Siyasi fəal azadlığa çıxandan sonra aclıq aksiyasını dayandırıb
“Aclıq aksiyamın tələbi qanunsuz həbsimə etiraz olub. Kimlərsə aclıq aksiyası keçirməyimi fərqli cür yozurdu. Amma saxlanılma şəraiti “gestapo”dan fərqlənmirdi. Orda bizə anormal münasibətdən məhkəməyə şikayət edəcəm”.
Bu sözləri yanvarın 22-də bir aylıq həbs müddəti başa çatandan sonra müalicə olunduğu xəstəxanadan evə buraxılan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu Meydan TV-yə söyləyib.
Tofiq Yaqublu evinə gəlməzdən əvvəl Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirənlərlə görüşüb.
O, azadlıq və demokratiya adına aclıq aksiyasını dayandırdığını bildirib. T.Yaqublunun həyat yoldaşı Maya Yaqublu da 16 gündür keçirdiyi aclıq aksiyasına son qoyduğunu bildirib.
Tofiq Yaqublu xatırladıb ki, o, inzibati cəzaya məhkum olunub:
“Ancaq ağır cinayət törədənlər, İstintaq Təcridxanasında saxlanılanlar evlərindən sovqat alır, ailələri ilə əlaqə saxlaya bilirlər, gəzintiyə icazə alırlar. Amma Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində şərait dözülməzdir, məsələn, qaydalara görə həbs olunan şəxsə ailəsilə əlaqə saxlamaq üçün dərhal şərait yaradılmalıdır. Məni 23 dekabrda saxlayıblar, ancaq ardıcıl tələblərdən sonra 3 gün sonra, 26 dekabrda ailəmlə telefon əlaqəsi saxlmağa icazə veriblər. Bilirsiniz, Azərbaycan polisi, hökuməti quldurdur, dəfələrlə saxlanılanda döyülmüşəm. Məhkəmə bitdi, ailə üzvlərim əmin olmalıdır ki, polis məni yenidən “”Ələtə döyməyə aparmayıb. Yəni ailəmlə danışmaq imkanını mənə yaratmayıblar”.
“Aclıq aksiyası son çarədir. Ölkədə məhkəmə, prokurorluq, parlament yoxdur. İlham Əliyev isə prezident yox, mafiya başçısıdır. Belə olanda, hara müraciət edim?!”,-deyə Tofiq Yaqublu əlavə edib.
T.Yaqublunu ziyarət edən AXCP sədri Əli Kərimli deyib ki, baş verən son hadisələrdən Azərbaycan xalqının almalı olduğu bir mesaj var:
“Tofiq bəy səhhətinin kövrək günündə dirəndi, Maya xanım ona dəstək oldu. 27 nəfər müxalifətçi, cəbhəçi-müsavatçı aksiyada iştirak etdi. Bu, o deməkdir ki, Azərbaycan hakimiyyəti nə qədər çalışsa da, Azərbaycan cəmiyyətini tam sındıra, hamını satın ala bilməyib, qorxuda, susdura bilməyib. Cəmiyyətdə müqavimət var, onu saxlayan cəsur insanlar da var. Amma onların sayı o qədər çox deyil ki, xalqın mütləq əksəriyyətinin iştirakı olmadan bu xalqı azad etsinlər. Azərbaycan xalqının almalı olduğu mesaj budur!”
Tofiq Yaqublu insan haqlarının pozulması, o cümlədən ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq, 23 dekabrda Fəvvarələr meydanında keçirilən etiraz aksiyasında saxlanılıb. O, həmin gün Səbail Rayon Məhkəməsinin qərarıyla İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib və ona 30 sutka inzibati həbs cəzası kəsilib.
Tofiq Yaqublu Fəvvarələr meydanında polislər tərəfindən saxlanılarkən jurnalistlər həmin anları çəkib. Videodan görünür ki, Tofiq Yaqublu daha bir nəfərlə birlikdə gəlir. “Mc Donald’s”ın qarşısında jurnalistlər onlara yaxınlaşanda polislər hücum edərək, Tofiq Yaqublunu götürüb aparırlar. Siyasi fəalın səsi eşidilir, o, polislərdən qolunu möhkəm sıxmamalarını istəyir. Bildirir ki, qolu zədələnib.
Bakı Apelyasiya Məhkəməsində yanvarın 5-də hakim bu görüntülərə baxsa da, şikayəti təmin etməyib – 30 sutkalıq həbs qərarı qüvvədə saxlanıb. Bundan sonra Tofiq Yaqublu aclığa başladığını elan edib.
Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.
Bundan öncə 2021-ci il dekabrın 1-də “Saleh Rüstəmliyə azadlıq!” tələbiylə keçirilən etiraz aksiyasında saxlanmışdı, həmin gün axşam saatlarında buraxılmışdı. Fəvvarələr meydanında kameralar qarşısında saxlanılan Tofiq Yaqublu buraxılarkən Qaradağ rayonu, Ələt qəsəbəsində, üzərində ağır xəsarətlərlə tapılmışdı. Siyasi fəal öncə polis idarəsində, axşamüstü isə oradan çıxarılaraq, çöllük ərazidə döyülərək bu vəziyyətə salındığını bildirirdi. Daxili İşlər Nazirliyi isə onun dediklərini təkzib edirdi. Prokurorluq da siyasi fəalın şikayəti üzrə cinayət işi başlamaqdan imtina etdi, belə nəticəyə gəldi ki, Tofiq Yaqublu özü öz başını, bədənini divara, polis maşınına vuraraq, o vəziyyətə düşüb.
Ondan öncə də Tofiq Yaqublu Milli Şuranın 19 oktyabr 2019-cu ildə keçirdiyi etiraz aksiyasında saxlanmışdı, ona 30 sutka həbs cəzası verilmişdi. Həmin vaxt da apelyasiya məhkəməsində siyasi fəal ona verilən işgəncələrdən danışmışdı.
Üç dəfə isə barəsində cinayət işi başlanıb, illərlə həbsdə saxlanıb.