Fuad Nəcəflini də keçmiş iş yerində “Xan” adlandırıblar
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib.
Bu barədə dövlət başçısı İlham Əliyev dekabrın 22-də fərman imzalayıb.
Fərmana görə, “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi haqqında Əsasnamə” təsdiq edilir:
“Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinə Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa ölkə başçısına tabe olan səlahiyyətli nümayəndə rəhbərlik edir. Səlahiyyətli nümayəndə Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycanın Prezidentini təmsil edən vəzifəli şəxsdir və dövlət başçısının müəyyən etdiyi səlahiyyətləri həyata keçirir”.
Fərmanda həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanları, digər dövlət qurumları Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyətlərini səlahiyyətli nümayəndə ilə əlaqələndirilmiş qaydada həyata keçirməsi qeyd olunub.
İlham Əliyev bu gün Fuad Nəcəflinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilməsi haqda sərəncam imzalayıb. Fuad Nəcəfli “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) Müşahidə Şurasının üzvü olub, həmçinin “Pasha Holding”də də çalışıb. 47 yaşlı Fuad Nəcəfli əslən Naxçıvan MR-in Şahbuz rayonunun Kolanı kəndindəndir.
Yerli mətbuatda onunla bağlı tənqidi məqalələr dərc olunub. Məsələn, məqalələrin birində yazılır:
“STP-də yeni məhsul istehsalı, inkişafla bağlı olan sözlərin hamısı nağıldır. Həqiqətdə bu müəssisə dağılır. STP-ni burada xanlıq edən Fuad Nəcəfli dağıdır. Buradakı vəziyyətə adamın ürəyi ağrıyır. Bu zavodda Etibar Pirverdiyevin vaxtında heç zaman belə özbaşınalıq olmayıb. Fuad Nəcəfli STP-yə gələn kimi özbaşınalığa, dərəbəyliyə şərait yaratdı. Onun qanunsuz əməllərinə keçmiş baş direktor Emin Məmmədov razılaşmadı deyə, onu işdən çıxartdırdı. STP-nin indiki direktoru Ruslan Ağabəyli formalnı direktordu. Onun burada heç bir sözü keçmir. Ruslan Ağabəyli hələ indiyədək qəbuluna gələn heç bir işçinin prblemini həll edə bilməyib. Ancaq Fuad Nəcəfli hansısa işçinin probleminin həllinə söz verirsə, anında da həll edilir. Buna görə də işçilər arasında Fuad Nəcəfliyə hamı “xan” ləqəbi qoyub”.
İndiyədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ölkədə “Xan”, “Naxçıvan xanı” adlandırılırdı. O, dekabrın 21-də öz vəzifəsindən istefa verib.
Dekabrın 13-də Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs edilib.
Hicran Rüstəmov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “xüsusi külli miqdarda” vəsaiti, muxtar respublikada tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə 212 milyon 361 min manatı mənimsəmədə ittiham olunurdu.
Ona qədər isə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) şöbə rəisi Mənsur Əsgərov (132 milyon mənimsəmə) və Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Rafael Əliyev (144 milyon mənimsəmə) barəsində eyni ittihamlar elan olunaraq həbs ediliblər.