Nərgiz Bağıyeva ifadə vermək istəməyib
Yeddi ay əvvəl – 2022-ci il sentyabrın 9-da 1 yaşlı oğlunu öldürməkdə ittiham olunan Nərgiz Bağıyeva məhkəmədə ifadə verməkdən imtina edib. Lakin əvəzində məhkəməyə ərizə təqdim edib. Orada yazıb ki, əməlindən çox peşmandır. Özü uşaq evində böyüyüb, ana qayğısından məhrum olub.
Lakin məhkəmədə məlum olub ki, Nərgiz Bağıyevanın anası var – Leyla Bağıyeva. Zərərçəkmişin – ölən körpənin hüquqi varisi qismində də o tanınıb.
2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Aprelin 10-da hakim Əli Məmmədovun sədrliyilə keçirilən məhkəmə prosesində prokuror Eldar Həmzəyev ittiham aktını elan edib. İddia olunur ki, uşağa gündəlik qayğı tələb olunduğuna və onun başqa kişilərlə görüşməsinə mane olduğuna görə Nərgiz Bağıyeva 1 yaşlı oğlunu öldürmək qərarına gəlib. Bu məqsədlə o, uşağın yeməyinə hidrogen peroksid (perekis) qataraq ona verib. Özü isə süd almaq üçün mağazaya gedib. Təxminən 20-25 dəqiqə uşaq bezi alıb geri qayıdanda oğlunun ağzından köpük gəldini və onun ağladığını görüb. İttihamda yazılıb ki, Nərgiz Bağıyeva uşağın ölmədiyini görüb, onu boğub.
Bu ittihama münasibət bildirən Nərgiz Bağıyeva özünü təqsirli bildiyini deyib. Lakin məhkəmədə ifadə vermək istəmədiyinə görə onun istintaqdakı ifadəsi elan olunub.
İstintaqdakı ifadəsində isə göstərib ki, 2011-ci ildə atasını itirib. Anası yaşadıqları Hövsan qəsəbəsində qabyuyan işləyir. Uşağının atası 2021-ci ildə tanış olduğu Ziya adlı narkotik istifadəçisi idi. Hamilə qalsa da, həmin şəxs uşağa sahib çıxmaq istəməyib. Nərgiz Bağıyevanın sözlərinə görə, anası Leyla Bağıyeva da əvvəllər uşağı istəmirdi. Amma sonradan ona çox bağlanmışdı. Hətta özü oğlunu uşaq evinə qoymaq istəsə də, anası imkan vermirdi: “Uşağa baxdığım üçün özümə baxa bilmirdim, öz qayğıma qala bilmirdim”.
Onun ifadəsinə görə, bir müddət sonra Xəlil adlı balıqçı ilə tanış olub, onunla görüşürmüş.
Hadisə günü Yusifin yeməyinə zəhər qatıb, daha sonra onu boğandan və körpənin vəziyyəti pisləşəndən sonra uşağı götürüb Xəlilin balıqçı mağazasına aparıb. Ona törətdiyi əməl haqda heç nə deməsə də, uşağın vəziyyətinin pis olduğunu bildirib. Onlar birlikdə uşağı xəstəxanaya aparıb. Lakin orada uşağın artıq öldüyünü deyiblər.
Daha sonra Leyla Bağıyeva zərərçəkmişin hüquqi varisi qismində ifadə verib.
“O uşaq iki saatın badına getdi. Mən restoranda qabyuyan işləyirdim, o uşağı qab yuya-yuya saxlayırdım. Həmin gün də uşaq mənim yanımda olub. Gəlib dedi ki, təkəm, darıxıram, ver, aparım baxım”, – Leyla Bağıyeva bildirib.
Leyla Bağıyevanın sözlərinə görə, uşağın atası Ziya həbsdən buraxılandan sonra gəlib oğlunu istəyib. Lakin onlar verməyib: “Dedim ki, rəsmi qaydada nikah bağlasın, sənədli olsun, ondan sonra”.
Dindirmə zamanı o da məlum olub ki, Nərgiz Bağıyeva qohum-qonşuların yanında uşağı öldürəcəyini, yaxud da uşaq evinə verəcəyini əvvəldən deyirmiş.
Qızının psixi problemləri olduğunu deyən Leyla Bağıyevanın sözlərinə görə, ona qarşı təcavüzlə əlaqədar vaxtilə hüquq-mühafizə orqanlarına şikayət olunsa da, rüşvət müqabilində məsələ ört-basdır edilib: “O vaxt Elçin müəllimin cibinə pul basdılar, ört-basdır elədilər. Onun başına Ziya, Xəlil oyun açıblar. Qonşuların yanında demişdi ki, uşağı öldürəcəm. Ona görə də uşağı onun yanında qoymurdum. Axırıncı dəfə saqqızımı oğurladı, uşağı apardı. O da belə oldu”.
Bu cinayət işi üzrə məhkəmə araşdırmaları iyunun 12-də davam edəcək.