“Nardaran işi” üzrə həbs olunan Müsəlman Birliyinin üzvü Abbas Hüseynin ailə üzvləri Prezident Adminstrasiyasının yaxınlığında etiraz aksiyası keçiriblər. Onlar deyir ki, Abbas Hüseyn mayın 10-dan cəza çəkdiyi 1 saylı həbsxanada “karser”ə salınıb. Abbas Hüseyn iltizam qaydalarını tez-tez pozmaqda ittiham edilərək müəsisədaxili video konfrans formatında məhkəmə ilə ona 1 il Qobustan qapalı rejim cəzası kəsilib. Vəkil Fəxrəddin Mehdiyev bu qərardan apelyasiya şikayəti verib.
Abbas Hüseynin anası Rəhimə Hüseynova oğlu ilə sonuncu dəfə martda görüşə bildiyini deyir. Ana deyir ki, oğlunun saxlandığı həbsxana tez-tez dəyişdirilir.
Abbas Hüseynin anası oğlunun işinə yenidən baxılması üçün ölkə başçısı İlham Əliyevə müraciət edib. Polis əməkdaşları Rəhimə Hüseynovanı ərazidən uzaqlaşdırıblar.
Abbas Hüseyn 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub. 2017-ci il yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl də mətbuatda onun işgəncələrə məruz qaldığı ilə ağlı xəbərlər yayılıb.