Qurum Laçın dəhlizi ilə bağlı qətnamə qəbul edib
Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Laçın dəhlizindən azad və təhlükəsiz keçidin təmin olunması” ilə bağlı narahatlığını dilə gətirib.
Qurum iyunun 22-də problemlə bağlı təşkil etdiyi müzakirələrdən sonra bu barədə məlumat yayıb.
AŞPA bildirir ki, əsasən də 2022-ci il dekabrın 12-də Laçın dəhlizi ilə keçid əngəlləndikdən sonra problem pik həddə çatıb.
“Dekabrda Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz keçid dayandı. Daha sonra ətraf rayonlarda elektrik və qaz təchizatının qəsdən kəsilməsi ilə bağlı problemlər ortaya çıxdı”, – məlumatda bildirilib.
AŞPA bildirir ki, Azərbaycanın öz ərazisində və sərhədləri daxilində təhlükəsizliyin təminatı ilə bağlı narahatlığı başadüşüləndir:
“Lakin Azərbaycan rəhbərliyi hazırkı vəziyyətin yaratdığı çox ciddi humanitar və insan hüquqları ilə bağlı problemləri qəbul etmir”.
AŞPA-nın irlandiyalı həmməruzəçi Pol Qavanın hesabatı əsasında hazırladığı qətnamədə o da bildirilir ki, Azərbaycan beynəlxalq aləmdə tanınmış sərhədləri içində yaşayan hər kəsin qorunması və təhlükəsizliyi üçün məsuliyyət daşıyır:
“Laçın dəhlizi ilə azad və təhlükəsiz hərəkətin olmaması çox böyük bir məsələnin kiçik hissəsidir. Azərbaycanı Bakı və Xankəndi arasında dialoqa, həmçinin Dağlıq Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələlərinə diqqət yetirməyə çağırırıq”.
Məlumatda qeyd edilir ki, Azərbaycan və Ermənistan arasındakı hər hansı sülh prosesinin həyata keçirilməsi mexanizmi neytral beynəlxalq iştirakçılıq tələb edir.
AŞPA Azərbaycana Beynəlxalq Ədalət Məhkəməsinin qərarını xatırladır.
Bildirir ki, Bakı insanların Laçın dəhlizi ilə hər iki tərəfə əngəlsiz hərəkəti təmin etməlidir.
“Üstəlik, de-eskalasiya prosesində Ermənistan da iştirak etməli və Dağlıq Qarabağa qanunsuz silah gətirilməsinə dair Azərbaycanın iddialarının yoxlanması üçün müəyyən beynəlxalq monitorinqə açıq olmalıdır”, – qətnamədə qeyd edilir.
AŞPA Azərbaycan rəhbərliyinin ermənilərə qarşı “düşmən və hədələyici ritorikasından” dərin narahatlığını ifadə edib.
Qeyd edib ki, Ermənistanda da fərdi səviyyədə nifrət yaradan bəyanatlar verilir:
“Biz Ermənistan rəhbərliyini də belə halları pislənməyə və müvafiq cəza tədbirləri görməyə çağırırıq”.
Sonda AŞPA Azərbaycanı fakttoplama missiyası və vəziyyətin yerində öyrənilməsi məqsədilə Avropa Şurası nümayəndə heyətini Laçın dəhlizinə və Dağlıq Qarabağa dəvət etməyə çağırıb.
Qətnamənin sonunda isə Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıması alqışlanıb.
Ötən ilin sonlarından özlərini eko-aktivist adlandıran bir qrup azərbaycanlı Laçın dəhlizini bağlayaraq, ərazidəki ekoloji problemlərə etiraz etdiklərini açıqlayıb.
Aylarla davam edən etiraz aksiyaları nəticəsində Laçın dəhlizində gediş-gəliş məhdudlaşıb.
Bundan əvvəl isə Azərbaycan dəfələrlə Laçın dəhlizi vasitəsilə Qarabağa silah daşındığını və bunun qanunsuz olduğunu dilə gətirib.
Ermənistandan Qarabağdan qanunsuz silahlı birləşmələrini çıxarmağl tələb edib.
Aksiyanın baş tutduğu ərəfədə və sonrakı dönəmlərdə Azərbaycan tərəfi Laçın dəhlizi ilə hərəkətin əngəllənməsinə dair iddiaların əsassız olduğunu bildirib.
Ermənistan tərəf daim açıqlamalarında Xankəndidə (Stepanakert) tibbi məmulatların və ərzaq çatışmazlığının olduğunu söyləyib.
Azərbaycan isə bunun cavabında vətəndaşların, ərzaq və başqa humanitar malların dəhlizdən keçməsinə heç bir maneə yaradılmadığını deyib.
Daha sonra Azərbaycan tərəf açıqlama verərək bildirib ki, Laçın dəhlizində, iki ölkənin sərhədində yoxlama-buraxılış postunun yaradılması onun beynəlxalq hüququdur.
2020-ci ildə Azərbaycan və Ermənistan silahlı birləşmələri arasında 44 gün sürən İkinci Qarabağ müharibəsi yaşanıb.
Hər iki tərəfdən 6 mindən çox itkiyə səbəb olan müharibənin sonunda Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyi (2020-ci il noyabrın 9-da) arasında birgə bəyanat imzalanıb.
Həmin bəyanatla döyüşlər dayandırılıb, Laçın dəhlizində və təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Bundan sonra tərəflər arasında ikisi böyük olmaqla, dəfələrlə atəşkəs pozulub, onlar bir-birlərini təxribatda günahlandırıb.
İllərdir ki, sülh danışıqları ilə bağlı görüşlər təşkil edilir, danışıqlar gedir, lakin bu günədək müsbət nəticə əldə edilməyib.