Küçədə köməksiz qalıb, yaralanan itlərin ümid yeri heyvansevərlərdir. Azərbaycanda birbaşa dövlətin təsis etdiyi sığınacaqlar olmasa da, bəzi heyvansevərlər bu işi könüllü olaraq öz üzərinə götürüb. Belə sığınacaqlardan biri də Buzovnada yerləşir. Bakıda 3 sığınacaq açan Lalə Məmmədova deyir ki, 220-dən çox iti himayə edir:
“Üç il əvvəl Novruz bayramı günü idi, küçədən güllə səsi eşitdik. Dərhal bayıra çıxdıq. Gördük ki, yedizdirdiyimiz itləri güllələyiblər. Bir heyvana 17 yerdən güllə vurulmuşdu. Hər yer bağlı idi, dərhal onu götürdük, sağ olsun, Mamed adlı veterinar var, ona apardıq. O, bu iti xilas etdi”.
Lalə Məmmədova düşünür ki, bunu insanlar edir, hökumətin bundan xəbəri yoxdur:
“Əlbəttə, bu vəhşilikdir. Bu, insanlıq xarakterinə sığmayan bir şeydir. Zəhərləyirlər. Kolbasanın içinə, məsəl üçün, iynəni batırıb atırlar. Yaxud siçan zəhərini atırlar”.
Sığınacağın əsas problemi maddi təminatsızlıqdır. Heyvanların müalicəsini özəl klinikalarda etdirmək xeyli xərc tələb edir. Bu xərclər də Lalə Məmmədovanın şəxsi vəsaiti və ianələr vasitəsi ilə qarşılanır.
Sığınacaqlardan biri də Nizami Ramazanov və bacısı tərəfindən, 3 il bundan qabaq Zaqatala rayonunda yaradılıb. Hazırda 150-dən çox itin yaşadığı sığınacaq ianələr ilə saxlanılır, lakin bu ianələr nə sığınacağın texniki problemlərinə bəs edir, nə də itlərin qidasına.
“Çətinliyimiz öncə ondan başladı ki, aylıq icarə xərcini ödəyə bilmirdik. Təbii ki, itlər çoxaldıqca, çətinliklər artdı. İlərin yemlənməsi var, xəstə, şikəst itlərə baxım lazımdır. Hazırda sığınacağımızda 200-ə yaxın it var və gündən-günə artır. Bu da bizə maddi, mənəvi, fiziki olaraq çox əziyyət verir”, – Nizami Ramazanov deyir.
Heyvansevər Hicran Qarayeva deyir ki, sahibsiz heyvanlara dəstək durmaq könüllülərdən çox dövlətin işidir. Lakin məmurlar, öz öhdəliklərini icra etmək yerinə heyvanları güllələyir:
“Hökumət əslində konvensiyanı imzalayıb. Mənə elə gəlir ki, prezident öz üstünə düşənləri edir. Amma məmurlar o ayrılan pulları sərf eləmir heyvanlara. Güllələnmənin birinci səbəbi odur ki, heyvanlara pul xərcləməsinlər. Güllələmək ölümdür də, ona yemək almırsan, qayğısına qalmırsan, ən asanı pulsuz, xərc çəkmədən edilən üsuldur. Sadəcə öldürürlər və o xərcləri başqa yerlərə sərf edirlər”.
Azərbaycanda birbaşa dövlətin olmasa da, Heydər Əliyev Fondundan maliyyələşən və sadəcə Bakı şəhərini əhatə edən yığınacaq fəaliyyət göstərir. “Toplan” adlı bu mərkəzin fəaliyyətindən isə heyvansevərlər narazıdır. Dəfələrlə “Toplan”ın götürdükləri itlərdən xəbər ala bilməyən heyvansevərlər aksiyalar, etirazlar edib. Lakin bu qayğı mərkəzi heyvansevərlərin tələbinə heç vaxt ictimai cavab verməyib. Elə Hicran Qarayeva da bu mərkəzin fəaliyyətindən narazıdır:
“Dövlət bir dənə sığınacaq açıb, “Toplan” qayğı mərkəzi. Dövlətin bir dənə də sığınacağı var, “İdea” qayğı mərkəzi. Təəssüf ki, bunların ikisi də orada tələb olunanı, öz üstlərinə düşəni etmirlər, tam tərsini edirlər. Bizim ölkədə düşünün ki, insanlara qarşı çıxmış, qanunlara əməl etməyən bir dövlət qurumları var. Deyək ki, məmurlar var, heç biri verilən sərancama əməl etmir”.
4 aprel Sahibsiz Heyvanların Müdafiəsi Günüdür. Heyvansevərlər isə küçədə yaşayan heyvanların yetəri qədər müdafiə olunmadığını, dövlətin qayğısından uzaq qaldığını deyirlər.