Göyçay sakinləri: “Kəndlinin aqrar sığortası yoxdursa, dəyən ziyan ödənilmir”

Fuad Musayev. Fotolar: Meydan TV

Ekspertlər deyir ki, kəndli üçün aqrar sığorta əlçatmazdır, ciddi islahatlara ehtiyac var

“3 minə yaxın şitil əkdiyim istixanam vardı. Cəmi iki dəfə məhsul yığmışdım. Külək istixananı yerlə-yeksan etdi. Üç min ziyana düşmüşəm. Qonşunun da üç istixanasını dağıtdı, maraqlanan, ölçü götürən yoxdur”.

Bunu Meydan TV-yə Göyçay sakini Fuad Musayev deyir.

“Heç borclarını ödəməməmişik, o ki qaldı qazancı olsun”

Fuad Musayev son günlər kəskin hava şəraiti səbəbindən əkin təsərrüfatına ciddi ziyan dəyən zəhmətkeşlərdəndir.

Onun kimi rayonun yüzlərlə kənd sakini istixana və meyvə bağlarına dəyən ciddi ziyandan dolayı pərişandır.

Sakinlərin sözlərinə görə, ziyan kəndlinin əkinə qoyduğu xərci, çəkdiyi zəhməti və birillik dolanışıq ehtiyaclarını alt-üst edib.

Rayonun 30 kəndindən ən çox istixana əkinlərinin olduğu Ləkçıplaq, Yalman, Qaraman, Qarağıdır və Mırtı kəndlərinə də ciddi ziyan dəyib.

Ən iri, 1300 ailə təsərrüfatının cəmləşdiyi Ləkçıplaq kəndində onlarla meyvə ağacına, evlərə, yardımçı tikililərə ziyan dəysə də ümumilikdə daha çox ziyan istixanalarda qeydə alınıb.

Kəndin sakini Yasif Cavadov da ziyan çəkən sakinlərdəndir.

O da düşünür ki, dəymiş ziyan kompensasiya edilməlidir:

2 min pomidor şitilini apreldə əkdim və yaxşı da yetişdirmişdim. Külək iki istixanamın üst örtüyünü tamamilə apardı və 300 şitilimi də kökündən çıxardı, məhsulunu yerə tökdü. Mənə ümumi 1300 manat ziyan dəydi. Yenidən üstünü örtməyə 400 manat pulum çıxdı. 100-dən çox meyvə ağacımın meyvəsin yerə töküldü. Ev quşları tələf etdi. Ancaq gəlib qeydə alan, ziyanla maraqlanan olmadı”.

“280 istixanaya güclü ziyan dəyib”

Kəndin bələdiyyə sədri Məbud Məmmədov Meydan TV-yə deyir ki, güclü fırtına ilə nəticələnən külək çox kəndliyə ziyan vurub.

O bildirib ki, ziyan görənlərin siyahısı Göyçay Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasına göndərilib.

Dəyən ziyanın miqdarının ödənilməsinə isə zəmanət verilmir:

280 istixanayaya güclü ziyan dəyib, çoxunu külək dağıdıb. Minə yaxın istixanaya yüngül ziyan dəyib, heç onlar nəzərə alınmayıb, kəndlilər özləri etməli olur. Biz ən ağırları qeydə alıb, şəkil çəkib, akt imzalanıb icra hakimiyyətinə təhvil veririk. Ziyanın məbləği nə qədər olacaq, dəyən ziyan necə ödəniləcək, onu biz deyə bilmərik, komissiya özü hesablayıb, deyəcək. 4 evin və yardımçı tikilinin də üst örtüyü uçub”.

“Dolanmaq bir tərəfə, heç xərcimiz çıxmır”

Mindən çox təsərrüfatın istixanalarla dolandığı Mırtı və Qaraxıdır kəndlərinin sakinləri də ziyan və borc içindədirlər.

Güclü külək fəsadları ilə yanaşı, hazırda xarici bazara məhsulun satışının dayanması, daxili bazarda isə qiymətlərin 40-50 qəpikdən yuxarı olmaması zəhmətkeşləri narahat edir.

Onlar deyir ki, istixana üçün tələb olunan sellofan örtük, texnika, toxum, ip, çeşidli gübrə və pestisidlər də od qiymətinədir. Dəyən ziyan xərci iki-üç qat edir.

Nəticədə kəndlilər borclardan dolayı zəhmətdən soyuyur. Ailə büdcəsi ciddi ziyan görür.

Kəndimizdə 100 istixananın üst örtüyü ələ gəlməz vəziyyətdədir. 10 istixana çökmüşdü deyə söküldü. 30-35 metrəlik bir istixana üçün 2 min xərc lazımdır. Kəndli iki dəfə bu zəhməti, borcu çəkmək məcburiyyətindədir. Adam var heç bir dəfə məhsul yığmamışdı. Ötən il bu vaxt qimət 1 manatdan yuxarı idi. İndi kiloqramı 40-50 qəpik, ən yaxşısı 60 qəpikdir. 4 min şitilimə 5 min xərcim çıxdı. O xərci çıxarmaq üçün kəndli məhsulu əkir ki, il boyu yaranan borclarını versin. Dolanmaq bir tərəfə, xərcimiz çıxmır heç. Yanvar ayından hesablayanda bir şitil heç 5 manat ödəmədi. İki istixananın üst örtüyü 500-600 manat, kiloqramı 4 manatdır. 100 qram pestisid 40-50 manat, gübrə kisəsi 50-60 manat, suvarması, yanacağı 1000 manatdır”, – deyə Qaraxıdır kənd sakini Siyavuş Babayev etirazını bildirir.

“Güc kəndlilərin özünə düşəcək”

Göyçay rayon icra hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri İkram Vəliyev kəndlilərə dəyən ziyan və onlara ediləcək yardımla bağlı Meydan TV-nin suallarını cavablandırmayıb.

Qurumdan ancaq bəzi vətəndaşların şikayətini qeydə aldıqlarını bildiriblər.

Mırtı kənd bələdiyyəsinin sədri Nazim Davudov isə kəndlilərə dəyən ziyanla bağlı rayon icra hakimiyyətindən heç bir göstəriş olmadığını deyib. Səbəbini isə arqar sığortanın olmaması ilə əlaqələndirib.

“İstixanalara ciddi ziyan dəysə də, kəndlilərin sığortası yoxdur. Güc kəndlilərin özünə düşəcək. Kəndlilər aqrar sığortadan keçməli idilər ki, belə təbii fəlakətdə dəyən ziyan ödənilsin. Mırtı kəndində 1000 təsərrüfata qismən, 300 istixanaya ciddi ziyan dəyib. Bizə İcra Hakimiyyətindən hər hansı göstəriş olmadı ki, qeydə alın və ya almayın. Bir ara tələb etdilər ki, aqrar sığorta olsun, alınmadı o da. Rayon rəhbərliyi də deyir ki, aqrar sığortası yoxdursa, dəyən ziyan ödənilmir”, – deyə o bildirib.

“Kənd təsərrüfatına dəymiş zərərlə bağlı 700-ə yaxın müraciət daxil olub”

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Meydan Tv-yə bildirilib ki, dövlət dəymiş ziyanla bağlı yalnız təsərrüfatını sığortalayanlara yardım göstərir. Həmin şəxslərin müraciəti əsasında müstəqil sığorta ekspertləri gedib dəymiş ziyanı hesablayır və ziyanın yarısı ödənilir.

“İki ildir ki, bu sistem işləyir. Aqrar sığorta müqaviləsi fermerlə “Aqrar Sığorta Fondu” arasında bağlanır və sığortanın dəyərinin 50%-ni dövlət ödəyir. Ancaq sığorta 10 hektardan yuxarı əkin sahəsi olan fermerlərə məcburidir. Digərlərində könüllülük prinsipi əsasındadır. Aprel ayından etibarən kəskin hava şəraitinin dəyişməsi nəticəsində ötən ay ərzində 42 rayondan 337, ilin əvvəlindən isə  kənd təsərrüfatına dəymiş zərərlə bağlı 700-ə yaxın müraciət daxil olub. Hələ də müraciətlər davam edir”, – deyə qurumdan bildirilib.

Kənd Təsərrüfatı Nazirliyi. Foto: president.az

“Zərərli olduğu üçün çox sığorta şirkətiləri daha sərt tədbirlər görür”

Aqrar sahə üzrə ekspert İlkin İbrahimov deyir ki, aqrar sığorta 2019-cu ildən kənd təsərrüfatı istehsalçılarının müdafiəsi üçün “Aqrar Sığorta Fondu” arasında bağlanan xidmətdir və çatışmazlıqları çoxdur.

Kiçik təsərrüfat sahiblərinin sığortası üçün imkanı yoxdur deyə ziyan da ödənilmir. İri fermer təsərrüfatlarında subsidiya var deyə sığorta məcburidir və ödənilir. Bizim ölkədəki aqrar sığorta Türkiyənin “Tarsim” modeli əsasında hazırlanıb. Bu modelə görə dəymiş ziyanın sığorta haqlarının yarı hissəsini  dövlət ödəyir. Digər hissəsi istehsalçının öz öhdəliyindədir. Aqrar sığorta dünyada çox zərərli xidmət kimi qeyd olunur. Zərərli olduğu üçün çox sığorta şirkətiləri daha sərt tədbirlər görür. Çünki onlar da pul qazanmaq istədiyindən xidmət haqqını qaldırırlar. Digər tərəfdən aqrar sığorta ilə bağlı maarifləndirmə zəifdir, həm də internet vasitəsi ilə şəxsi kabinetin yaradılması, ondan istifadə qaydaları indiki halda kəndlilərin çoxu üçün əlçatmazdır. Bakıdan regionlara doğru bunun ciddi problem olduğu görünür.  Dövlətin dəstəyinə çox ehtiyac var”.

Əsas güzəşt məhz zəhmətkeş istehsalçılara olmalıdır”

Aqrar məsələlər üzrə mütəxəssis Vahid Məhərrəmov Meydan TV-yə bildirib ki, sığortadan öncə ölkədə keyfiyyətli məhsul istehsalını artırmaq və zəhmətkeşlərə dəstək üçün ucuz və uzunmüddətli kredit resursu yaradılmalıdır.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi isə ixtisaslı kadrlar yetişdirməli və məhsulun yüksək qiymətə, maneəsiz satışı üçün dünyada uyğun bazar axtarışında olmalıdır.

Üstəlik, iri fermer təsərrüfatlarına göstərdiyi diqqət və qayğını kəndlilərə, kiçik təsərrüfat sahiblərinə də yönəltməlidir, çünki keyfiyyətli əsas məhsul istehsalçıları onlardır:

Vahid Məhərrəmli
Vahid Məhərrəmli. Foto: Meydan TV

“Kəndliyə qonşu ölkələrdə verilən uzunmüddətli güzəştli kreditlərin faizi 7-8% dir, ölkəmizdə isə 3-4 dəfə baha faizlə verilir. Nəticədə kəndli ağır zəhmətindən 20% gəlir əldə edibsə, əvəzində 25-30% banka ödəməlidir. Hökumət bunu ciddi nəzərə almalıdır. İstehsalı, satışdakı problemləri, bazarları, emalı, digər kənd təsərrüfatında əkinə, bitkiyə lazım istehsal vasitələrini, su ilə təminatı, texnoloji avadanlıqların kəndliyə əl çatanlığını təmin etməlidir. Bu gün ölkədə iri fermer təsərrüfatları, aqroparklar çox asanlıqla suyu, texnikanı subsidiyanı, güzəştli krediti, sığortanı və digər imkanları rahat əldə edə bilirlər. Hətta zərərə uğrasalar dövlət onların zərərini, yəni kompensasiyasını ödəyir. Kəndlilər isə bütün bunlardan məhrumdur. Ancaq ölkənin ərzaqla, kənd təsərrüfatı məhsulları ilə 80% təminatında məhz kiçik və orta sahibkarlıqla məşğul olan fermer və kəndlilər ödəyir. İri fermer təsərrüfatların payı cəmi 20%-dir. Ona görə də əsas güzəşt məhz zəhmətkeş istehsalçılara olmalıdır”.

“Kənd Təsərüfatı Nazirliyi sahibkarları, kəndliləri mütəmadi beynəlxalq bazarlarla məlumatlandırmalıdır. Güclü araşdırma getməlidir ki, hansı bazarda hansı məhsul çatışmır, hansı məhsula ehtiyac var və yaxın illərdə onu ödəyə bilməyəcək. Təqdimat hazırlayıb bölgələrin istehsalına uyğun bazarları təqdim etməlidir ki, bu məhsulunu bu ölkənin bazarına çıxara bilərsən, ya da bu məhsula ehtiyac var, onu becər. Müqavilə bağlanıb onu satışını həmin bazara təşkil etməlidir sivil qaydada. İstehsal olunan məhsul bazara uyğun, keyfiyyətli, maya dəyəri ucuz, qiyməti qazanclı və istehsal rəqabətli olmalıdır. Aqronomlara, sahəni bilən ixtissaslı kadrlara da ehtiyac var”, – deyə Məhərrəmli qeyd edib.

2022-ci ildə ölkə üzrə 3154 min istixanadan 141.4 ton məhsul istehsal olunub və ixrac dəyəri 167 milyon olub.

Bu il üçün isə 800 min ton məhsul istehsal olunub ki, adambaşına 80 kq məhsul düşür.

Normal ölkələrdə isə bu 25-30 təşkil edir.

Göyçayda isə gözlənilən ümumi tərəvəz məhsulunun 30-35%-nə ziyanın dəydiyi proqnozlaşdırılır.

Ana səhifəBölgəGöyçay sakinləri: “Kəndlinin aqrar sığortası yoxdursa, dəyən ziyan ödənilmir”