Bərdə sakini: “Başqa şeyləri demirəm, “Vətən xaini” adıyla bir gün yaşamağın ağırlığı bilirsiniz nə deməkdir?”
2017-ci ilin mayında Tərtər hadisələri zamanı dövlətə xəyanət, döyüş növbəsi qaydalarını pozma və başqa ağır ittihamlarla həbs olunub, 5 il 6 aydan sonra bəraət qərarıyla azadlığa çıxanlardan biri də Bərdə rayonunun sakini Müşfiq Əhmədlidir. O, azadlığa çıxandan bir müddət sonra qanunsuz həbsdə saxlandığı 66 ay ərzində ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbilə məhkəmədə iddia qaldırıb. Müşfiq Əhmədli deyir ki, məhkəmə ona tələb etdiyindən xeyli az məbləğdə – 123 min 486 manat kompensasiya ödənilməsinə qərar verib. Amma dövlət orqanları heç bu məbləği də ödəmək istəmir.
1990-cı il təvəllüdlü Müşfiq Əhmədli deyir ki, 2014-cü ildən müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu kimi işə başlayıb. Öncə Ağdamdakı N saylı hərbi hissələrdən birində xidmət edib:
“2016-cı ildə aprel döyüşlərində də iştirak etmişəm. 2016-cı ilin noyabrında xidmətimi davam etdirmək üçün Tərtərə göndərildim…”.
Müşfiq Əhmədli danışır ki, 2017-ci ilin mayında yüzlərlə başqa hərbçi yoldaşı kimi, o da ağlasığmaz işgəncələrə məruz qalıb, heç bir sübut-dəlil olmadan ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və başqa ağır maddələrilə ittiham irəli sürülüb: “Bizə elə işgəncələr, elə əzablar verilib, özümüzə, ailəmizə elə iztirablar yaşadılıb ki, onları 1 milyon kompensasiya ödəsələr belə, əvəzləmək mümkün deyil. Başqa şeyləri demirəm, “Vətən xaini” adıyla bir gün yaşamağın ağırlığı bilirsiniz nə deməkdir?”
Müşfiq Əhmədli Tərtər Hərbi Məhkəməsinin hökmüylə 16 il azadlıqdan məhrum edilib. 2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat təzələnəndən sonra onun da işinə yenidən baxılıb. 2022-ci ilin noyabrında vaxtilə barəsində çıxarılmış 16 illik cəza hökmü ləğv olunub, dekabrın 6-da isə bəraət qərarıyla azadlığa buraxılıb.
O, həbsdə olduğu 5 il 6 ay ərzində ona dəymiş maddi ziyana görə 58 min 278 manat (aylıq 883 manat maaş hesablanmaqla 66 ay), mənəvi ziyana görə isə 1 milyon manat kompensasiya tələb edib. İddia ərizəsində də göstərib ki, həbsdə olduğu müddətdə ailəsi dağılıb, bir azyaşlı övladı atasız böyümək məcburiyyətində qalıb.
İddiada cavabdeh qismində Maliyyə Nazirliyi qoyulub. İddiaçı hesab edir ki, ona dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan dəyib. Bu üzdən ziyanı da dövlət özü ödəməlidir. Dövlətin xəzinəsi isə Maliyyə Nazirliyi sayıldığına görə bu qurum cavabdeh qismində cəlb olunmalıdır.
Lakin Maliyyə Nazirliyinin nümayəndəsi məhkəməyə yazılı etiraz təqdim edib. Etirazda göstərilib ki, Maliyyə Nazirliyi tərəfindən Müşfiq Əhmədliyə qarşı onun hüquq və azadlıqlarını pozan hərəkətə yol verilməyib. Buna görə də iddia Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz.
Bərdə sakininin iddiasına cavabdehin – Maliyyə Nazirliyinin yerləşdiyi ərazi aidiyyəti üzrə Bakıda – Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hakimi Ramin Xəlilov nazirliyin arqumentini əsaslı saymayıb. Müşfiq Əhmədovun iddiası qismən təmin olunub – ona qanunsuz həbsdə saxlandığı hər aya görə 1000 manatdan olmaqla, mənəvi ziyanın əvəzi olaraq, 66 min, maddi ziyana görə isə 57 min 486 manat (ümumilikdə 123 min 486) kompensasiya ödənilməsi barədə qərar çıxarılıb.
Müşfiq Əhmədlinin sözlərinə görə, Maliyyə Nazirliyi bu qərardan apelyasiya şikayəti verib:
“Məsələ pulda deyil, məsələ insanlara və insanlığa olan münasibətdədir. Bu qədər zülm verilib, həyatımız oğurlanıb, hüquqlarımız tapdalanıb, indi bu kompensasiyanı da ödəmək istəmirlər”.
Müşfiq Əhmədli hazırda Tərtər hadisələrində hərbçilərə işgəncə verməkdə təqsirləndirilərək həbs olunan və məhkəməsi gedən bir sıra şəxslərin işi üzrə zərərçəkmiş qismində tanınanlar arasındadır.
“Bizə bu işlərin arxasında dayananlar lazımdır. Hamı bilməlidir ki, bunlara əmr verənlər kimlər olub. Onlar cəzalandırılmalıdır…”, – Əhmədlinin tələbi həm də budur.
Müşfiq Əhmədlidən sonra daha iki nəfər keçmiş Tərtər məhbusu – Zaur Abdullayev və Vəli Xəlilova kompensasiya verilməsi haqda mayın 19-da Nəsimi Rayon Məhkəməsində qərar çıxarılıb. Onlar da 2017-ci ilin mayında eyni ittihamla həbs edilib, 5 il 6 ay sonra – 2022-ci ilin dekabrında bəraət alaraq, azadlığa buraxılıblar. Onların hərəsinə məhkəmə 118 min kompensasiya ödənilməsi haqda qərar çıxarıb.
Meydan TV Maliyyə Nazirliyindən məsələyə münasibət öyrənə bilməyib.