən hədəfə alınıb.
Buna görə də o, “Yeni Müsavat” saytını, Azərbaycan Dövlət Televiziyasını və deputat Elman Nəsirova qarşı məhkəmə iddiası qaldırıb.
İyulun 4-də isə Nazim Bəydəmirli Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”) şübhəli şəxs qismində saxlanılıb.
İyulun 5-də Nərimanov Rayon Məhkəməsi onun barəsində 4 ay həbs-qətimkan tədbiri seçib.
DİN Nazim Bəydəmirlinin səhmdarı olduğu şirkətdən pul tələb etmə ittihamıyla saxlanıldığı iddia etsə də, sabiq deputat deyib ki, onu Söyüdlü kəndində baş vermiş etirazlara görə saxlayıblar.
Bundan başqa, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Elmir Abbasov və keçmiş “heykəl məhbusu” Qiyas İbrahimov da Söyüdlü hadisələri zamanı sosial şəbəkələrdə yazdıqları statuslara görə inzibati qaydada həbs edilib.