Azərbaycan Ermənistandan Avropa Məhkəməsinə müraciət edib

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

XİN sübutların AİHM-ə təqdim olunduğunu deyir

Azərbaycan Ermənistana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib.

Səbəb kimi işğaldan azad edilən ərazilərdə azərbaycanlıların insan hüquqlarının kobud şəkildə pozulması göstərilib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan 2022-ci ilin may-avqust aylarında Ermənistanın Laçın şəhərini və iki qonşu kəndi tərk etməsi zamanı əmlakın, o cümlədən yüzlərlə mülki evin və digər yaşayış sahələrinin qəsdən və məqsədyönlü şəkildə dağıdılmasına dair bir sıra sübutlar təqdim edib:

“Həmin ərazilərdə effektiv nəzarəti həyata keçirməsinə baxmayaraq, Ermənistan höküməti genişmiqyaslı dağıntıların qarşısını almaq üçün heç bir addım atmayıb. Azərbaycan höküməti həmçinin Ermənistan rəsmilərinin “yandırılmış torpaq” siyasətində fəal iştirak etdiyinə dair sübutların da şahidi olub”.

“Ermənistan hökuməti Laçın yolunda sistematik insan hüquqları pozuntuları törədib. Yeni dəlillər göstərir ki, Ermənistan silahlı qüvvələri 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən tərk etməli olduqları ərazilərdə minalar, habelə mülki evlərdə mina tələləri yerləşdirməyə davam edir. Bura Ermənistanda 2021-ci ildə istehsal olunan və Laçın yolu vasitəsilə Azərbaycana gətirilən minalar daxildir”, – deyə XİN qeyd edib.

Foto: XİN

Nazirlik vurğulayıb ki, Ermənistan hökumətinin hərəkətləri azərbaycanlıların şəxsi və ailə həyatı, hərəkət azadlığı, mülk və əmlakdan dinc istifadə hüququnun pozulmasına səbəb olub.

Bildirilir ki, AİHM-in 2020-ci ildə Azərbaycanın müraciəti əsasında qəbul etdiyi və Ermənistanın mülki əraziləri hədəf almasına mane olan müvəqqəti tədbirlərlə bağlı qərarı da pozulub.

Qeyd edilir ki, Ermənistan hökuməti bu qərarla bağlı hərəkətsizlik nümayiş etdirib, eyni zamanda, ayrı-seçkilik siyasətinə davam edib.

İnsan hüquqlarının kobud şəkildə pozulması nəticəsində dəymiş ziyana görə Ermənistandan kompensasiya, reparasiya, restitusiya, digər xərclərin qarşılanması tələb olunur.

Ermənistanın rəsmi orqanları bu barədə hər hansı məlumat yaymayıb.

Tarixçə

Laçın rayonu 1992-ci ilin mayın 18-də işğal edilmişdi.

2022-ci ilin 26 avqustunda Laçın rayonu Azərbaycanın nəzarətinə keçib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonunu işğal edib.

Ana səhifəSiyasətAzərbaycan Ermənistandan Avropa Məhkəməsinə müraciət edib