O, Vardanyanın Rusiyaya aidiyyəti olmadığını deyib
“Ermənistanlı həmkarlarımız Moskvaya gəlməkdən imtina ediblər. Çox təəssüf ki, belə bir fürsət əldən verildi”.
Bunu dekabrın 23-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşü zamanı səsləndirib.
Sergey Lavrov Ermənistanın bu günə planlaşdırılan Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək imkanını qaçırdığını qeyd edib.
“Dekabrın 5-də bir arada görüşmüşdük. Bu günə razılaşdırmışdıq ki, bizim ərazimizdə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin sülh müqaviləsi ilə bağlı müzakirələrini davam etdirmək üçün üçtərəfli görüş keçirək. Biz bu tədbirə hazırlaşmışdıq. Lakin son anda erməni həmkarlarımız Moskvaya gəlməkdən imtina etdilər. Təəssüf ki, bu cür imkan qaçırıldı”.
Lavrovun sözlərinə görə, üçtərəfli razılaşmaların həyata keçirilməsi ilə bağlı iş gedir:
“Amma bu işi sürətləndirmək istəyərdik. Yerdə problemlər yaranıb. Əminəm ki, müntəzəm görüşmək, razılaşmaq, etimadı möhkəmləndirmək və bütün problemlərin nizamlanması üçün zəmin yaratmaq lazımdır”.
Azərbaycanlı nazir Ceyhun Bayramov isə həmkarının söylədiklərinə: “Biz hər zaman ikitərəfli görüş keçirmək fürsətindən istifadə edirik”, – deyə reaksiya verib.
Görüşdən sonra keçirilən mətbuat konfransında Sergey Lavrov bildirib ki, Azərbaycanın Ermənistanla sülh müqaviləsi ilə bağlı təklifləri hüquqi sənəd üçün zəmin yaradacaq.
Lavrov deyib ki, tərəflərin mövqelərinin yaxınlaşması üçün hər şey edilməlidir:
“Azərbaycanın sülh müqaviləsi ilə bağlı təklifləri hüquqi sənəd üçün zəmin yaradacaq”.
Onun sözlərinə görə, Rusiya sülhməramlıları Qarabağdakı filiz yataqları ilə bağlı yaranmış vəziyyətin nizamlanması və fikir ayrılıqlarının aradan qaldırılması üçün mütəmadi olaraq çalışır.
Sergey Lavrov Dağlıq Qarabağ ətrafında vəziyyəti tənzimləyən rus sülhməramlılarına qarşı iradları əsassız adlandırıb.
Nazir mövcud vəziyyəti çoxtərəfli adlandırıb:
“Burada iştirak edən bütün tərəflərin – azərbaycanlı, təbii ki, erməni, Qarabağın ictimai rəyini nəzərə almaq lazımdır. Rusiya tərəfinin ictimai rəyi də vacibdir”.
S.Lavrov Ruben Vardanyanın Rusiyaya heç bir aidiyyəti olmadığını da söyləyib:
“Vardanyanın xahişi ilə Rusiya Prezidenti onu vətəndaşlıqdan çıxarıb. Onun Qarabağa getməsinin Rusiya ilə heç bir əlaqəsi yoxdur”.
Ceyhun Bayramov isə vurğulayıb ki, Ermənistan Moskvada planlaşdırılan görüşdən az əvvəl Bakıya yeni təkliflər paketi təqdim edib:
“Amma biz Ermənistana bir ay bundan öncə təkliflər göndərmişdik. Ermənistan tərəfi təklifləri təqdim etdikdən sonra bəyan etdi ki, guya Azərbaycan görüşdən imtina edir və bununla da dezinformasiya yayaraq yanlış ictimai fikir yaratmağa çalışdı”.
Xarici işlər nazirinin sözlərinə görə, ən son məqamda danışıqların üçüncü mərhələsinin baş tutmayacağından xəbər tutub:
“Danışıqların ilk mərhələsi oktyabr ayında Cenevrədə, ikinci raund isə noyabrda Vaşinqtonda baş tutub və üçüncü raundun Moskvada keçiriməsi planlaşdırılırdı”.
Ceyhun Bayramov bildirib ki, Ermənistan Azərbaycanın faydalı qazıntı yataqlarını qanunsuz şəkildə istismar edib:
“Bunu təsdiq edən xarici və yerli mütəxəssis rəyləri mövcuddur. Bu rəylər sübut edir ki, Azərbaycanın ekologiyasına külli miqdarda ziyan vurulub. Belə olan halda Azərbaycan ictimaiyyəti öz narazılığını bildirməli idi. Azərbaycan hər zaman səbirli mövqe nümayiş etdirib. Bu məsələ ilə də bağlı keçən ilin noyabrında müraciət edilib və son iki ay ərzində bu müraciətlər daha da intensivləşdirilib, çünki son 2 ayda özünü erməni icmasının rəhbərləri kimi təqdim etməyə çalışanlar meydana çıxıb. Həmin şəxslərin Qarabağa heç bir aidiyyəti olmasa da, onlar özlərini rəhbər sayır və bu şəxslərin gəlişindən sonra ölkəmizin sərvətlərinin talanması daha da sürətlənib. Bu səbəbdən də son aylar ərzində Azərbaycan tərəfi ilə Rusiya sülhməramlı qüvvələri arasında danışıqlar aparılıb, razılığa gəlinib. Bundan sonra ərazinin monitorinqi üçün gedən azərbaycanlı mütəxəssislər ermənilər tərəfindən əraziyə buraxılmayıb. Aktivistlər və ictimaiyyət məsələnin dinc yolla həllinə ümidini itirərək aksiya keçirmək qərarı qəbul etdi”.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri 2022-ci ilin oktyabrın 2-də sülh prosesi ilə bağlı ilk dəfə Cenevrədə görüşüblər.
Noyabrın 7-də isə Vaşinqtonda nazirlərin ikinci görüşü olub.
Moskva görüşü üçüncü görüş kimi planlaşdırılırdı. Amma Ararat Mirzoyan bu görüşə qatılmayıb.