Blinken bildirib ki, tərəflər sülh razılaşmasına yaxınlaşıblar
Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin ABŞ-da 4 gün davam edən görüşü başa çatıb.
Bu barədə mayın 4-də Azərbaycan Xarixi İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Nazirlər hazırki vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər”, – deyə XİN qeyd edib.
Eyni zamanda, nazirlərin və onları müşayiət edən nümayəndə heyətinin üzvlərinin Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə etdiyi vurğulanıb:
“Eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər”.
Ermənistanın Xarici İşlər Nazirliyinin məlumatında da eyni fikirlər qeyd olunub.
1-4 may tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.
Nazirlər Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində qəbul ediliblər.
Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.
ABŞ dövlət katibi Entoni Blinken bu gün keçirilən brifinqdə bildirib ki, Azərbaycan və Ermənistan davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə edib:
“Son bir neçə gün ərzində hər iki tərəf bir sıra çox mürəkkəb məsələni müzakirə edib və davamlı sülh sazişinin əldə edilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edib”.
“Düşünürəm ki, danışıqların tempi və həmkarlarımızın qoyduğu bünövrə onu göstərir ki, biz, həqiqətən də, sülh razılaşmasına çatmaq ərəfəsindəyik. İstənilən marafonun son mərhələsi həmişə ən çətin olanıdır. Biz bunu bilirik”, – Blinken əlavə edib.
Hər iki ölkənin rəsmi orqanlarının məlumatına görə, növbəti görüş Moskvada planlaşdırılır.
Münaqişənin qısa xronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.
Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.
Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.
Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.
İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.