Vasif Talıbovun istefasından sonra Naxçıvanda Ali Məclisə gəliş-gediş dayanmır. İstər mərkəzdən, istər kəndlərdən kimin indiyə kimi səsləndirə bilmədiyi nə şikayəti varsa, ona çarə axtarmağa gəlir.
“Vasif Talıbovun istefa xəbərini eşidəndə bayram elədik. Çünki burada azadlıq yox idi, söz keçmirdi. Söz danışmaq olmurdu. Allaha şükür, indi sədrimizin – Fuad Nəcəflinin özü vətəndaşları bir-bir qəbul edir. Vətəndaşların arzusunu həyata keçirir. O vaxt belə bir şey yox idi. Naxçıvanlılar bu 30 ildə nə çəkib bunu Allah bilir”, – Nəvai Nəcəfquliyev deyir.
“Qurd yuvasında olanların hamısı arxivə getməlidir. Onların tikdikləri evlərin, mindikləri maşınların hamısına dövlət əl qoymalıdır. Onlar həqiqətən də, bu kasıb camaata nə zülmlər ediblər. Bu dəqiqə dolanışığımız pis vəziyyətdədir, pis də dolanırıq. Heç kim də şikayətə baxmır. Fuad Nəcəfli gələndən sonra bu işlərin hamısına münasibətini bildirir və baxır”, – şikayətçi deyir.
“Yoldaşım xəstədir, hepatit xəstəsidir. Azyaşlı qızım da var, 2-ci sinifdə oxuyur. Ona dəftər-qələm, kitab deyirlər, mən çatdırıb ala bilmirəm. Naxçıvanda iş yeri yoxdur. Yəni, elə bir iş yeri yoxdur ki, mən gedən işləyəm. Yəni heç kim işləmir. Bir təşkilat yoxdur ki, hamısı boş söhbətdir. Hamı qalıb avaragor, küçələrdə. İş yoxdur. Ümidimiz də Fuad Nəcəfliyədir, əgər bizi qəbul eləyəcəksə”, – işsizliyə görə şikayətə gələn deyir.
“Burada yazılıb ki, qarın boşluğundan, sidik kisəsindən dəlib keçən güllə yaralanması. Burada da yazılıb ki, prezidentimizin əfvi ilə sənə mən hərbi bilet verirəm. Hansı səbəbə? Guya sən fərari olmusan, prezident səni əfv edib, bağışlayıb. Mən gedib vuruşmuşam, yaralanmışam, mənə fərari kimi hərbi bilet veriblər. Dünyanın heç bir yerində bu haqq yoxdur. Bunların verdiyi haqq budur. İndi öz haqqımı tələb edirəm. Mənə deyirlər ki, get ver məhkəməyə. Sən məni xidmətə çağıranda deyirdin ki, haqqını gedib məhkəmədən tələb edəcəksən? yox”, – Vüsal Əliyevin sözləridir.
Ali Məclisə üz tutanlar arasında Bənəniyar hadisələrinə ədalət axtarmağa gələnlər də var. Həmin dövrdə məktəb direktoru, YAP-ın yerli təşkilatının sədri olmuş Nəvai Nəcəfquliyev kəndə hücum vaxtı başına gələnlərdən danışır.
“Maskalılar həyətə girdi, mənim də gözümdə eynək var idi. Girdilər qoluma, küçəyə gətirdilər. Yaxına çatanda, məni də bağışlayın pis danışmağıma görə, Əhməd anqırdı ki, hanı oğlanların? Mən də dedim ki, oğlanlarım evdə, işdə-gücdədir. Yanına çatan kimi mənə bir dənə qəşəng şillə vurdu. Mənim 75 yaşım var. Şillə vurdu, ondan sonra qollarıma girib məni aparıb maşına basdılar. Maşına minəndə de başıma bir dubinka vurdular. Dedim, Allah eləyə ikincisini vurmayalar. İkincisini vursaydılar, mən özümdən gedəcəkdim. Məni də aparıb bir gün saxlayıb, səhəri ötürdülər. Ondan sonra 2007-ci il gəldi. 2007-ci ildə də yenə həmin xətlə yeridilər. Gəldilər, mənim tövləm, təndirəsərim, hamamım – kəndə aid nə var, hamısı bir qolda idi. Mal içində, hamısını verdilər traktorun qabağına”, – Nəvai Nəcəfquliyev bildirir.
Qəbula gələn Naxçıvan camaatı növbə ilə şikayətlərini danışır, prezidentin yeni nümayəndəsi Fuad Nəcəfliylə görüşə yazılırlar. 27 il sonra Naxçıvanda hakimiyyətin dəyişdiyinə şahid olan sakinlər, həyatlarında da dəyişiklik olacağına ümid edirlər.