Hüquqşünas dəyişiklikləri Konstitusiyaya zidd saymır
Naxçıvan Ali Məclisi sədrinin bir neçə səlahiyyəti ləğv edilib.
Bu barədə Prezident İlham Əliyevin dekabrın 22-də imzaladığı fərmanda göstərilib.
Sənədə əsasən, prezidentin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə dəyişiklik edilib.
Fərmanın 1.3-cü bənddən “, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını“, həmçinin 2.4-cü və 2.7-ci bəndlərdən “Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə” və 3.1.2-ci yarımbəndindən “Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırıqlarını” sözləri çıxarılıb.
Əsasnamənin əvvəlki variantında qeyd olunmuşdu ki, yerli icra hakimiyyətinin başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə Azərbaycan Prezidenti qarşısında şəxsən məsuliyyət daşıyır.
O, ölkə başçısının tapşırıqlarını, Naxçıvan Muxtar Respublikasında isə həm də Ali Məclisi sədrinin tapşırıqlarını yerinə yetirir.
Dəyişiklikdən sonra isə yerli icra hakimiyyətinin başçısı ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə yalnız Prezident qarşısında şəxsən məsuliyyət daşıyır.
Digər dəyişikliklə isə sənədin 3.1.22-ci yarımbəndinin ikinci cümləsi çıxarılıb.
Fərmanın müvafiq bəndinin ikinci cümləsi isə belə idi: “Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətləri haqqında ildə bir dəfədən az olmayaraq Prezidentə və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müəyyən etdiyi müddətlərdə ona hesabat verirlər”.
Dekabrın 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib.
Bununla bağlı imzalanan fərmanda mərkəzi və yerli icra hakimiyyəti orqanları, digər dövlət qurumları Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirməsi qeyd olunub.
İlham Əliyev bu gün Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilməsi haqda sərəncam imzalayıb.
Bəs bu fərman və sərəncamlar Azərbaycan Konstitusiyasına uyğundurmu?
Hüquqşünas Fuad Ağayev deyir ki, dövlət başçısının bu gün imzaladığı fərman və sərəncamlar Naxçıvanın statusu haqda qanunvericiliklə ziddiyyət təşkil etmir.
Bunu Fuad Ağayev Meydan TV-nin sorğusuna cavab verərkən deyib.
Hüquqşünasın sözlərinə görə, 22 dekabrda imzalanan sənədlər Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının Konstitusiyalarına zidd deyil.
“O yerdə ki Ali Məclisinin səlahiyyətlərinə aid məsələlər var, onlara toxunulmayıb, hələ ki qalır. Amma bugünkü fərmanlardan müəyyən tendensiyaları izləmək olar”, – deyə hüquqşünas bildirib.
İndiyədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov idarə edirdi və o, 27 il idi ki, bu vəzifdə çalışırdı. Ancaq o, dekabrın 21-də öz vəzifəsindən istefa verib.
Naxçıvanda həbslər və struktur dəyişiklikləri…
Dekabrın 13-də Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib.
Hicran Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “xüsusi külli miqdarda” vəsaiti, muxtar respublikada tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə 212 milyon 361 min manatı mənimsəmədə ittiham olunurdu.
Ona qədər isə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) şöbə rəisi Mənsur Əsgərov (132 milyon mənimsəmə) və Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Rafael Əliyev (144 milyon mənimsəmə) barəsində eyni ittihamlar elan olunaraq həbs ediliblər.
Noyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib.
Prezident İlham Əliyev müvafiq fərmanı ilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb.
Buna qədər isə – noyabrın 1-də Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilərək yerində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yaradılmışdı.