İqtisadçı: “Türkiyənin bir neçə rayonunun ixracı Azərbaycanın qeyri-neft ixracından daha çoxdur”
2022-ci ildə Azərbaycandan xaricə 38,1 milyard ABŞ dolları məbləğində məhsul ixrac edilib.
Bunun 3 milyardı qeyri-neft sektorunun payına düşüb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, qeyri-neft sektoru üzrə ixrac 2021-ci illə müqayisədə 10,3 faiz artıb.
Azərbaycanın ötənilki qeyri-neft ixracına gəlincə, 57.7 faiz kimya sənayesi məhsullarının, 17,5 faiz qara metallar və onlardan hazırlanan məmulatların, 15.4 faiz alüminium və ondan hazırlanan malların, 35.6 faiz isə çay ixracının payına düşüb.
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri isə 912,4 milyon ABŞ dolları olub.
2022-ci ilin yanvar-dekabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 93 faizini əhatə edib.
Aqrar-sənaye məhsullarının ixracı 2021-ci ilə baxanda 35,4 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatında isə bildirilir ki, Azərbaycan ötən ilin 11 ayı ərzində qeyri neft-qaz məhsullarının ixracından 2386,0 milyon dollar gəlir əldə edib.
Bu, 2021-ci ilin yanvar-oktyabr aylarına baxanda 16,2 faiz artım deməkdir.
İqtisadçı Fərid Mehralızadə deyir ki, 2022-ci ildə qeyri-neft ixracından əldə olunan 3 milyard dollar Azərbaycanın ümumi ixracının cəmi 7.8 faizidir. Bu, o deməkdir ki, 2022-ci ildə Azərbaycanın xarici ticarət vasitəsi ilə qazandığı hər 100 dolların 92 dolları neft və ya qaz sənayesinin payına düşüb:
“Azərbaycanın qeyri-neft ixracının hansı səviyyədə olduğunu başa düşmək üçün nəinki başqa ölkələrlə, Türkiyənin bəzi rayonları ilə müqayisə apara bilərik. Belə ki, İstanbul, Ankara, İzmir kimi böyük şəhərlər qalsın bir qırağa, ötən il Qaziantep 10.5 milyard dollar, Manisa 5.2 milyard dollar, Sakarya 4.93 milyard dollar, Denizli 4.7 milyard dollar, Hatay 3.56 milyard dollar dəyərində ixrac həyata keçirib. Azərbaycan Respublikası isə 3 milyard dollar. Yəni Türkiyənin adıçəkilən rayonlarının ixracı Azərbaycanın qeyri-neft ixracından daha çoxdur”.
DSK-nın hesabatında bildirilir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 46633,2 milyon ABŞ dolları olub.
Ticarət dövriyyəsinin 35045,6 milyon dollarını və ya 75,2 faizini ölkədən ixrac olunmuş məhsulların, 11587,6 milyon dollarını (24,8 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 23458,0 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 68,6 faiz, real ifadədə 9,3 faiz, o cümlədən ixrac 13,3 faiz, idxal isə 1,7 faiz artıb.
Ötən ilin fevralında Rusiya Ukrayna ərazisinə hərbi qüvvə yeridib. Bundan sonra Avropa ölkələri, Amerika, Kanada Rusiyaya müəyyən sanksiyalar tətbiq edib.
Bunun müqabilində də Rusiya Avropa Birliyi ölkələrinə satdığı neft və qazın miqdarını kəskin azaldıb. Nəticədə enerji qiymətləri qalxıb və Avropa ölkələrində kəskin inflyasiya yaşanıb.
Eyni zamanda, qiyməti kəskin artan enerji məhsulları Azərbaycanın büdcə gəlirlərini də artırıb. Nəticədə ilin ortasında neft-qaz qiymətlərinin 2022-ci il üçün nəzərdə tutulan qiymətinə əlavələr edilib.
Bütün bunlar ötən il Azərbaycanın büdcə gəlirlərinin artmasına səbəb olub.