Onlar Ermənistanı ekoloji böhran yaratmaqda günahlandırırlar
Azərbaycanın hakimiyyətyönümlü bır sıra qeyri-hökumət təşkilatları Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət ediblər.
Onlar Ermənistandakı dağ-mədən sənayesinin Cənubi Qafqazda ekoloji sabitliyi pozduğunu bildiriblər.
Müraciət müəllifləri qeyd edirlər ki, Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatının, Qafandakı dağ-mədən kombinatının xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun və digər ağır metal tərkibli mədən tullantıları Oxçuçayı və Araz çayını çirkləndirir:
“Zəngəzur Mis-Molibden Kombinatının səhmlərinin 60 faizi Almaniyanın “Cronimet Mining GmbH” şirkətinə məxsusdur. Orada heç bir ekoloji norma gözlənilmədən il ərzində orta hesabla 20 milyon ton filiz emal edilir. Kombinatın mədən tullantıları hovuzu olan 270 milyon kvadrat metrlik Artsevanik su anbarı bütün region üçün təhdiddir. 2019-cu ildən Böyük Britaniyanın “Chaarat Gold International Limited” şirkətinin tərkibində olan Qafan dağ-mədən kombinatında hər il orta hesabla 1.3 milyon ton filiz emal edilir. Kombinatda 4.6 milyon kvadrat metr ərazini əhatə edən Gütqum (Qeqanuş) mədən tullantısı anbarı region üçün təhlükə saçır”.
“Əkərək (Aqarak) Mis-Molibden Kombinatının da ağır metal tərkibli mədən tullantıları Kərçivançay (Karçevançay) vasitəsilə Araz çayını zəhərləyir. Orada 4 milyon ton filiz emal edilir və kombinatın Davazam tullantı anbarında hazırda təxminən 36,8 milyon kubmetr təhlükəli tullantı toplanması barədə məlumatlar yayılıb. Tullantı anbarının suyu transsərhəd Araz çayına tökülür”, – deyə müəlliflər əlavə ediblər.
Azərbaycanlı “ekoloqlar” hesab edirlər ki, işğal illərində “GeoProMining” şirkəti Kəlbəcərin Zod yatağını qeyri-qanuni istismarı zamanı mədən yaxınlığındakı Zod (Sotk) çayı mis, dəmir, kadmium və molibden kimi ağır metallarla çirkləndirilib:
“Avropa İnsan Hüquqları Məhkəməsi 2019-cu il tarixli qərarı ilə Şınıx (Şnoq) və Tuğut (Teqout) kəndlərinin qanunsuz mədən sənayesi istismarını təsbit edib. Bununla bağlı Ermənistan hökumətindən zərərdəymiş kəndlilərə 69400 avro dəyərində təzminat ödənməsi tələb olunub”.
“Ermənistanın Lori vilayətindəki Axtala mədəni ildə təxminən 5 min ton mis və qurğuşun istehsal edir. Mədən “Metal Prince” şirkətinin tərəfindən idarə olunur. Oranın çirkab suları yaxınlıqdakı Tona (Debed) çayını çirkləndirir və su Kür çayına tökülür. Axtala mədəni 2017-ci ildə ekoloji problemlərə görə bağlanıb. Lakin 2020-ci ildə mədən yenidən istismara açılıb. Yaxud Qafan Manqan Zavodu nəinki Ermənistandakı, dünyanın ən böyük manqan zavodlarından biridir. Zavod manqan filizi, manqan dioksidi və digər manqan məhsulları istehsal edir, illik hasilatı təxminən 1,5 milyon ton filizdir. Zavod Cənubi Qafqaz regionu üçün vacib içməli su mənbəyi olan yaxınlıqdakı Bərgüşad çayını əhəmiyyətli dərəcədə çirkləndirir”, – deyə müraciətdə qeyd olunur.
Hökumətyönümlü QHT təmsilçiləri həmçinin Göyçə Mis Əritmə Zavodunun, Amuldağ (Amulsar) qızıl yatağının və digər müəssisələrin adlarını xatırladaraq yalnız Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurduğunu bildiriblər.
Onlar 2014-cü ildə qüvvəyə minən Birləşmiş Millətlər Təşkilatının (BMT) “Beynəlxalq su axarlarının qeyri-naviqasiya istifadəsi hüququ haqqında” Konvensiyasının – Transsərhəd Çaylar Konvensiyasının tələblərinin Ermənistan hökuməti tərəfindən kobud şəkildə pozulduğunu vurğulayıblar.
Müraciətə “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva, “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov, “Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Səlim Balayev, Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova, “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli, “Şəfəq” Ekoturizm İctimai Birliyinin prezidenti Vamiq Babayev, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli və digərləri imza atıb.
Sözügedən şəxslər bu ilin əvvəlində Xankəndi-Laçın yolunun üzərində etiraz aksiyası keçirərək, Qarabağ ərazisində yerləşən mədənlərin istifadəsinə etiraz edirdilər.
“Söyüdlü hadisələri ilə bağlı Prezident İlham Əliyevə müraciət etməyə ehtiyac yoxdur”
Ancaq nədənsə müraciət müəllifləri bu günə qədər iyunun 20-dən Gədəbəyin Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına olan etirazlarla münasibət bildirməyiblər.
Meydan TV müraciəti imzalayan Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova ilə əlaqə saxlayıb.
Q.Yusifova bildirib ki, Söyüdlü hadisələri ilə bağlı Prezident İlham Əliyevə müraciət etməyə ehtiyac yoxdur:
“Çünki Prezident özü məsələni nəzarətinə götürüb. Bir də dövlət tədbirlər həyata keçirməyə başlayıb”.
“Bəs söyüdlülərin 20 iyundan başlayan etirazına Azərbaycan ekoloqları niyə susdular?” sualına Q.Yusifova belə cavab verib:
“Onlar etiraz edib, dövlət onlara reaksiya veribsə, QHT rəhbəri nə deyə bilər? Əgər dövlət laqeyd qalsaydı, biz hökumətə müraciət edərdik. Cənab Prezident isə məsələni diqqətində saxlayır, ekologiya naziri kəndə gedib müdaxilə etdi, analizlər götürüldü. Dövlətin diqqətində olmasaydı, siz bu məsələni qaldırardınız ki, niyə QHT-lər səsini çıxartmır. Axı cənab Prezident müvafiq tapşırıqlar verib”.
“Bəs mühasirədə olan Söyüdlü kəndinə gedib monitorinq aparmısınızmı?” sualına birliyin sədri belə cavab verib:
“Mən indi salondayam, işimi yekunlaşdırıb zəng edəcəyəm…”.
Söyüdlü hadisələri
İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.
10-dan artıq kənd sakini və hadisənin təşkilində şübhəli bilinən şəxs saxlanılıb. Saxlanılanlar arasında narkotik ittihamı verilən də var.
İyunun 22-də Gədəbəyin Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırılıb.
Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərib.
Kəndin sakinləri isə bildirirlər ki, əsl səbəb iyunun 20-21-də etdikləri etiraz aksiyasıdır, onları nəzarətdə saxlamaq istəyirlər.
Söyüdlü kəndinin sakinləri iki gün ard-arda evlərinin yaxınlığında qızıl mədənləri üçün ikinci süni gölün salınmasına etiraz edib.
Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər.
Onların sözlərinə görə, bu su hövzələri onların əkin və örüş sahələrində salınır.
Bu da əkinə, meyvəyə, ağaclara və insanların sağlamlığına zərər vurur.
Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.
Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.
Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.
Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.
Nazirlər Kabineti məsələ ilə bağlı komissiya yaradıldığını deyir.
Komissiya dövlət məmurlarından formalaşıb, tərkibində müstəqil ekspert yoxdur.
Həbslər və təzyiqlər…
Hakimiyyət hadisəyə təxribat donu geyindirir, yerli mediada bununla bağlı eyni məzmunlu materiallar dərc olunur, hadisəni işıqlandıran müstəqil media hədəfə alınır.
Nazim Bəydəmirli baş verənlərə görə şirkəti tənqid etdiyi üçün hökumət mediası tərəfindən hədəfə alınıb.
Buna görə də o, “Yeni Müsavat” saytını, Azərbaycan Dövlət Televiziyasını və deputat Elman Nəsirova qarşı məhkəmə iddiası qaldırıb.
İyulun 4-də isə Nazim Bəydəmirli Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”) şübhəli şəxs qismində saxlanılıb.
İyulun 5-də Nərimanov Rayon Məhkəməsi onun barəsində 4 ay həbs-qətimkan tədbiri seçib.
DİN Nazim Bəydəmirlinin səhmdarı olduğu şirkətdən pul tələb etmə ittihamıyla saxlanıldığı iddia etsə də, sabiq deputat deyib ki, onu Söyüdlü kəndində baş vermiş etirazlara görə saxlayıblar.
Bundan başqa, NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Elmir Abbasov və keçmiş “heykəl məhbusu” Qiyas İbrahimov da Söyüdlü hadisələri zamanı sosial şəbəkələrdə yazdıqları statuslara görə inzibati qaydada həbs edilib.