Natiq Hüseynov qanunsuz işdən çıxarılmasından şikayətçidir
“12 il 8 aydır ki, burada çalışıram. Yeni direktor 7 ay öncə gəlib. Ona qədər teatr üç rəhbər dəyişib. Bu müddət ərzində nə bir töhmətim, izahatım, nə də xəbərdarlığım olub. Əksinə yaxşı çalışdığım üçün fəxri fərmanlar və əlavə mükafatlar verilib, iclaslarda əməyim qiymətləndirilib. Ancaq indi işdən qeyri-qanuni kənarlaşdırılmışam. Çox acınacaqlı vəziyyətdəyəm”.
Bunu Meydan TV-yə Ucarın Qazyan kənd sakini, Mingəçevir Dövlət Dram Teatrının əməkdaşı Natiq Əhəd oğlu Hüseynov deyib.
O, teatrın direktoru İntiqam Soltan tərəfindən haqsızlığa məruz qaldığını bildirir.
“İşləyirsən, belə işlə, işləmirsən, çıx get…”
Onun sözlərinə görə, 13 il məsuliyyətlə çalışdığı işindən qərəzli şəkildə kənarlaşdırılıb.
Şikayətçi Meydan TV-yə deyir ki, 23 iyun 2011-ci ildən fəhlə kimi işə başladığı teatrda qısa müddətdən sonra bacarıqlı olduğu üçün səhnə rəisi kimi çalışıb.
Ötən 7 ay ərzində direktorla davam edən çəkişmədən sonra apreldə vəzifəsi 9-cu dərəcədən 6-cı dərəcəyə, əməkhaqqısı isə 415 manatdan 357 manata salınıb.
Mübahisələri isə bu ilin martında keçirilən Novruz bayramı şənliyində başlayıb.
Bir saat gecikmə mübahisəsi tərəfləri bir-birinə narazı salıb. Üstəlik, şikayətçi əlavə edir ki, direktor işçiləri həftə ərzində üç bilet almağa, ya da tamaşaçı tapmağa məcbur edib:
“İlk mübahisəmiz Novruz bayramı şənliyi ilə əlaqədar bayram personajlarını şəhərdə gəzdirmək, çöl səhnəsini qurmaq üçün maşını bəzəmək üstündə oldu. Biz həmişə saat 10-na işləmiş maşını bəzəyib şəhərə çıxarırdıq. Direktor gəldi ki, niyə bir saat gecikmisiniz. Dedik ki, həmişə belə olub, saat 10:00-da şəhərə çıxmışıq. Dedi ki, o keçmişdə olub, indi qayda belədir. İşləyirsən, belə işlə, işləmirsən, çıx get işdən. Dedim ki, 13 ildir buraya can qoyuram. Bu, nə deməkdir? Bu işin bütün xırdalıqlarını mən bilirəm. Deyir ki, müdir mənəm, bu işi də özüm edərəm, sən çıx. Üstəlik, teatrı işçiləri olaraq bizi məcbur edir ki, hər tamaşaya bilet almalısınız, ya da tamaşaçı tapıb gətirməlisiniz. Hər həftə 3 bilet almalıyıq, hər bilet də 5 manatdır. Mən kimə gedim deyim ki, ay camaat, teatra gəlin, bilet alın”.
“Bir neçə dəfə dedim. Camaat da dedi ki, pulum olsa, gedib ət alaram, teatr nəyimə lazımdır? İrad bildirdim ki, bu teatrın bilet satışı ilə məşğul olanların işidir, mənim, fəhlənin işi deyil. Teatrda hamı bundan qorxur. 120 nəfərlik heyəti var. Bakıdan bunu göndəriblər ki, teatrda ölü canları dirilt, amma bu gəlib diri canları öldürür. Özü də deyir ki, Bakıdakı teatr işçilərini bura gətirtmək istəyirəm. Bəs teatrın öz heyəti işsiz qalsın?. Necə ki məni haqsız işsiz qoydu”, – deyə Natiq Hüseynov bildirib.
“Dedi ki, səni heç görmək istəmirəm”
Tərəflər arasında ikinci qarşıdurma isə teatrın qadın işçiləri ilə bağlı edilən zarafatlar üstündə olub.
Natiq Hüseynov deyir ki, heç bir qadın, yaxud kişi əməkdaşla qeyri-etik davranışda olmayıb. İddia edir ki, sadəcə, uzun illər qadın işçilərdən biri ilə daim qarşılıqlı zarafatları olub.
“Amma direktor bundan istifadə edərək digər bir qadın işçi ilə birləşərək məqsədli şəkildə mənim əleyhimə istifadə etdi. Üstəlik, bu məsələ hüquq mühafizə orqanlarına qədər araşdırıldı, heç bir əsas tapılmadı”, – belə deyir.
Natiq Hüseynov bildirir ki, bundan sonra ona təzyiqlə könüllü şəkildə işdən çıxma ərizəsi yazdırılaraq ixtisara salınıb. Əslində 15 işçi ixtisara düşsə də, digər işçilər işində saxlanılıb:
“Teatrda xətrini bacı qədər istədiyim qadın əməkdaşla illərdir ki, zarafatımız var. Hamı bilir. Yuxarıda çalışan digər qadın işçi məqsədli bizim yanımıza göndərildi. Ona da ciddidən dedim ki, ağ geyiminiz burada çirklənəcək, çünki orada fəhlə işi görülür. Onunla qəti zarafatım olmayıb. Çıxıb yuxarı deyib ki, bəs Natiq qeyri-etik davranır, mən orada işləmək istəmirəm. Müdir çağırıb dedi ki, bəs səndən şikayət var, qadınlarla qeyri-etik davranmısan, mədəniyyət ocağının ünvanına uyğunsuz ifadə işlətmisən. Halbuki həmişəki adi zarafatım o biri qadınla olub. Teatrın ünvanına və kiməsə əxlaqsız ifadə işlətməmişəm. Məqsədli şəkildə qızlar üzümə durdu. Zarafat etdiyim əməkdaşı da məcbur edib məndən şikayət yazdırdılar”.
Natiq Hüseynov deyir ki, müdirin sifarişi ilə ondan polisə şikayət edilib:
“Məndən polisə şikayət verdilər. Səhər müdir məni çağırdı. Dedi ki, qızları səndən polisə şikayət etdiklərinə görə hədələmisən. Dedim ki, yalandır, heç kəsi hədələməmişəm. Üstümə düşdü ki, sən teatrın üz qarasısan, burda işləyə bilməzsən, tez ərizəni yaz, çıx işdən. Nə qədər vəziyyəti olduğu kimi anlatdım, bunun şər olduğunu dedim, anlamadı. İşçilər şahiddir ki, mən bir dəfə də olsa əxlaqsız hərəkət etməmişəm. Əsəbiləşib sərt danışa bilərəm. Qeyri-etik sözlərə qalsa, teatrın içində çoxu biabırçı ifadələr işlədir. Teatrda 15 işçi guya ixtisara düşmüşdü, hamısı qaldı. Bu ayın 27-nə qədər vaxtım var, ancaq 10 gündür ki, işdən uzaqlaşdırıblar. Gətirib sənədi qoydu ki, ya səni Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarıram, ya da özün ərizə yaz, çıx. Yəni müdir işə gələndən bir gün istirahət tanımamışam, premiya görməmişəm, üç səhnə qurdum, 20 qəpik belə görmədim. Bu haqsızlıqdan 280 təzyiqlə neçə dəfə xəstəxanalıq oldum. Bunu belə bəhanə edib ki, guya işdə deyiləm. Ən son səhnəni belə qurmağa qoymadı. Dedi ki, səni görmək istəmirəm”.
“Aidiyyəti qurumların araşdırılmasını istəyirəm”
5 nəfərlik ailəni minimum əməkhaqqı ilə dolandıran şikayətçi bildirir ki, ölkə prezidentindən tutmuş Mədəniyyət Nazirliyinə qədər müraciət edib.
İşsizlik və kreditlər içərisində ona yaşamaq çətin olduğundan müraciətinin araşdırılıb tezliklə işinə bərpa edilməsini istəyir:
“Özümün də, həyat yoldaşımın da valideynləri yoxdur. Himayəmizdə 2 məktəbli övladımız, xəstə baldızım var ki, onları dolandırıram. Kreditlərin və borcların içində batıram. Məcburiyyətdən oğlum dönərxanada gündəlik 5 manata kuryer işləyir ki, borcları ödəyək, dolanaq. Bu işin vicdanla, qanunla araşdırılıb ədalətin bərpa olunmasını tələb edirəm. İşin aidiyyəti qurumlar tərəfindən araşdırılmasını istəyirəm”.
“Teatrda “haqq yeyənlər” hələ də çoxdur”
Adlarının çəkilməsini istəməyən bir qrup teatr əməkdaşı da Meydan TV-yə Natiq Hüseynovun peşəkar və məsuliyyətli kadr olduğunu bildiriblər:
“İş yoldaşları olaraq bildiririk ki, direktor Natiq Hüseynov kimi işçini bağışlaya, onu tənbeh edib işini görməyi tapşıra bilərdi. Özü də tərbiyəsizlik etməyən, kimsəyə nalayiq söz deməyən biri olub. Belə ağır zamanda işlə imtahan etmək çox pis əməl sayılır. Əgər haqq-ədalət deyilən bir yolla getmək istəyirlərsə, teatrda “haqq yeyənlər” hələ də çoxdur, hətta müdafiə də olunurlar. Bacarırlarsa, bunu həll etsinlər. Xahiş edirik ki, düşüncəsinə, mənliyinə, insanlığına əsaslanıb bir fəhlənin uşaqlarına, xəstəsinə görə humanist addım atılsın, o, işinə geri qaytarılsın. Bu, rəhbərliyin böyüklüyü olar”.
“Öz xahişi ilə işdən azad olunub, ixtisara salınmayıb”
Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltan Meydan TV-yə Natiq Hüseynovu ixtisara salmadığını, onun öz ərizəsi ilə işdən çıxdığını deyib:
“Məndən şikayəti varsa, məhkəməyə müraciət etsin. Heç kimlə mübahisə etməmişəm, işimi görmüşəm. Bu adam öz xahişi ilə işdən azad olunub, ixtisara salınmayıb. Əxlaq mənim üçün qırmızı xətdir. Şahidlərim də var. Novruz şənliyi mərasimində məni təhqir etdi. Özü sonra ərizə yazdı, hətta ərizəsini kollektivin qarşısında cırdım, bağışladım onu. Bu cür hallar davamlı təkrarlandığı üçün bir dəfə vəzifəsini aşağı salmaq məcburiyyətində qalmışam, öz hərəkətlərinə cavabdehlik daşıya bilmədiyi üçün, yetərincə etikadan kənar hərəkətlərə yol verdiyinə, teatrın xanım əməkdaşlarını təhqir etdiyinə görə mən onu işdən kənarlaşdırmaq istəmişəm, özü ərizəsin yazıb, ixtisara salınmayıb”.
Ancaq Mingəçevir Dövlət Dram Teatrının 6-cı dərəcəli səhnə maşinisti Natiq Hüseynova yazılı göndərdiyi rəsmi xəbərdarlıqda bildirilir:
“Mingəçevir Dövlət Dram Teatrının yeni ştat cədvəlinə əsasən, sizin ştatınız ixtisara düşür. Ona görə də Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, sizinlə bağlanmış əmək müqaviləsinə 17.07.2023-cü il tarixində xitam veriləcək”.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aynur Kərimova isə Meydan TV-yə deyib ki, məsələ araşdırılır:
“Bu məsələ ilə bağlı müraciətiniz nazirliyin uyğun struktur bölməsinə yönəldilib. Tərəfimizdən araşdırılır, nəticələr haqqında əlavə məlumat veriləcək”.
“…əmri mübahisələndirmək və məhkəməyə müraciət etmək hüququ var”
Hüquqşünas Taleh Hüseynov isə deyir ki, işçinin işdən kənarlaşdırılmasında ziddiyyətə yol verilibsə, bu, qanun pozuntusudur.
“Ona görə də işdənçıxma barədə əmrin sürətinə baxmaq lazımdır. İş yeri ixtisar olduqda, ya öz ərizəsi ilə işdən çıxarıldıqda işçiyə işdən çıxma barədə əmrin sürəti verilməlidir. Əmrin surətində onun hansı səbəblə uzaqlaşdırıldığı dəqiq göstərilir. Əmrin surəti rəsmi qaydada alındıqdan bir ay müddətinə işdən çıxarılan şəxsin həmin əmri mübahisələndirmək və məhkəməyə müraciət etmək hüququ var”.