Şikayətçi işgəncəyə məruz qaldığını, azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulduğunu iddia edib
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan Müsəlman Birliyi Hərəkatının lideri Taleh Bağırzadənin həbsindən verilən işin kommunikasiyasına başlayıb.
Taleh Bağırzadə 26 noyabr 2015-ci ildə həbs edilməsindən şikayət edib.
O bildirib ki, barəsində seçilmiş həbs qətimkan tədbiri və həbsdə saxlama müddətinin uzadılması qanunsuzdur.
Ərizəçi həmçinin Nəsimi Rayon Məhkəməsində və Bakı Apelyasiya Məhkəməsində həbs qətimkan tədbiri ilə bağlı müraciətlərə baxarkən metal qəfəsdə saxlanmasından və həbs edilərkən onun barəsində hüquq mühafizə orqanlarının verdiyi bəyanatdan şikayət edib.
Məhkəmə Konvensiyanın 3 (işgəncəyə məruz qalmamaq hüququ), 5.3 (azadlıq hüququ) və 6.2 (təqsirsizlik prezumpsiyası) maddələrinin pozuntusunun olub-olmaması ilə bağlı tərəflərə suallar göndərib.
Taleh Bağırzadə 26 noyabr 2015-ci ildə həbs edilib.
O, müxtəlif ağır cinayətləri törətməkdə şübhəli bilinib və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində məhkəməyə qədər 4 aylıq həbs qəti imkan tədbiri seçilib.
Sonra həmin həbsin müddəti daha 4 ay da uzadılıb. Daha sonra Taleh Bağırzadə həbsinin qanunsuz olmasından Bakı Apelyasiya Məhkəməsinə şikayət edib.
Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.