“2019-cu ilin əvvəlində Prezident İlham Əliyevin təşəbbüsü ilə mənimlə əlaqə qurulub…”
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin sosial media hesabları ələ keçirilərək, oradakı şəxsi yazışmalar və səs yazıları yayılıb. Son bir sutka ərzində Bəxtiyar Hacıyevin 13 gündür aclıq etməsi, səhhətində yaranmış problemlərlə yanaşı, yayılan səs yazıları və şəxsi yazışmalar da sosial mediada müzakirə mövzusuna çevrilib. Peşəkar media mütəxəssisləri, hüquqşünaslar şəxsin sosial media hesabının qanunsuz yolla ələ keçirilməsi, ona aid məlumatların yayılmasının kibercinayətkarlıq, şəxsi həyata müdaxilə olduğunu bəyan edib.
Artıq ictimai fəalın özü də dekabrın 26-da axşam saatlarında baş vermiş bu hadisədən məlumatlıdır. O, məktub vasitəsilə baş verənlərə münasibət bildirib.
“Əvvəllər həm mətbuatda, həm də sosial şəbəkələrdə dəfələrlə açıqladığım kimi, 2019-cu ilin əvvəlində Prezident İlham Əliyevin təşəbbüsü ilə mənimlə əlaqə qurulub. Mənə bildirilib ki, İlham Əliyev islahatlara başlayacaq. Bu prosesdə mənim də yeni komandada hər hansı bir qurumda təmsil olunmağımı istədiyi bildirilib. Danışıqların aparılması fövqəladə hallar naziri Kəmaləddin Heydərova həvalə olundu. Onunla dəfələrlə görüşlərimiz olub. Bu müddətdə məndən öncəki ictimai-siyasi problemlər və onların həll yolları barədə təkliflər istəyiblər. Daha sonra prezidentlə kommunikasiyanı DTX rəisi Əli Nağıyevə həvalə ediblər. Hər iki halda da mənim şərtlərim yeni yaranacaq, şəffaf, ictimai faydası olan rəsmi təyinat olub. Danışıqlar prosesində bu istiqamətdə mümkün 5 təklif istənilib. Mən bir neçə sahədə ictimai faydalı, ölkənin gələcəyinə müsbət töhfəsi ola biləcək 4 istiqamətdə təkliflərimi verib, sonuncu hissəni boş buraxmışam ki, prezident, həqiqətən, islahatlara gedəcəksə və məni, həqiqətən də hər hansı bir posta təyin etmək istəyirsə, 5-ci təklifi özü versin”, – Bəxtiyar Hacıyev məktubunda yazır.
Onun sözlərinə görə, bu proses uzandığına və nəticəsiz qaldığına görə öz təşəbbüsüylə danışıqları dayandırdığını bildirib. 2020-ci ilin fevralında parlament seçkilərinə qatılıb. Həmin vaxt Prezident İlham Əliyevin səs verdiyi dairədən namizədliyini irəli sürdüyünü yada salan ictimai fəal deyir ki, məhz həmin dairədə də saxtakarlığa gediləcəyi halda, onun üçün islahat mərhələsinin arxada qalacağını, bunun növbəti imitasiya olacağını açıq şəkildə dilə gətirib.
Bəxtiyar Hacıyev onu da vurğulayıb ki, ələ keçirilmiş sosial media hesabından yayılan paylaşımlarda real hissələr olduğu kimi, onu nüfuzdan salmaq, ayrı-ayrı şəxslərlə konfliktlər yaratmaq məqsədilə xeyli saxta əlavələr də edilib.
“Bunu edən hüquq-mühafizə orqanı eyni sadə üsulla 2021-ci il ərzində mənim adımdan iki fərqli belə saxta yazışma yayıb. Sonradan həmin yazışmaların saxta olması sübut olunub. Mənə yazışmaların steneoqramı təqdim etdilərsə, əlavə açıqlama yayacağam.
Hazırda hüquq-mühafizə orqanının kibercinayət yolu ilə mənim adımdan saxta ifadələrin əlavə edildiyi yazışma yayması, ittiham edilərək həbs olunduğum, görüş və telefon qadağasının tətbiq edildiyi cinayət işinə heç bir haqq qazandırmır. Görünən odur ki, həbsimin sifarişçisi və icraçıları təkcə məni azadlıqdan məhrum etməklə, görüş və telefon qadağası qoyaraq, cəmiyyətdən təcrid etməklə, müdafiəsiz qoymaqla kifayətlənmir. Eyni zamanda, dəfələrlə cəmiyyətə məlumat verdiyim məsələlərə saxta əlavələr etməklə, məni həm nüfuzdan salmaq, həm də ayrı-ayrı ictimai-siyasi şəxslərlə üzə-üzə qoymağa, konflikt yaratmağa çalışırlar”, – Bəxtiyar Hacıyevin sözləridir.