Azərbaycan dini azadlıqların kobud şəkildə pozulması ilə bağlı Xüsusi Nəzarət Siyahısına necə düşdü
“Mən Azərbaycan vətəndaşı olmaq istəmirəm. Çünki məni vətəndaş kimi saymırlar, hüquqlarımı tapdayırlar, şər atırlar, başıma oyun açırlar. Bizə casus, vətən xaini deyirlər. Gör bizi nə ilə suçlayırlar?”
Azərbaycanda bir müddətdir, dini inanclı şəxslər kütləvi şəkildə həbs edilir.
Həbslər İran Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda baş verir.
Həbs olunanların yaxınlarının dediyinə görə, onların hamısı narkotiklə və İrana casusluqda şərlənir.
Rəna Əliyevanın həyat yoldaşı Ruslan Əliyev şiə məzhəbli müsəlmandır. Bu ilin aprelində narkotik vasitələrin qanunsuz dövriyyəsilə əlaqədar saxlanılsa da, sonradan mediada İran casusu kimi təqdim olunub.
R. Əliyevanın iddiasına görə, həyat yoldaşına zorla casus olduğunu etiraf etdiriblər. O, sadəcə inanclı olduğuna görə, həbs olunub.
“Əməlli-başlı siyasət aparırlar. Daxili İşlər Nazirliyi bunları casus kimi üzə çıxarır, bəs narkotiklə tutmuşdu? Casusun pasportu olar, neçə cür şəxsiyyət vəsiqəsi olar, casus neçə dil bilər, savadı olar. Mənim yoldaşım savadsız adamdır. Deyirlər, vətən xainidir, xain olub nə edib? Onun vəzifəsi yoxdur, daxili orqanlarda işləmir, nə bilir ki, gedib nə də çatdırsın?”.
«Mən Daxili İşlər Nazirliyiyəm, mən belə qərar verirəm»
Mayın 16-da hüquq-mühafizə orqanları birgə bəyanat yayıblar ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkədə silahlı iğtişaşlar törətməklə “Kərimə” dövlətinin qurulması, vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə gizli fəaliyyət planı hazırlayıblar.
Həmin planın bir hissəsi kimi “WhatsApp”, “Telegram”-da məxfi qruplar yaradılıb. Ruslan Əliyev də “Qisas 313” qrupunun üzvü kimi saxlanılıb.
Rəna Əliyevanın sözlərinə görə, onun həyat yoldaşı piano ustası idi. Həmin qrupa üzv olmasında tək məqsədi dindarların kütləvi həbsinə etiraz etmək olub. Onun adıçəkilən adamlar – Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ilə şəxsi tanışlığı olmayıb.
“Məhkəmə olmamış Daxili İşlər Nazirliyi onu casus kimi təqdim edir. Belə çıxır ki, nazirlik deyir, biz xalqı saymırıq. Onda məhkəmə etməyin də. Belə səhv buraxarlar? Belə səhvi ona görə buraxırlar ki, bizi saymırlar. Nazirlik deyir ki, lap səhvimi tutun, neynəyəcəksiniz mənə? Mən Daxili İşlər Nazirliyiyəm, mən belə qərar verirəm, məhkəmə saymıram”.
Müstəqil hüquq müdafiəçilərinin dediyinə görə, bu gün 500-dən çox dindar həbsdədir. Onlardan 34-ü Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləridir.
MBH-nin İdarə Heyətinin üzvü Ağa-Əli Yəhyayev dindarların həbsini İran-Azərbaycan münasibətlərinin gərginləşməsilə əlaqələndirir. Bunu, məhz şiə məzhəbli müsəlmanlara yönəlik təzyiq hesab edir.
“Biz mübarizəmizi hüquqi çərçivədə aparacağıq, hal-hazırda daha çox Beynəlxalq təşkilatların diqqətini çəkməyə çalışırıq. Yüzlərlə dindar günahsız olaraq ittiham olunur, illərdir bu ittihamların ağrı-acısını həm özümüz, həm də ailələrimiz yaşayır”, – hərəkat üzvü belə söyləyir.
«Oğlum cinsi təcavüzlə təhdid olunub»
Ötən ilin dekabrında narkotik vasitələrin qanunsuz dövriyyəsilə əlaqədar həbs olunan Mirtofiq Hüseynov da MBH üzvüdür. Atası Mircəlal Hüseynov deyir ki, oğlu saxlanılmazdan əvvəl ona tanımadığı nömrələrdən zəng gəlib, oğlunun dindar olub-olmamasıyla bağlı suallar verilib.
“Məndən soruşdular ki, Mirtofiqin atasısan? Dedim, bəli. Sənin oğlun şiədir? Bəli. Namaz qılandır? Bəli. Bu suallardan mən artıq şübhələndim, sonra da oğlum yoxa çıxdı, sonra da tutulduğu xəbərini aldım”.
Mircəlal Hüseynov oğlunun saxlanılarkən zorakılığa məruz qaldığını iddia edir. Bildirir ki, oğlu cinsi təcavüzlə təhdid olunub və buna görə etiraf sənədinə imza atıb.
“Oğlumu görəndə yaxşı deyildi, soruşdum nə olub? Əvvəlcə utandı, sonra dedi ki, məni dubinkayla, butulkayla hədələdilər, mən də məcbur oldum, qol çəkdim”.
Meydan TV-yə danışan Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev atanın iddialarını rədd edir. İddiaların müdafiə xarakteri daşıdığını və şəxsi mülahizə olduğunu söyləyir.
“Mənim oğlumun qanından nikotin çıxsa belə, mən ona yiyə durmaram. Bunlar niyə belə edir? Biz bu dövlətə nə etmişik? Ölkə cəngəllik qayda-qanunlarıyla idarə olunur. Burda konstitusion hüquqlardan söhbət gedə bilməz. Biz, söz yoxdur, hüquqi dövlətdə yaşayırıq, hüquqlarımız var, amma bizim hüquqlarımız tapdalanır, bizim hüquqlarımız müdafiə olunmur. Biz tamamən başlı-başına qalmışıq, bizə yiyə duran yoxdur”, – Mircəlal Hüseynovsöyləyir.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Ceyhun Məmmədov dindarların həbsinə münasibət bildirib.
Deputat deyir, dini inanclıların həbsi hüquq-mühafizə orqanları tərəfindən sırf təhlükəsizlik məqsədilə atılan addımdır.
Deputat bu məsələnin Milli Məclisdə müzakirəyə çıxarılmasına isə hələlik ehtiyac duymur.
ABŞ Dövlət Departamenti mayın 15-də “2022-ci ildə Beynəlxalq Din Azadlığı” hesabatını yayıb.
Hesabatda Azərbaycan Türkiyə, Misir, İndoneziya, İraq, Qazaxıstan, Malayziya, Şri Lanka və Özbəkistanla birlikdə Din Azadlığı Qanununa uyğun olaraq dini azadlıqların kobud şəkildə pozulması ilə bağlı Xüsusi Nəzarət Siyahısına daxil edilib.
Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, bu ölkədə dini azadlıq şəraiti ümumən neqativdir.
Qeyd olunur ki, Azərbaycanda bütün dini fəaliyyət üzərində hökumətin nəzarəti gücləndirilib.
Hesabatda yazılır ki, QHT-lər ötən il ərzində 19 nəfərin dini fəaliyyətinə görə həbs edildiyini bildiriblər və onların əksəriyyəti Müsəlman Birliyi Hərəkatının üzvləridir.
“İki dövlət arasında münasibətlər pisləşəndə təqsirsiz insanlar bunun bədəlini ödəyir”
Həbs olunan şiə məzhəbli müsəlmanların monitorinqini aparan hüquq müdafiəçisi Rüfət Səfərov deyir ki, son dövrlər hökumət dindarlara qarşı xüsusi aqressiya, repressiya siyasəti yürüdür.
“Ağına-bozuna baxmadan dindarları narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham edib, cəmiyyətdən təcrid edirlər, ona görə ki, onlar sosial şəbəkələrdə İranın hərbi, mədəni, dini elitasına aid olan yüksək rütbəli vəzifəli şəxslərin fotosunu paylaşırlar. Ona görə ki, hakimiyyətin yürütdüyü siyasətlə razılaşmırlar. Çox təəssüf ki, iki dövlət arasında münasibətlər pisləşəndə təqsirsiz insanlar bunun bədəlini ödəyir”.
R.Səfərovun dediyinə görə, ölkədə dini inanclı şəxslərin müdafiəsi qənaətbəxş səviyyədə həyata keçirilmir.
Cəmiyyət də bəzi hallarda bu təqiblərə haqq qazandırır.
“Mən onu da istisna etmirəm ki, Azərbaycan periferiyasında casus şəbəkələri, dövlətə xəyanət meyilləri olmayıb. Var, olub. Bu illər ərzində İranın başlıca marağı da budur ki, Azərbaycanda casus şəbəkəsini genişləndirsin. Amma Azərbaycanda rəsmi kütləvi informasiya vasitələri, hakimiyyətin nəzarəti altında olan media quruluşları narkotiktə ittiham olunan şəxsləri İranın casusu kimi tanıyırlar və Azərbaycan cəmiyyətinə elə təqdim edirlər. Sual olunur, adam casusdursa, göstərin, baxaq, qiymət verək. Narkotacir belə hesab olunan şəxsi siz niyə casus kimi təqdim etməlisiniz?”
Hüquqşünas, ümumilikdə, ölkədə dini azadlıqların təmin olunmasına məsələsinə də münasibət bildirir.
“Konstitusiyanın 18-ci maddəsi qeyd edir ki, din dövlətdən ayrıdır. Heç şübhəsiz ki, biz hər zaman dünyəvi dövlət modelini təşviq etmişik. Amma bu gün görürük ki, dövlətin siyasi, hüquqi sifətləri mərkəzi icra hakimiyyəti orqanları dinə müdaxilə edir. İcmalara, 0məscidlərə, imamların, axundların təyinatı Dini İşlər Üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Biz bu təcrübəyə baxıb, necə deyə bilərik ki, dövlət dinə müdaxilə etmir?”
Bu, Azərbaycanda dindarların ilk kütləvi həbsi deyil, “Nardaran işi”, “Gəncə işi” də var.
“Nardaran işi”
2015-ci il noyabrın 26-da əhalisinin əksəriyyəti dindarlardan ibarət olan Nardaranda hüquq-mühafizə orqanları əməliyyat keçirmişdi.
Hadisə şahidlərinin dediyinə görə, namaz vaxtı Müsəlman Birliyi Hərəkatının sədri Hacı Taleh Bağırzadənin olduğu evə “qaramaskalılar” hücum çəkmişdi. 2 polis, 4 sakin həlak olmuş, 60-dan çox şəxs saxlanılmışdı.
Hüquq-mühafizə orqanları birgə bəyanat yaymışdılar ki, həmin evdən xeyli sayda silah-sursat götürülüb, lakin ortada əməliyyat çəkilişi yox idi.
Əməliyyat zamanı həbs edilənlərin əksəriyyəti onlara işgəncə verilərək hazır mətnlərə qol çəkdirdiklərini iddia edirdilər.
Təqsirləndirilən şəxslərdən bəzilərinə vəkillik edən Fariz Namazlı indiyədək ən ağır işgəncələri məhz “Nardaran işi”ndə gördüyünü deyirdi.
O həmçinin Hacı Taleh Bağırzadənin məhz hakimiyyəti tənqid edən çıxışlarına görə, həbs olunduğunu söyləyirdi.
T.Bağırzadə beynəlxalq təşkilatlar tərəfindən “vicdan məhbusu” kimi tanınır.
Amma həbslər bununla da yekunlaşmamışdı. Noyabrın 26-dan sonra da Bakıda və regionlarda MBH üzvlərinin, digər dindarların həbsi davam etdi.
“Gəncə işi”
2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsd olmuşdu. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilmişdi. Hüquq-mühafizə qurumları iddia edirdi ki, bu, terror əməlidir və Y.Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq olub.
Bir qədər sonra – iyulun 10-da Gəncədə iğtişaşlar başlamışdı. Rəsmi məlumatlarda deyilirdi ki, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrup aksiya keçirmək istəyib.
Ümumilikdə bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı.
“Gəncə işi”ndə təqsirləndirilənlərin valideynləri övladlarının günahsız olduğunu, haqsız yerə həbs olunduqlarını deyirlər.
Bəzi hüquq müdafiəçiləri “Gəncə işi”ndə ciddi qanun pozuntularının olduğunu düşünürlər.
Bu hadisələrlə bağlı araşdırma aparan hüquq müdafiəçisi Oqtay Gülalıyev Gəncə hadisələrinin siyasi olduğunu və siyasi motivli həbslər aparıldığını vurğulamışdı.
Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsi
Azərbaycanda dini inanclıların sonuncu kütləvi həbsi yanvar ayından – Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra başladı.
Belə ki, yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb.
Azərbaycan prezidenti terror aktının tezliklə araşdırılmasını və terrorçuların tezliklə cəzalandırılmasını tələb edib.
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıldığını bildirib.
Bu hadisədən sonra Daxili İşlər Nazirliyi 45-dən artıq “İran casusu”nun saxlandığını açıqladı, amma bu əməliyyatın detalları haqda ətraflı heç bir məlumat verilmədi. Saxlanılanların yaxınları, vəkillərinin sözlərindən məlum oldu ki, onlar narkotik ittihamıyla həbs edilib.
Bu il, fevralın 1-də Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşlarının xüsusi əməliyyat keçirdiyini bəyan etdi. Məlumatda deyilirdi ki, xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb. Lakin saxlanılan şəxslərin kimliyi, həmçinin onların hansı maddələrlə ittiham olunması barədə ictimaiyyətə məlumat verilmədi.
Martın 12-də Dövlət Təhlükəsizliyi Xidməti, DİN və Baş Prokurorluq tərəfindən inanclı şəxslərə qarşı ilk əməliyyat keçirildiyi haqda rəsmi açıqlama yayıldı. Həmin gün 32 nəfər saxlanıldığı barədə ictimaiyyətə məlumat verildi.
Onların casusluqdan narkotik vasitələrin dövriyyəsinə qədər müxtəlif maddələrlə ittiham olunduğu bildirilsə də, detallar indiyədək məlum deyil.
Həbs olunan dindarların yaxınları mübarizələrini sonadək davam etdirəcəklərini söyləyirlər. Amma bir yandan da ədalətli məhkəmə sisteminin olmadığını deyirlər, ona görə bir az ümidsizdirlər. Ayrı-ayrı vaxtlarda aksiyalar keçirir, qanunsuz həbslərə etirazlarını bildirirlər.
“Mediaşəbəkə”nin dəstəyi ilə