Sakinlər deyirlər ki, Göyçay bazarında məhsullar “od qiyməti”nədir…
Yeni ilə sayılı günlər qalıb. Paytaxt Bakıdan fərqli olaraq regionlarda yarmarkalar keçirilmədiyindən bazarlarda qiymətlər daha da bahalaşıb.
Göyçayın “Yeni bazar”ında da qiymətlər əvvəlki aylarla müqayisədə dəfələrlə artıb. Heç rayonda bayram ab-havası da bir o qədər müşahidə olunmur.
Satıcılar isə alıcı qıtlığından şikayətlənirlər.
Göyçay bazarında satıcı Əli İsmayılov deyir ki, məhsullar günlərlə piştaxtalarda qalır, alan yoxdur:
“Alver çox zəifdir. Məhsul boldur, amma alan yoxdur. Bir neçə gündür ki, meyvələri gətirib piştaxtaya düzmüşük. Alma, mandarin, portağal, yerkökü, banan, kivi və digər çeşiddə məhsullar var. Məndə, demək olar ki, hamısı bir manatadır. Ancaq gəlib baxır, sonra da ötüb keçirlər. Alıcılıq çox zəifdir, insanları da qınamıram, çünki pul yoxdur”.
Digər meyvə satıcısı İlham Vəliyev deyir ki, bu il ərzaq məhsulları çox baha olduğundan meyvəyə də tələbat azdır.
Onun sözlərinə görə, ölkədə meyvə istehsalı da boldur, amma insanar daha çox ərzaq almağa üstünlük verirlər.
O, meyvələrin qiymətinin ötən illə müqayisədə bir qədər ucuz olduğunu deyir:
“Ötən il indiki qiymətlərdən 1-2 manat baha idi. Keçən il almanı mən 1 manat 50 qəpikdən 2 manata qədər satmışam. Portağal da həmçinin bayramqabağı 3-4 manata satırdım. Kivi və banan isə hətta 5-6 manat idi. İndi isə yerli məhsullar 1 manat və 1.50 qəpikdir. Xaricdən gələnlər isə 2.50 qəpik, 3-4 manat civarında olur. Ancaq deyim ki, bayram günlərinin özündə hər məhsulda 20 qəpikdən tutmuş bir manata qədər artım ola bilər”.
Satıcı deyir ki, quru meyvələrin də qiymətində bahalaşma var. Çünki bu məhsullar az istehsal olunur və gətirilmə xərci çoxdur. Ancaq nar, heyva kimi yerli məhsullar ucuz qiymətədir:
“Təmizlənmiş qoz, fındıq 10-15 manatdır. Kişmişləri isə növündən asılı olaraq 6 manatdan 12 manata qədər satırıq. Qaysı 14 manat, şabalıdlar isə 5 manatdan 8 manata qədər satılır. Ötən il də durum eyni idi. Çünki bu məhsullar hər bölgədə istehsal olunmur və gedib Zaqatala, Qəbələ, Balakəndən gətirilir. Nar, heyva isə 30 qəpikdən bir manata qədər satılır”.
“Günə heç 50-100 manatlıq alver etmək olmur”
Göyçay bazarında alıcılar tərəvəzin – kartof və soğanın qiymətlərindəki bahalaşmadan da şikayətçidirlər. Onlar deyirlər ki, bu məhsullarda qiymət dəyişikliyi azı hər gün müşahidə olunur.
Satıcı Ariz Xəlilov isə Meydan Tv-yə deyir ki, Rusiya-Ukrayna müharibəsi yerli bazara ciddi təsir göstərib:
“Kartofun kiloqramı 1.50 qəpik, soğanın 30 kq-lıq torbası 20 manat idi. Hər iki məhsulda nəinki ötən illə, ötən üç ayla müqayisədə 3-4 dəfə artım müşahidə olunur. Günə 5-10 alıcı tapmaq qeyri-müşküldür”.
“Gədəbəy kartofu 1.50 manatdır. Tovuzun kartofu isə bir manatdır, bir qədər irisi 30 qəpik bahadır. Belarus kartofu 1.20 manatdır. Kələm 40-50 qəpik, soğanın isə bir kiloqramı ən aşağısı 80 qəpik, ən bahalısı bir manatdır. Qiymətlər bahalaşıb, düzdür, çünki kartof-soğan Rusiyadan alınırdı. İndi gəlmir, istehsalı da ehtiyacı tam ödəmir, ona görə də bahadır. Həm də soğan Ağdamdan, kartof qərb zonalarından gəlir deyə yol xərci var. O da qiymətə təsir edir. Günə heç 50-100 manatlıq alver etmək olmur”, – deyə o bildirib.
“500 manatın 400 manatı ancaq ərzaqa gedəcək”
Az sayda müşahidə olunan alıcılar da daha çox ərzaq, un, ət və tərəvəz məhsullarında bahalaşmanın olduğunu qeyd edirlər.
Alıcı Şükufə Kərimova deyir ki, aldıqları məvacib qiymətlərin artdığı bir vaxtda ehtiyaclarını ödəmir:
“Bayrama az qalıb deyə qiymətlər kəllə çarxdadır. Xüsusən, qoz-fındıq ləpəsi çox bahadır. Məhsulların içində yenə meyvənin qiyməti münasibdir. Əvvəllər hamısından 2-3 kq alırdım, yarım kilo alsam, sevinərəm. Öz ailəm də böyük, qonaqlarım da gələcək deyə azı 400-500 manat pul lazımdır. Ötən il hamısına 300 manat xərcim çıxmışdı. Bu il 500 manatın 400 manatı ancaq ərzaqa gedəcək. Düyü, yağ, qənd, şəkər tozu, çay, un bunlar dəhşət bahalaşıb. Qiymətlər əl yandırır”.
“Bayramlıq halımız yox”
Ülvi Quluzadə adlı orta yaşlı alıcı da bazarı pərişan tərk edənlərdəndir. O, pensiyasının kəsildiyini əsas gətirərək deyir ki, nə maddi imkanı var, nə də bayrama marağı qalıb.
Əlindəki məhsulları belə nisyə aldığını deyir:
“Pensiyamı kəsiblər, şəkər xəstəsiyəm. Baxın, bu göy dəstələrini tanış idi deyə nisyə aldım. Tək göyü deyil, yağı, qatığı da nisyə aldım. Beş dəstə göy nədir ki, onu da nisyə alıram. Camaat pis vəziyyətdədir. Bayramlıq halımız da yoxdur. Şəhidlərə görə neçə ildir ki, bayram əhvalımız yoxdur. Həm gül kimi balalarımız ölüb, həm də bahalıq, pulsuzluq. Ürək necə açılar ki, bayram da edək?”
“Çoxluq gözünü pensiyaya dikib”
Rayonun “Köhnə bazar”ında isə az sayda satıcı var ki, onlar da daimi müştəriləri itirmək istəmədiyindən burada qərarlaşıblar. Ancaq bahalıq və yoxsulluq onları da çıxılmaz duruma salıb.
Satıcı Əflatun Babayev Meydan TV-yə deyib ki, əvvəl dörd işçisi olub, alver getmədiyinə görə onları da işdən çıxarıb:
“Dünən 75 manatlıq alver etmişəm. Əvvəl alver yaxşı idi deyə 4 işçim vardı. Qazanc olmadı deyə onları da işdə saxlaya bilmədim. Mən də qozu, fındığı, şabalıdı, kişmişi və digər məhsulları başqa yerdən nisyə alıram. Gətirib burada satandan sonra aparıb pulunu verirəm”.
“Güclü maaş yox, gəlir yox. Çoxluq gözünü pensiyaya, sosial müavinətə dikib. Onu da kommunal xərclərə verəndə yerində nə qalır ki, nə də alsın. 63 yaşın içindəyəm, evdə də 7 ailə üzvüm var, onlara baxıram. Mən burada nəsə satmaqla ailəni dolandırıram. Builki qədər zəiflik olmamışdı. Bax, bu gün beş alıcım olub ki, onlar da pensiyaçıdır, nisyə alır, pensiyada verirlər”, – deyə satıcı bildirib.
“Nisyə ilə necə bayram olsun?”
Bazarda ət və ət məhsullarının qiymətinin baha olmasına gəlincə, satıcılar bunu ot və yem məhsullarının bahalığı ilə əlaqəndirirlər:
“Dana ətini 13 manata, qoyun ətini 14 manata satırıq. Ancaq 12-15 kiloluq quzu ətini 16-17 manata satırıq. Çünki körpədir deyə baha satılır. Düzü, ilin əvvəli ilə müqayisədə kiloqramında 1-2 manat fərq var. Yəni indiki halda ucuz satmaq sərf etmir. Onu bəsləmək, kəsib satmaq – hamısı əlavə xərc tələb edir. Əvvəl camaat gəlib 30-40 manatlıq ət alardı. İndi səhərdən oturub alıcı gözləyirik”.
“Gün ərzində təxminən 60-70 kiloqram satışımız olur. Vallah, onun da çoxu nisyə alanlardır. Nisyə ilə necə alver, necə bayram olsun?” – deyə bildirib.