Bu, xüsusən ərzaq məhsullarında özünü göstərib
Bu ay Azərbaycanda COVİD 19 virusu səbəbindən elan edilən xüsusi karantin rejiminin tətbiqinin 3 ili tamam olur.
2020-ci il martın 13-də Azərbaycanda xüsusi karantin rejimi elan edilib. İlk zamanlar tətbiq edilən məhdudiyyətlərin çoxu aradan qaldırılsa da, xüsusi karantin reyimi mayın 1-dən uzadılıb.
Pandemiya həm Azərbaycanda, həm də dünyada inflyasiya, qiymət artımları ilə yadda qalıb. Qiymət artımına başlıca səbəb daşıma xərclərinin artması olub.
İqtisadiyyatla bağlı paylaşımlar və araşdırmalar edən “Çəpəki” “Telegram” kanalı yazır ki, xüsusi karantin rejimi tətbiq edilən dövrdə Azərbaycanda ciddi qiymət artımları baş verib. Bu, xüsusən ərzaq məhsullarında özünü göstərib.
Kanal Dövlət Statistika Komitəsinin (DSK) bu müddət ərzində ərzaq məhsullarının qiymətləri ilə bağlı yaydığı açıqlamalara əsaslanaraq, 2020-ci ilin və 2023-cü ilin 1 mart tarixlərindəki orta bazar qiymətlərindəki bahalaşma faizlərini hesablayıb.
Beləliklə, məlum olub ki, günəbaxan yağının qiyməti 95, qarğıdalı yağı isə 76 faiz artıb.
Artım un və un məmulatlarında da özünü göstərib. Çörək 74, un 46, makaron isə 43 faiz bahalaşıb.
Şəkər tozu ən çox bahalaşan məhsullar içindədir. 3 il ərzində qiyməti 77 faiz qalxıb.
Qiymət artımı tərəvəz məhsullarından da yan keçməyib. Qiyməti ən çox artan soğandır – 89 faiz. İkinci yerdə 80 faizlə kartof gəlir. Sonrakı sıralarda qiyməti ən çox artan badımcandır – 77 faiz, ondan sonra isə 64 faizlə xiyar gəlir.
Azərbaycanda əhalinin xərcləri arasında birinci yerdə ərzaq məhsulları gəlir. 2022-ci ilin nəticələrinə görə, ölkədə ticarət dövriyyəsinin 56.3 faizi ərzaq məhsullarının payına düşüb.
Müstəqil ekspertlər, iqtisadçılar daimi açıqlamalarında bildirirlər ki, əhalinin gəlirlərinin böyük hissəsinin ərzaq məhsullarına xərclənməsi ölkədəki yoxsulluqdan xəbər verir.